“Taliban” liderləri Bakıya gəlir? – ŞOK DETALLAR

“Taliban” silahlı hərəkatı illər sonra yenidən Əfqanıstanda təkhakimiyyətliliyə yiyələndi. Bir çox dövlətlərin terrorçu birləşmə kimi qəbul etdiyi bu hərəkat indi siyasi bir güc kimi dünyanın qarşısına çıxmaqdadır. Əfqan xalqı üçün möcüzə baş verməyib. 1996-2001-ci illərdə Əfqanıstanı “Əfqanıstan İslam Əmirliyi’” və 2004-cü ildən Pakistanın şimalındakı Vəziristan bölgəsində “Vəziristan İslam Dövləti’” adı altında idarə ediblər. Yəni taliblərin hakimiyyətə gəlişi ilk dəfə baş vermir.

Görünən budur ki, ABŞ taliblərin Əfqanıstanda idarəçiliyi ələ almasına öncədən razılıq verib. Amma baş verənlər Bayden administrasiyasının böyük uğursuzluğu kimi qiymətləndirilir. Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin üzvü, respublikaçı Mayk Rocers bildirib ki, baş verənlər Baydenin tarixi iflasıdır. Onun sözlərinə görə, administrasiyanı son bir neçə ayda hadisələrin necə inkişaf edəcəyi haqda xəbərdar etmişdilər. Lakin Bayden və onun vitse-prezidenti Kamala Harris ekspertlərin məsləhətlərinə qulaq asmadı.

Bununla belə, sülhməramlı qüvvələr, Türkiyənin tərkibində Azərbaycan hərbçiləri də olmaqla, Kabil hava limanı mühafizə olunur. “Taliban” isə Türkiyə ilə düşmən olmadığını, müzakirə aparmağa hazır olduqlarını bəyan edib. Bizi isə maraqlandıran budur ki, Azərbaycan “Taliban”la münasibətləri necə tənzimləyəcək?

Bir yandan demək lazımdır ki, bu silahlı hərəkat Pakistanla əlaqəlidir, ona görə rəsmi Bakı üçün bir o qədər çətin olmayacaq. Çünki Pakistan-Azərbaycan dostluğu dünyaya agahdır. Lakin yenə də radikal bir silahlı birləşmənin dövləti idarə etməsi və onunla əməkdaşlıq edilməsi qəribə görünür. Bəzi şərhçilərin fikrincə, Azərbaycan Əfqanıstanda yenidən iqtidar olmuş “Taliban”a görə bu ölkə ilə siyasi-diplomatik əlaqələri dondura bilər. Amma bu da sirr deyil ki, Orta Asiyanı, Türkiyəni, İranı, Azərbaycanı ağır sınaq gözləyir. Çünki bölgədə humanitar fəlakət yaşana bilər.

Kanal.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanla Əfqanıstan arasında diplomatik əlaqələri indidən təsəvvür etmək çox çətindir. Onun fikrincə, bura qədər Əfqanıstan bizim strateji tərəfdaşlığımız olan ölkədir.

“Azərbaycan sülhməramlıları NATO çərçivəsində bu ölkədə missiyasını yerinə yetirir, əfqan məmurlar bizdə kurs keçirlər, bir nəqliyyat layihəsində də iştirak edirik və ən mühüm detal – Əfqanıstan Qarabağ müharibəsində ölkəmizə dəstək verib. Prezident Əşrəf Qəni bir neçə dəfə Bakıya səfərlər edib. Ona görə ”Taliban”dan sonra necə olacağı  sualına cavab vermək çətindir. Sadəcə, 20 il qabaqkı “Taliban” deyil, o radikallıq qalmayıb, dövlətlərlə münasibətlər qurmağa çalışacaqlar. Çox yaxşı olardı ki, “Taliban” Əfqanıstanın buraqədərki xarici siyasət kursunu davam etdirsin”, – deyə E.Şahinoğlu vurğuladı.

Politoloq hesab edir ki, Azərbaycan “Taliban”ı tanıması üçün ilk növbədə dünyanın lider ölkələrinin, o cümlədən Türkiyənin mövqeyinə baxacaq: “Digər tərəfdən, Pakistan ”Taliban”la sıx əlaqəlidir. Pakistan isə bizim strateji müttəfiqimizdir. “Taliban” bu yolu davam etdirsə, faydalı olacaq. İndi erməni mətbuatı həşir salıb ki, “Taliban” Azərbaycanla əməkdaşlıq edəcək, Pakistan və Türkiyə faktorunu qabardırlar. Ancaq 1996-cı ildə taliblər hakimiyyətə gələndə bizimlə Əfqanıstdan arasında əlaqə yox idi. Bizim də başımız qarışıq idi, onların da…

Azərbaycan NATO üzərindən Əfqanıstanla əlaqə qurmuşdusa, sonrakı dövrdə birbaşa münasibət yaratdıq. Ona görə o vaxt əlaqə olmayıbsa, o anlama gəlmir ki, “Taliban”la əlaqəni kəsməliyik. Əksinə, mən həmişə yazırdım ki, “Taliban”la təmasa keçmək vaxtıdır. Pakistan və Çin üzərindən “Taliban”la əlaqə qurmaq lazımdır. İndi də gec deyil. Əgər onların rəhbərləri dünyanı gəzirlərsə, Bakıya da gələ bilərlər”.

Analitikin Əfqanıstanın gələcəyi ilə bağlı proqnozları isə belədir ki, hazırda yaradılan keçid hökuməti “Taliban”ın dünyanı qorxutmamaq siyasətidir: “Onların keçid hökumətinə ehtiyacı yoxdur, hakimiyyəti tam götürüblər. İndi biz videolardan görürük ki, camaat hava limanına axışır. Əgər ”Taliban”  90-ların feodal qaydaları ilə idarə etsə, qarşıdurmalar artacaq. Əfqanıstan elə yerdir ki, bir qrupun bütün ölkəyə tam nəzarəti mümkün deyil. O baxımdan yenə toqquşmalar olacaq. Odur ki, “Taliban” köhnə idarəçiliyi bərpa etsə, ona çətin olacaq. İndi kadrlar yayılıb ki, taliblər çanaq antenlərini sındırırlar. Mənə elə gəldi ki, köhnə fotolardır, “Taliban” aqarşı piardır. Artıq özləri anlayır ki, 20 il əvvəl deyil”.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, “Taliban”la Azərbaycan arasında əlaqələr haqda indidən danışmaq tezdir. Onun sözlərinə görə, hələ seçki olmalıdır, hökumət formalaşmalıdır, taliblərin xarici siyasət kursu elan edilməlidir, ən nəhayət, dünya birliyinin bu hərəkatın siyasi qanadı ilə əməkdaşlıq edib-etməməsinə baxmalıyıq: “ABŞ və Çin ”Taliban”ı legitim hesab etsə, bu, dünya üçün biabırçılıq olmaqla yanaşı, başqa ölkələrə seçim imkanı qoymur, məcburiyyətdən diplomatik əlaqələr yaratmalıyıq. Eyni zamanda Yaxın Şərqdə və digər coğrafiyalarda olan silahlı islamçı təşkilatlara bir stimul olacaq ki, bizim onlardan nəyimiz əskikdir, hakimiyyətə gələ bilərik. Heç də xoş olmayan presedentdir və tendensiya halını almaması üçün beynəlxalq aləmin konkret mövqeyi olmalıdır”.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. XİN-dən deyilib ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstandakı səfiri təyin olunub.

“Təyinatından sonra səfir hələ ki Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir”, – məlumatda bildirilib.

Qeyd edək ki, Əfqanıstanda hökumətin taliblərə ötürülməsinə dair razılaşmanı keçmiş prezident Həmid Karzay və milli barışıq üzrə ali şuranın rəhbəri Abdulla Abdulla imzalaya bilər. “Taliban” nümayəndələri deyiblər ki, onlar daha əvvəl prezident Əşrəf Qəniyə hakimiyyətin dinc yolla ötürülməsini təklif etmişdilər. “Biz təhlükəsizlik sahəsində boşluğa yol verməmək üçün hakimiyyəti dinc yolla ötürməyi təklif etmişdik, amma o qaçdı”,- “Taliban” nümayəndəsi “Al Arabiya” kanalına bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir