“Qiyamət”dən qaçmaq arzusu: milyarderlərə pulları kömək edəcəkmi…

Xəbər verdiyimiz kimi, alimlər dünya qlobal tənəzzülə uğradığı zaman sığınacaq kimi ən güvənli ölkələrin siyahısını açıqlayıb. Buraya Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliya daxildir. Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv olması, COVID-19-dan daha pis bir pandemiya və ya bunların birləşməsi qlobal tənəzzüllə nəticələnə bilər.  Bu ölkələr seçilərkən əhalisi üçün qida yetişdirməsi, sərhədlərini istənməyən kütləvi köçdən qoruması, həmçinin ölkələrin geotermal və hidroelektrik enerjiyə, böyük əkinçilik ərazisinə malik olması da nəzərə alınıb.

Siyahıda adı olan 5 ölkə doğrudanmı qlobal tənəzzül dövründə ayaqda durmaq gücünə sahibdir?

Ölkə.az mövzu ilə bağlı araşdırmaçı yazar, fizik Yalçın İslamzadə ilə müsahibəni təqdim edir:

– Qlobal tənəzzül olarsa, məhz adı sadalanan 5 ölkənin ayaqda qalacağı ilə bağlı səsləndirilən fikirlər nə dərəcədə realdır?

– Əvvəla, nə qədər uzaq da olsalar da, dünyanın yerdə qalanı məhv olarkən bir adada risksiz yaşamaq mümkün deyil. Çünki digər ölkələrdən olan insanlar o ölkələrin də qapısının döyməyi bir yolunu tapacaqlar. İbtidai insanlar primitiv qayıqlarda minlərlə kilometr qət edə biliblər.
İkincisi, qlobal istiləşmə və buzlaqların əriməsi, qlobal miqyasda fəlakət yaradacaq. Ekologiyanın sərhədi yoxdur.

Belə bir hesabatın “Qlobal Dayanıqlılıq İnstitutu” tərəfindən nəşr olunması əslində ironikdir. Qlobal dayanıqlılıq imkanlarını araşdıran bir institutun lokal “xilas məntəqələri” müəyyənləşdirməsi əssasızdır. Çünkü iqlim dəyişiklikləri qlobal miqyasda öz təsirini göstərir və sadəcə hesabatda nəzərə alınan faktorlar-lokal olaraq özünü qida ilə təmin edə bilmək və ya qlobal köç marşrutlarından kənarda yerləşmək kafi deyil.

 – Bildiyiniz kimi, son illərdə xüsusilə əhəmiyyət qazanan mövzulardan biri də qlobal istiləşmədir. Qlobal tənəzzülü tezləşdirən qlobal istiləşməyə qarşı dünya ölkələrinin münasibətini necə qiymətləndirirsiniz?

– Qlobal istiləşməyə sənayeləşmiş ölkələrin qərarverici şəxslərinin münasibəti COVID-19 pandemiyasına göstərilən reaksiya ilə oxşardır. 2006-cı ildə Çinin eyni bölgəsində eyni epidemiya çox böyümədən kontrol altına alınanda elmi jurnalların birində növbəti epidemiyanın pandemiyaya çevrilə biləcəyi ehtimalından yazılmışdı. Bugünkü şərtlərə çox oxşar şərtlər təsvir edilmişdi. Ancaq görüldü ki, bir problem ən son mərhələsinə keçmədikcə dünya ölkələri tədbir görməkdə istəksizdirlər. 

– İqlim dəyişikliklərini sürətləndirən əsas amillər nələrdir? Son illərdə iqlim dəyişikliyi hansı formada inkişaf edib?

– Yerin iqlim qanunauyğunluqlarının sikllər halında və təbii səbəblərlə – vulkan püskürmələri kimi – dəyişməsi həmişə baş verib. Lakin sənaye inqilabından sonra sürətlə artan enerji istehlakı iqlim dəyişikliklərinə insan faktorunu da əlavə edib.

NASA-nın məlumatları göstərir ki, 2000-ci ilə qədər keçən yüz ildə dəniz səviyyəsi cəmi 1.7 mm artdığı halda, son 15 ildə bu artış 50 mm-dir.

Bu yaxınlarda anormal isti hava dalğaları Kanadada yüzlərlə insanın və hələ davam edən araşdırmalara görə yüz minlərlə canlının ölməsi ilə nəticələnib. Quraqlıq, isti hava dalğaları, leysan yağışlarının intensivliyi son 50 ildə ciddi artış göstərib.

Sənaye inqilabından sonrakı 150 ildə atmosferdəki karbon dioksid qazının miqdarı 40%, metan qazının miqdarı 150% artıb.

– İnsanların sayı hər ötən əsrdə get-gedə artır. Bu artımın iqlim dəyişikliyində rolu nədən ibarətdir?

– Dünya əhalisinin dayanmadan artması məhdud Yer resurslarının sürətlə tükənməsi deməkdir. Bu gün dünya əhalisi 8 milyarda çatır və artan qida və yaşayış məskənləri ehtiyaclarını qarşılamaq üçün meşə massivləri sürətlə məhv edilir.

Hazırda quraqlıq və insan məsuliyyətsizliyinin, həm də lokal miqyasda belə böyük fəlakətlərə müdaxilə etməkdəki bacarıqsızlığın böyük meşə massivlərini necə məhv etməsinə şahid oluruq.

Məhv etmək çox qısa müddətdə reallaşdırılır, qurmaq isə – bunun üçün iradə və resurs olsa belə- uzun illər alır. İnsan fəaliyyətinin səbəb olduğu dəyişikliklər o qədər böyük və sürətlidir ki, təbiət bu ziyanı bərpa etmək gücünü itirir.

NASA yaşadığımız əsrin sonunda dünyanın orta tempraturunun 2 ilə 6 dərəcə arasında artacağını hesablayıb.

– Qlobal istiləşmənin qarşısının alınması üçün dünya ictimaiyyətinin gecikdiyini deyə bilərikmi? 

– Uzun müddət qlobal istiləşmənin siyasilər və ictimai çəkisi olan insanlar tərəfindən inkar edildiyini, dövlətlərin öz lokal problemlərini qısa müddət üçün həll etmək adına qlobal və uzun müddətli problemləri nəzərə almadıqlarını gördük. Artıq geri dönüşü olmayan nöqtəyə çatmışıq. Belə olan halda lokal xilas mümkündür? Məncə deyil.

– Son dövrlər buzlaqların əriməsi ilə bağlı həyəcan təbili çalınır. Bu prosesin planetimizə təsiri nədən ibarət olacaq?

– Daha çox buzun əriməsi və atmosferdə su buxarının artması da şitillik effekti yaradacaq. Şitillik qazlarına əlavə olaraq atmosferdəki su buxarının da istixana effekti var.
İsinmiş dənizlərdə suda həll olmuş oksigen qazının miqdarı artacaq ki, bu da dənizin ekosistemini və uzun müddətdə formalaşmış tarazılığı, qida zəncirini məhv edəcək.

Quraqlığın, rutubətli havanın, isinmiş dəniz sularının olduğu mühitdə ayrıca “cənnət adası” yaratmaq qeyri-mümkündür. Bu, sadəcə az sayda insanlar üçün həmişəki kimi müvəqqəti həll olacaq.

– Ümumilikdə bu hesabatı və dünya ictimaiyyətinin qlobal problemlərə münasibətini necə qiymətləndirirsiniz?

– Bu hesabatı məsuliyyətsizlik hesab edirəm. Dünya əhalisinin şou və idman ulduzlarına xərclədikləri vəsaiti daha prioritet məsələ olan, hazırda şahidi olduğumuz və gələcəkdə şiddətlənəcək problemlərin həllinə sərf etmələrini arzu edirəm.

Problem ondadır ki, iqlimin sərhədi yoxdur, problemlər qlobal miqyaslıdır və ölkə maraqlarını müdafiə edən hökumətlər olduğu halda dünya adından çıxış edən, dünya maraqlarını müdafiə edən bir qurum yoxdur.

İnsanlar özlərini qısa müddətliyinə fəlakətlərdən sığortalasalar belə uzun vədədə gənclərə hansı dünyanı miras qoyacaqlarını ciddi şəkildə düşünməlidirlər.

– Suallarımızı cavablandırdığınız üçün təşəkkürlər…

Billurə Yunus

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir