Regionlardakı aeroportlar niyə tam gücü ilə istifadə olunmur? Bilet qiymətləri ucuzlaşacaq?!
Azərbaycanın regionlarında hava limanlarının mövcud olması bəzi hallarda unudulur.
Naxçıvan hava limanını çıxmaq şərtilə Azərbaycanda sərnişin daşınmasının təxminən 90 faizi Bakı beynəlxalq hava limanının payına düşür.
Halbuki, qonşu Gürcüstanda regional hava limanlarının da səmərəli fəaliyyəti ölkədə turizmin inkişafına xüsusi töhvə verir.
Azərbaycanda da bir neçə saata regionlardan birində olaraq, həftəsonu istirahət edərək, qayıtmağı arzulayanlar çoxdur. Vətəndaşlarımızı bu imkandan məhrum edən səbəblər nədir
İqtisadçı Razi Abbasbəyli Bizim.Media-ya açıqlamasında bildirdi ki, hava limanları ölkənin siyasi, hərbi, beynəlxalq statusuna xidmət edən amillərdən biridir:
“Hazırda Lənkəran, Gəncə, Qəbələ hava limanları Azərbaycan iqtisadiyyatına xeyir gətirməyə bilər, onlar dotasiya vasitəsilə saxlanıla bilər, amma bu aeroportların mövcudluğu ölkənin dünya miqyasında siyasi və iqtisadi nüfuzuna xidmət edir”.
İqtisadçının sözlərinə görə, hava limanlarının fəaliyyətinin səmərəliliyinə görə, Azərbaycan beynəlxalq hesabatlarda 189 ölkə arasında müxtəlif illərdə 160-150-ci yerləri tutub:
“Qiymətlər kifayyət qədər yüksəkdir, həm ölkədaxili, həm də Azərbaycan üzərindən üçüncü ölkəyə sərnişindaşımaları baxımından çox geri qalırıq. Kutaisi hava limanının Qəbələ hava limanından bir neçə dəfə kiçik olmasına baxmayaraq, onun gəlirləri az qala Bakı Beynəlxalq Hava Limanının gəlirlərinə bərabərdir. Bu əlbəttə ki, AZAL-ın qiymət siyasətinin nəticəsidir”.
Razi Abbasbəyli dedi ki, hava nəqliyyatı sahəsində bir sıra islahatlar aparılmasına ciddi ehtiyac var:
“Qiymətlər ucuzlaşmalı, sərbəst rəqabət imkanları yaradılmalı, beynəlxalq uçuşları həyata keçirilən şirkətlər ölkəyə dəvət olunmalıdır. Beynəlxalq uçuşlar, sərnişindaşımalar, yükdaşımalara bağlı normativ hüquqi aktlara yenidən baxılmasına ehtiyac var”.
AZAL-la bağlı İnvestisiya Holdinqə şikayət – Ölkəyə Aşağıbüdcəli aviaşirkətlər gətiriləcək
Dövlət Turizm Agentliyi aviabiletlərin qiymətləri ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edib.
Bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat verib.
“Azərbaycana turistlərin gəlməsi viza rejimi ilə yanaşı aviabiletlərin qiymətlərindən asılıdır. Biz də bunu nəzərə alaraq AİH-lə işləyirik, onlara təkliflərimizi vermişik. Hesab edirəm ki, qiymətlərin aşağı olması üçün rəqabət olmalıdır. Məsələn, hazırda AZAL İsrailin paytaxtı Təl-Əvivə uçuşlara başlayıb. Əgər ordan da hansısa aviaşirkət Bakıya reys açsa, artıq rəqabət formalaşacaq. Yaxın vaxtlarda bu məsələlərin həllini tapacağına ümid edirik.
Aşağıbüdcəli aviaşirkətlərin ölkəyə gəlməsi müzakirə edilir. Amma onlar da elə-belə uçmur. Aviaşirkət təyyarə qaldırırsa, ilin sonuna hansısa formada subsidiya almalıdır. Yəni 50-100 dollara uçuş varsa, biz onun üçün subsidiya ödənilməsini də fikirləşməliyik”, – deyə o, qeyd edib.
“Hotellərin qiymətlərinə gəlincə, biz müqayisələr aparmışıq və Azərbaycanda qiymətlər o qədər də yüksək deyil, normaldır”, – deyə F.Nağıyev əlavə edib.

