“Onlar özləri də əlil və şikəst olacaqlar”: VCA və YYSİB sədri, analitik-ekspert Aydın Xan Əbilov

“Azərbaycan dilində fiziki məhdudiyyəti olan insanlarla bağlı bir neçə anlayış var ki, onların işlənmə yerindən asılı olaraq insanların aşağılanması utanc gətirə bilir. Tutalım, bir insan şikəst, əlil, kor, kar və xəstədir və yaxud qüsurludur demək, əslində, heç də düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, əlbəttə dinimizin əsl fəlsəfəsinə enəndə “şikəst” və “əlil” sözü daha düzgün ifadədir, nəinki qüsurlu, fiziki və yaxud da əqli cəhətdən qüsurlu ifadəsi: “Bu baxımdan mən çox arzu edərdim ki, istər jurnalistlərimiz, istər cəmiyyət onlara oxşamayan, hər hansı bir çatışmazlığı olan, xəstə və yaxud fiziki, əqli məhdudiyyəti olan insanlara müraciət edərkən, onlar haqqında danışarkən onları təhqir etməsinlər, aşağılamasınlar. Bəli, əvvəllər əlillər haqqında müxtəlif bu cür inanclar var idi. Yəni, insanlar guya özləri xəstə, əlil olmaması üçün qulaqlarını çəkirdilər və belə bir inanc var idi ki, bununla da guya əlillik, xəstəlik onlardan uzaqlaşacaq. Amma insanlar dərk etməlidirlər ki, əgər hər gün fiziki hərəkətlə məşğul olmurlarsa, ən azı 1 kilometr hərəkət etmirlərsə, bütün günü indiki gənclər kimi divanda uzanıb mobil telefon əllərində internetdə o yana bu yana gedib monitor qəhrəmanlığı edirlərsə, yeməklərinə, o cümlədən gigiyenik təmizliyə riayət etmirlərsə, əlbəttə, özləri də əlil, özləri də şikəst olacaqlar. Çünki hərəkətsizlik xəstəlik deməkdir. Fiziki və mənəvi cəhətdən təmiz olmayan insan əvvəl-axır əlil olacaq, cəmiyyət üçün yükə çevriləcəklər”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Biri var uşaqlıqdan belə doğulasan, bir də var sonradan qazanılmış hərəkətlərinə, özünə diqqət yetirmədiyinə görə və yaxud istehsalatda, kənd təsərrüfatında işləyən zaman aldığın xəsarətdən əlil olasan və belə bir vaxtda sözsüz ki, belə bir formada əlil olan insanlar haqqında biz nə qədər inanclarımıza uyğun olaraq qulaqlarımızı çəksək də, nə onları sağalda bilərik, nə də onların gününə düşə bilərik”.

“Son vaxtlar tamam sağlam olan insanların artıq əqli və fiziki cəhətdən əlil və şikəst olması ilə biz tez-tez rastlaşırıq. Statistik məlumatlara diqqət ayıranda görürük ki, Azərbaycanda vətəndaşların böyük əksəriyyəti, hətta bunlar uşaqlar və gənclərdir. Bu və digər dərəcədə sağlamlıqlarında böyük problemlər var və o problemlər ona gətirib çıxarır ki, belə demək mümkünsə, əhalinin 30 faizə qədəri elə ya şikəst, ya da əqli cəhətdən problemli insanlara çevrilirlər. Hələ psixoloji cəhətdən əlil olan insanları demirəm, hələ o barədə danışmıram ki, bizim müharibə nəticəsində sağlamlığına böyük ziyanlar dəymiş xeyli veteran və qazilərimiz var”.

“Bu gün əlil arabasında olan bir uşağı görən şəxs qulağını çəkirsə, sabah qazini də görəndə, yaralı, bir ayağı olmayan qəhrəmanımızı da görəndə qulaqlarını çəkəcək. Deməli, bu insan özü əqli cəhətdən qüsurlu insandır. Həmin hərəkəti edən insan qüsurlu insandır. Bu baxımdan da, biraz sivil olmağı arzulayardıq. Fikir verin, btün dünyada əlillərə, fiziki və digər məhdudiyyətli insanlarla münasibətə baxın. Get-gedə cəmiyyət humanistləşir və dünyanın ən tanınmış adamlarının içində artıq hansısa bu və ya digər dərəcədə məhdudiyyəti olan insanların sayının artdığını görürük. Biz əlillərə qarşı bu cür nifrətedici, kəskin hərəkətlər yox, onlara maksimum şərait yaratmalıyıq ki, öz bilgiləri, bacarıqları ilə Azərbaycanın, cəmiyyətin inkişafına xidmət etmiş olsunlar”.

Ayşən Vəli,https://sia.az/az/news/social/888001.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir