Rza Diqqəti: “İlham Əliyevin tikdiyi yeni Bakıya gələndə yenə ağladım”. “Tanrının unutduğu ölkəni tərk etmək üçün sonuncu şansı qaçırmadım”

Tale Rza Diqqətiyə himyədarlıq edir. Tərbizdəki sadə azərbaycanlı ailəsindən olan sıravi iranlı oğlan 13 yaşında qəfildən foto sənəti ilə maraqlanmağa başlayır. Hər şey atasının fotoaparatına yaranan uşaq həvəsindən, ziyansız maraqdan başlayır. Kimin ağlına gələrdi ki, o adi həvəskar fotoaparatın obyektivi böyük tarixi hadisələrin şahidi olacaq?

Bu sətirlər jurnalist Eynulla Fətullayevin məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqətidən aldığı müsahibənin sonuncu hissəsində yer alıb.

Sözügedən müsahibəni təqdim edirik:

Rza Diqqəti ilə Ağdama aparan yolda tanış olduq. Sonra yollarımız Şuşanın Cıdır düzündə kəsişdi. Əlbəttə, milyonlarla azərbaycanlı kimi mən də bütöv bir dövrü – İrandakı islam inqilabını, İsrail qoşunlarının Beyruta girməsini, Əfqanıstan müharibəsini, Ruandada genosidi, birinci Qarabağ müharibəsini öz obyektivinə sığışdıra bilən əfsanəvi fotoqraf barəsində eşitmişdim…  Rza – unikal, ancaq bəlalı taleli insandır. Taleyi onu bir qaynar nöqtədən digərinə atıb.  Başı üzərindən güllələr vızıldayıb, ayaqları altında qumbaralar partlayıb, məşum SAVAK-ın qorxulu məhbəsində bütün işgəncələrə qürurla dözüb… Və salamat qalıb, çünki həyat eşqi çox güclü olub.

Görüşməyə çoxdan sözləşmişdik. Nəhayət, İçəri Şəhərin (Köhnə  şəhər) dar küçələri ilə böyük fotoqrafla, bütöv bir dövrlə görüşə yollanıram …

“Bakıda köhnə şəhərdə qalmağı sevirəm, orta əsrlərin gözəgörünməz aurası hiss olunur”, – Diqqəti danışır və Şərq qonaqpərvərliyi ilə piyaləyə qızılgül ləçəklərinin də əlavə olunduğu çay süzür.

“Orta əsrləri sevmirəm, o, çox qəddar olub. Yeri gəlmişkən, İranda bu cür çay içmirlər, xüsusən də piyalədə”, – həmsöhbətimdən dəqiqləşdirirəm.

“Bu çaya aludəliliyim və onu piyalədə içmək vərdişim Orta Asiyada yaranıb”, – Rza deyir.

Budur, çox maraqlı söhbət gözləntisi ilə üz-üzə əyləşirik.

– Siz həyatınızın ən yaxşı illərini Pəhləvi şah rejimi ilə mübarizəyə həsr etmisiz. 22 yaşınız olanda 3 illik həbsə məhkum olunmusuz. Cəzanızı sonadək çəkmisiz. İşgəncələr, türmə, düşərgə, universitetdən qovulmaq…  Sonunda hakimiyyətə teokratik qüvvələrin gəldiyi mübarizəyə nə qədər  qurbanlar vermisiz. İran inqilab nəticəsində öz inkişafında 100 il geriyə düşüb. Şahla mübarizəyə atılmağınıza peşmansızmı?

–  (Həmsöhbətimin üzündəki təbəssüm yarandığı kimi tez də yox olur, sonra o, uzun-uzadı köks ötürür və dalğın baxışlarını fəzaya tuşlayır. Pauza yaranır.  Həmsöhbətimə siqaret çəkməyi təklif edirəm. Ancaq o, istəmir, deyir ki, nadir halda, əsasən də dostları ilə süfrədən sonra siqaret çəkir…  Bir neçə dəqiqədən, uzun pauzadan sonra gücünü və fikirlərini cəmləyərək mənim birinci çətin sualıma cavab verməyə başlayır – E.F.) .

Həmişə bu barədə düşünürəm. Özümdən soruşuram – niyə məhz bu cür oldu?

Mən inqilabi hərəkata məhz foto incəsənətinə bağlılığıma görə gedib çıxdım. Mənim mübarizəm çəkdiyim fotolarda öz əksini tapıb. Şah İranının fotoreallığında. Mən fotolarımda ədalətsiz və bərabərsizliyi, İran cəmiyyətinin dar kəsiminin bitib-tükənməyən zənginləşməsini və əksər insanların yoxsulluğunu göstərmişəm. İran cəmiyyətindəki sosial ziddiyyət məni gəncliyimdən hiddətləndirib. Ürəyim partlayırdı. Bir tərəfdə bir ovuc milyardçı, digər tərəfdə – yoxsul xalq.

Mən həbsə 22 yaşımda düşdüm. Və 25 yaşımadək zindanlarda qaldım. Ancaq o illər mənim üçün həyat universitetləri oldu. Məsələn, bizim türmədə 4-5 min nəfər ziyalı vardı. Mən həbsdə tanınmış yazıçıları, şairləri, rejissorları, İran ziyalılarının ən yaxşı nümayəndələrini gördüm. Bizi itaətdə saxlamaq üçün yanımıza kriminal elementləri yollayır, süni münaqişələr yaradırdılar…

Təsəvvür edin, 22 yaşlı azərbaycanlı Anar, Rüstəm İbrahimbəyov, Fərhad Bədəlbəyli ilə eyni türmə kamerasına düşür. Bu ki ən yaxşı universitetdir. Onlardan çox şeylər öyrəndim. Hamı inqilabın qələbəsinə inanırdı. Hamı inanırdı ki, demokratiya gələcək və iranlılar siyasi azadlıqlar əldə edəcək. O vaxt buna səmimi şəkildə inanırdıq…

–  İran cəmiyyətinin bütün problemlərinin arasında məhz sosial aspektə toxundunuz. Bir təbəqənin varlanmasına qəzəbləndiyinizi qeyd etdiniz. Siz Solçu idiniz? Sosialistdiniz? Marksist-leninçi “Tudə”nin tərəfdarıydınız?

–  Yox, mən heç bir partiyaya qoşulmadım. Ümumiyyətlə, partiya və siyasi ideologiyalardan kənardaydım. Ancaq o vaxt etirazçı, müxalif qüvvələrin şərti olaraq iki hissəyə bölünməsi baş verdi. Hakimiyyətə qarşı çıxan dindarları dini fundemantalist kimi damğaladılar. Kübar müxalifətçilərə isə Sovetyönümlü Sol elementlər yarlığı yapışdırdılar.

Tutaq ki, kimsə namaz qılmır, ancaq şaha qarşı çıxır. Dərhal onu Sol hərəkatın cərgəsinə qoşurdular. Yaxud hansısa mömin müsəlman hökumətin ünvanına tənqid söyləyirsə, hakimiyyətin nəzərində dini müxalifətçilərlə bir cərgəyə qoyulurdu.

Mən isə azadlıq, bərabərlik və ədalət dəyərlərinə inanırdım. Əgər bunlara Sol ideyalar xidmət edirsə, onda mən də Solçu olmuşam (Gülür).  Şah dövründə İranın müxtəlif əyalətlərinə gedir və sadə iranlıların həyatını fotolara köçürürdüm. Məşğələlərdən sonra isə  həmin fotoları Tehran küçələrində divarlara yapışdırırdım. Uzun müddət məndən heç kəs şübhələnmədi. Hamı sual verirdi: Bu cəsur kimdir? (Gülür) Axı şah İranında azad mətbuat yox idi. Bütün telekanallar və qəzetlər hakimiyyətin əlində cəmlənmişdi. Tehran sakinləri toplaşır və mənim əyalətdəki real həyatı əks etdirən fotolarıma böyük maraqla baxırdı. Tehrandakı insanlar əyalətlərdə hökm sürən yoxsulluqdan xəbərsizdilər. O vaxt foto incəsənəti yadfikirlilərin əsas mübarizə silahına çevrilmişdi. Mən sadə iranlıları sadəcə çəkir və göstərir, bununla da tehranlıları təəccübləndirirdim.

– Bəs fotolenti harada yuyurduz?

– Öz evimdə. Mənim mini-laboratoriyam vardı. Hətta doğmalarım – valideynlərim, bacılarım və qardaşlarım belə onun mövcudluğundan xəbərsizdi. Gecə evdən çıxır, fotoları mərkəzi küçələrdəki binaların divarlarına yapışdırırdım. Və fotoların üstündə təxminən bu cür bilgilər yazırdım: “Ərdəbildə insanlar yoxsulluqdan əzab çəkir”.  Yaxud, “Baxın, həmvətənlərimi Marağada necə gündəlik ruziyə möhtacdır”. Bizim indiki informasiya və innovasiyalar inqilabi əsrimizdə çoxlarına bu, təsəvvüredilməz görünə bilər.  Ancaq yazılı və ya şüarlı bircə foto da minlərlə insanın narazılığına və etirazına yol açmaq gücündədir. Bu, çox güclü ideoloji və təbliğat silahıdır. Səhər tezdən mənim fotoqrafiyalarımın qarşısında insan kütləsi toplaşırdı. Mən kütləyə yaxınlaşır, müzakirələri, rəyləri və hiddəti dinləyirdim. Bu fəaliyyətlə bir neçə il məşğul oldum. Xüsusi xidmətlər həbsimə qədər inanmırdılar ki, tək bir adam Tehran küçələrində bu cür iş görə bilər. Məni 5 ay ərzində hər gün işgəncələrə məruz qoydular. Dəhşətli işgəncələr idi…

– Kim işgəncə verirdi? SAVAK-ın (Pəhləvi dövründə Dövlət Təhlükəsizliyi Nazirliyi) əməkdaşları?

–  Başqa kim olacaq? Əlbəttə, SAVAK. Onlar yoldaşlarımın adlarını tələb edərək, məni ən ağlasığmaz işgəncələrə məruz qoydular. Bəzən Tanrıdan ölüm arzulayırdım. Dözülməz işgəncələr idi! Kimin adını çəkə bilərdim ki? Bütün işləri təkbaşına etmişdim. Ancaq onlar inanmırdılar, mənə elektrik cərəyanı ilə işgəncə verir, xüsusilə alətlə ayaqlarımın altına vururdular. Ayaqlarımın altı, dərim parçalanır, qan axır, işgəncədən sonra həftələrlə ayaq üstə dura bilmirdim. Uzun illər sidiyimdən qan gəlirdi…

Onlar güman edirdi ki, mən xaricdən idarə olunan hansısa gizli təşkilatın üzvüyəm. Cavab olaraq bunun yalan olduğunu, heç bir təşkilatın olmadığını və hər şeyi təkbaşına etdiyimi söyləyirdim. Ancaq mənə inanmır, işgəncəyə və döyməyə davam edirdilər. Yalnız 5 aydan sonra məndən əl çəkdilər, çünki anladılar – ən möhkəm əzabkeş də dözməyib həqiqəti söyləyərdi.

– Bəs sizi kim satmışdı? Kim xüsusi xidmətləri xəbərdar etmişdi? Onlar sizi necə tapa bilmişdi?

– İnanmayacaqsız, heç kəs satmamışdı!  Mən həbsimdən 3 il əvvəl Təbrizdə təcrübə keçirdim. Orada bir qrup tələbəylə yaxınlaşdım. Tez-tez ölkədəki böhranlı vəziyyəti müzakirə edirdik, yekdilliklə mövcud quruluşun dəyişdirilməsinin zəruriliyi qənaətində idik. Sonra Tehrana döndüm. Başqa işlə bağlı həmin tələbələrdən birini həbs etdilər. Siyasi motivlərlə həbs olunanların hamısını işgəncələrə məruz qoyurdular. Və həmin tələbə işgəncə zamanı onun yanında hökuməti tənqid etmiş bütün adamların adlarını çəkir. Uzun siyahıda mənim adım da vardı. Məni nəzarətə götürür və izləməyə başlayırlar.

– Bəs onu niyə həbs etmişdilər?

– Şah İranında insanı kitabxanasında Karl Marksın əsərlərinin olmağına görə həbs edə bilərdilər…

Beləliklə, SAVAK məni izləməyə başlayır. Və necəsə müəyyənləşdirir ki, Tehranda sakitliyi pozan elə mənəm.

İndi isə əsas suala qayıdıram, həyatımın yeganə sualı üzərində uzun müddət baş sındırmışam: niyə İran inqilabı məğlubiyyətlə bitdi və biz demokratiya, siyasi azadlıqlar əldə edə bilmədik? Britaniyalılar deyir ki, İran dövlət fəlsəfəsinin müasir anlamında “ilk dövlət”dir. Və bu qədim dövlətin 2500 illik tarixi var. Özünün böyük tarixi boyu İran dövlətçiliyi iki əsas sütunun üzərində dayanıb – monarxik (inzibati-amirlik) və dini-ruhani institutların. Üstəlik dini-ruhani institutun vəzifəsi monarxik hakimiyyətin mütləqləşdirilməsi ideyasının təbliğindən ibarətdir. İran inqilabı yalnız sadəcə şahı devirmədi, ənənəvi dövlətin fəaliyyəti modelini və bu iki institutun qarşılıqlı təsiri sistemini dəyişdi. Yəni, hansısa anda iki institutun maraqlarının toqquşması baş verdi. Şah dini institutun hakimiyyətini də qəsb etmək istəyir və buna çalışırdı, öz maraqlarının məhdudlaşmasını görən ruhanilər isə müqaviləyə getməyən monarxı aşırmaq qərarına gəldi. Təəssüf, inqilab monarxik İranın ənənəvi dövlət quruluşunu tamamilə dağıda bilmədi. Bir sütun getdi, ikincisi qaldı. Nəinki qaldı, həm də inzibati-amirlik sisteminin bütün institutunu uddu. Nəticədə molla hegemonluğu formalaşdı. Elə o da monarxik idarəçilik formasıdır. Sadəcə sistemin başında şah yox, şah-molla dayanır. Məscidin inzibati hakimiyyətlə qovuşması baş verdi.

– İkinci Vatikan yarandı. Şiə Vatikanı…

– Təəssüf. Hər gün özümə eyni sualı verirəm:  biz nəyin əleyhinə mübarizə aparır və türmələrə düşürdük? Korrupsiyanın? O, çiçəklənir. İstibdadın? O, yaşayır. Yalanın və sinizmin? Sinizim hazırki rejimin dövlət ideologiyasına çevrilib.

Ancaq, məncə, ruhanilərin mütləqləşdirilmiş hakimiyyətinə çevrilən monarxik quruluş özünü tükədib. Çox tezliklə 1970-lərin sonunda yarımçıq qalmış xalq hakimiyyəti (demokratiya) və siyasi azadlıqlar uğrunda mübarizə prosesi yenidən başlayacaq.

– Həqiqətən, o proses niyə yarımçıq qaldı? Niyə siz ikinci sütunun yıxılması prosesini bitirə bilmədiz? “Siz” dedikdə, inqilabi nəsli nəzərdə tuturam…

–  Ruhanilər onilliklər boyunca şah hakimiyyətini devirməyə çalışdı. Yüzilliklər ərzində şiələr mütəşəkkül və şaxələnmiş mübarizəni öyrəndilər. Şiəlik –  Şərqdə ən mükəmməl, ən şaxəli şəbəkədir. İnkişaf etmiş və iyerarxik sistemin avtoriteti üzərində qurulmuş şəbəkə. Ona görə də, ziyalılar və Solçular, yəni sizin inqilabi qüvvə adlandırdığınız cəmiyyətin maariflənmiş kəsimi mübarizədə həmin mükəmməl şəbəkəyə uduzdu. Bizim onlardakı kimi təşkilat imkanları və strukturlarımız yox idi. Hər məscid bir hücrəydi. Məscidin imamı isə – dəstənin başçısı. Yəni, bu, mütəşəkkil və yekdil bir gücdü.

Şiə fanatikləri tərəfindən ötən əsrin ortalarında qətlə yetirilmiş intellektual və islahatçı Əhməd Kəsrəvi -İranın Mirzə Ələkbər Sabiri özünün məşhur çıxışında demişdi ki, mollalar həqiqi simalarını göstərəndə İran xalqı bu qüsurlu ruhanilərdən yaxasını qurtaracaq. Onlar əsl simalarını yalnız tam hakimiyyətə sahib olandan sonra göstərdilər…

Birinci sualınıza qayıdıram. Şaha qarşı savaşmağımda peşmanammı? Düzdür, azadlıq və plüralizm yox idi, bizi təqib edir və türmələrə salırdılar, ancaq ruhanilərin hakimiyyətində olan vakxanaliya da yox idi.

– Yəni, şahın dövründə daha yaxşı idi?

– Əlbəttə. Hətta müqayisə olunmaz dərəcədə. Ağ və qara kimi. Şahın əsas səhvi nədə idi?

– Nədə idi?

–  Ziyalıları özünün ətrafında birləşdirmək və mütərrəqqi qüvvələrin dəstəyini qazanmaq əvəzinə, şah türmələri doldurmağa başladı. Bununla da böyük sosial dayaqdan məhrum oldu.

– Sonralar mühacirətdə Pəhləvi evinin nümayəndələri ilə heç görüşmüsüzmü? Şahbanu Fərəhlə və ya şahın oğlu ilə?

– Qəbullarda təsadüfən rastlaşmışıq. Ancaq mən onlara yaxınlaşmamışam. Ünsiyyətimiz olmayıb.

– Niyə? Məgər onların etiraflarını dinləmək sizə maraqlı deyil?

– Yox. Nəyimə lazım? Onlar mənim haqqımda bilirlər. Başıma gətirilənlərdən xəbərləri var. Onlara nə deyəcəm? Niyə bütün ölkəni həbs etmişdiniz?

– Mən 1999-cu ildə Təbrizdə Səttarxanın nəvəsini tapdım. O, həkim işləyir. Bilirsiz qəribəsi nədir? Cənubi Azərbaycanın muxtariyyəti uğrunda mübarizənin banisinin nəvəsi milli özünüdərkdən və milli şüurdan tamamilə uzaqdır. Mənə dedi ki, onun Vətəni bütöv və bölünməz İrandır.

Həyatımızı qəfil dəyişdirən təsadüf yox, daha çox bəzən şərait adlandırılan qanuayğunluqdur. Tale güclülərə, meydan oxuyanlara yardım edir, onların istiqamətləndirir. Qarşımda dəfələrlə taleyə meydan oxuyan insanlar əyləşib.

– Mən 1999-cu ildə Təbrizdə Səttarxanın nəvəsini tapdım. O, həkim işləyir. Bilirsiz qəribəsi nədir? Cənubi Azərbaycanın muxtariyyəti uğrunda mübarizənin banisinin nəvəsi milli özünüdərkdən və milli şüurdan tamamilə uzaqdır. Mənə dedi ki, onun Vətəni bütöv və bölünməz İrandır.

– Şimali Azərbaycan, o cümlədən Bakı 170 il Rusiyanın hakimiyyəti altında olub. Baxın, rus mədəniyyətinin Şimali Azərbaycana təsiri nə qədər böyükdür! Bu gün də əksər insanlar övladlarını rus məktəblərində oxudur, çoxları üçün rus dili doğma dildir. İdentik proses Azərbaycanın digər hissəsində də gedib. Odur ki, Səttarxanın nəvəsinin reaksiyasına təəccüblənmək lazım deyil. Hamımız məktəbdə farsca oxumuşuq, fars mədəniyyəti bizim mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib.

Sizdən fərqli olaraq, biz İranı öz ölkəmiz sayırıq. Öz dövlətimiz üçün milli məsuliyyət hiss edirik. İran bizim evmizdir. Odur ki, İranı daha çox metropoliya olmuş Sovet dövləti ilə müqayisə etmək gərək deyil. Rusiya heç vaxt sizin ölkəniz olmayıb. İran isə bizim Vətənimizdir.

Mən İran diasporunun aparıcı nümayəndələri, bizim Qərbdəki ziyalılarımız ilə çox ünsiyyətdə oluram. İrandakı hakimiyyətin hətta ən qızğın əleyhdarları belə bizim dövlətçiliyimizin parçalanmasına qarşı çıxış edir. Bəli, bizim üçün İranın federallaşması, İranda yaşayan azərbaycanlıların, türkmənlərin, ərəblərin, kürdlərin və digər xalqların mədəni-milli muxtariyyətinin genişlənməsi cəlbedicidir.

– Azərbaycanlıların milli qüvvələri 1970-ci illərdəki inqilabi hərəkatın avanqardında nə dərəcədə fəal idi? Axı inqilab Təbrizdən başlamışdı…

– Bəli, inqilab Azərbaycandan və Təbrizdən başlamışdı. Təbrizin passionarlığı və siyasi fəallığı güclü idi. Ancaq milli şüarlar yoxdu. Azərbacanlılar suverenlik yox, İrandakı vəziyyətin keyfiyyətcə dəyişməsini tələb edirdi. Pəhləvi sülaləsi dövründə milli özünüdərkin ən xırda cücərtiləri də məhv edilmişdi.

– Yeri gəlmişkən, həbsinizdən sonra yaxınlarınız, doğmalarınız, valideynlərinizin taleyi necə dəyişdi?

– Doğmalarım 5 ay ərzində mənim harada olduğumu bilmədilər. Hakimiyyət bir qayda olaraq həbs edilənlərin yerini xəbər vermirdi. Valideynlərim, bacılarım, qardaşlarım da xəbərsiz idilər. Onlar sualla hakimiyyətə müraciət edə bilməzdilər. Qorxu mane olurdu. Ölkənin bütün atmosferinə müdhiş qorxu çökmüşdü. Stalin dövründəki kimi, insanlar günün günortasında yoxa çıxırdılar.

– Bəs sizin doğmalarınızın sonrakı taleyi necə oldu?

– Mən İrandan mühacirət edəndən sonra qardaşım və bacılarım da ölkəni tərk etdi. Valideynlərim İranda qaldılalar. Onlarla tez-tez telefonla danışırdım. Anam yalnız 10 il sonra Parisə yanıma gələ bildi. O, Parisdə ürək xəstəliyindən vəfat etdi. Ancaq vəsiyyətinə uyğun olaraq İranda dəfn olunub. Nəşini vətənə yola saldıq və mən dəfndə iştirak edə bilmədim (Kədərli baxışını yayındırır – E.F.)… Atamın dəfnində də ola bilmədim (Dərindən köks ötürür – E.F.)

– Siz İranı şahın devrilməsindən və islamçıların hakimiyyətə gəlməsindən sonra tərk etmisiz. Yəni yeni hakimiyyət sizin inqilab işində əvvəlki xidmətlərini nəzərə almadılar?

– Ziyalılarla mollakratiyanın antaqonizmi hələ türmə vaxtlarından artırdı. Təsəvvür edin, biz türmələrdə illərlə bir yerdə yaşamışdıq. Ancaq onlar bizimlə birlikdə yemək yemir, bizdən yan gəzir, salamlaşmırdılar! Yəni, biz kafirlərik. Bu, əsl marazm idi. Hətta təsadüfən çiyinlərimiz bir-birinə dəyəndə onlar şeytanı lənətləyir, yuyunmaq və təmizlənmək üçün əlüzyuyana qaçırdılar. Yəni onlar tamamilə qeyri-adekvat şəxslər idi.

– Tanınmış islamçılardan kiminlə bir türmədə olmusuz?

– İranın gələcək prezidentləri Məhəmməd Əli Rəcai və Haşimi Rəfsəncani, məşhur ayətolla Əli Müntəziri, gələcək nazirlər və parlament üzvləri ilə… Bir sözlə, İslam respublikasının bütün gələcək yuxarı cəmiyyətilə.

– Məhbus Rəfsəncani ilə ünsiyyətdən daha çox nə yadınızda qalıb? Çox maraqlıdır!

– (Gülür- E.F.) Yəqin siz sezirsiniz ki, mən sizin türmədə olduğunuzu bilirəm və bütün dünyanın türmələrində “ümumi kassa” olur. Onsuz yaşamaq mümkün deyil, çünki qohumlarının görüşünə gəlmədiyi məhbuslar var. Bir dəfə aşkarladıq ki, Rəfsəncani gecələr gizlicə məhbusların yeməyini oğurlayır. Və bizim onunla çox xoşagəlməz söhbət oldu. Bütün məhbuslar ona baykot elan etdilər.

– O, bu vərdişini gələcəkdə də tərgitmədi. Sonralar dövlət xəzinəsindən oğuralamağa başladı. Və ona qarşı korrupsiyaya görə rəsmi ittiham irəli sürüldü.

– (Gülür) Elədir. İndi anlayırsızmı, niyə bizim bu cür ruhanilərlə yollarımız apriori ayrıldı? Biz eyni yolla gedə bilməzdik. Ona görə də mən şahın devrilməsindən sonra özümün müstəqil fotomüxbir fəaliyyətimi davam etdirdim. Foto incəsənəti ilə 13 yaşından maraqlanıram. Atamın fotoaparatı ilə çəkməyə başlamışam. Sonra isə atam mənə yeni aparat bağışladı. Öz-özünə örənən birisiyəm …

– Həbsdən amnistiya ilə çıxdız?

– Yox, nə danışırsız! Hansı amnistiya? Türmədən hələ şah dövründə, 1977-ci ildə, həbs müddətim bitdiyi üçün çıxdım. Məni hətta həbs müddətindən də 1 ay çox saxladılar. Uzun-uzadı fikirləşdilər – mənimlə nə etsinlər. Nəhayət azad etmək qərarına gəldilər. Həbsdə 3 il 1 ay oldum.

– Və inqilabın ilk günlərindən Newsweek, Frans-Press, SIPA Press fotoagentliyi ilə dünyanın aparıcı agentliklərinin xüsusi müxbiri oldunuz … Dünyanın məşhur nəşrləri arasında sizin fotoşəkilləriniz uğrunda əsl ov başladı.

– Bəli, çünki inqilabın hər saatını çəkirdim. Günlərlə çəkilişlərdə olurdum. Və mən fotoqrafiyalarım bütün dünyada yayılırdı. Bir dəfə müəyyən etdim ki, fotoqrafiyalarımı eyni zamanda dünyanın 20 min nəşri dərc edib! Təsəvvür edirsizmi? Mən dünyanın 20 min nəşrinin müxbirinə çevrilmişdim! Tale məni hadisələrin mərkəzinə atmışdı. Və mən siyasi proseslərinin inkişafının konyunkturunu tuta bilirdim. İnqilabın liderlərinin bir çoxu ilə şəxsən tanış idim.

Şahın devrilməsindən sonra yeni inqilabi hakimiyyət hələ bir müddət əvvəlki hakimiyyətin siyasətini davam etdirdi. Yenə təqiblər, zorakılıq, həbslər … Və şey qadınların nümayişkaranə ekzekusiyasından başladı – onları üzlərini örtməyə məcbur edirdilər. Bəhailəri, kürdləri öldürməyə, sünniləri və yeni siyasi əleyhdarları təqib etməyə başladılar. Qadınları küçədə saxlayır və linç edirdilər. Və həmin andan fotokameramın obyektivini yeni zorakılığa qarşı yönəltdim. Bir çox rüsvayçı səhnələri çəkdim və dünyaya yaydım. Və qısa zamanda “Rza” təxəllüsü ilə məşhurlaşdım. Təhlükəsizlik məqsədilə tam ad və soyadımı – Məhəmməd Rza Diqqəti – göstərmədim. Sadəcə “Rza” yazdım.

Bunun məntiqi izahı var: əvvəla sizdə Məmməd adı kimi, İranda da Rza adı ən geniş yayılmış addır. İranda hər üçüncü, bəlkə hətta ikinci şəxs bu adı daşıyır. Yeni inqilabi hakimiyyətə “Rza” təxəllüslü anonoim fotoqrafın şəxsiyyətini müəyyən etmək çətin idi. Mən İranın yeni hakimiyyətinə müxalif olan ilk jurnalist idim. Demək olar ki, onların hakimiyyətinin ilk aylarından. Axı Xomeyni demokratiya, siyasi fəaliyyət üçün tam azadlıq, vicdan və fundamental hüquqlar azadlığı vəd etmişdi. Reallıqda nə aldıq? Yadfikirliliyin zorla boğulması və ildırımsürətli repressiyalar. Onlar xalqa sosial rifah – pulsuz kommunal xidmətlər, pulsuz mənzil, torpaq hüququ, sosial ədalət, dini və siyasi baxışlarından asılı olmadan bütün vətəndaşlara bərabər hüquqlar vəd etmişdilər.

– Bolşeviklər də Rusiyada hakimiyyətə həmin şüarlarla gəlmişdi. Bir neçə həftə sonra isə yeni seçilmiş parlamenti dağıtdılar.

– Dəqiq analogiyadır. Anladım ki, yeni hakimiyyət ölkəni kollapsa aparır. Və fəaliyyətə başladım. Yeni hakimiyyət isə məni inqilaba qarşı informasiya müharibəsinin təşkilində ittiham etdi. “Rza”nın həqiqi şəxsiyyəti müəyyən olunandan sonra onlar mənim fiziki məhvimə qərar verdilər. Əgər şah türməyə salırdısa, islamçılar öldürürdülər. Ziyalılara ölkəni tərk etməkdən başqa seçim qoymadılar. Siyasi divantutma erası başladı. Yadfikirliləri öz mənzillərində günün günortasında öldürürdülər. Və mən mühacirət etmək qərarına gəldim.

– İrandan necə qaça bildiz?

– Bütün xalqlarda belə bir deyim var – şər deməsən, xeyir gəlməz. İran İraqla savaşırdı və mən Newsweek jurnalının müxbiri idim. Hərbi jurnalistika xüsusi vərdişlər – ilk növbədə, lazımi kadrı tutmaq və təsadüfi güllədən qorunmağı tələb edir. Mən səngərlərdə əsgərlərin arasında, ən axırıncı yorğunluğa qədər çalışırdım.. Və bir dəfə əlimi mexaniki olaraq qaldıraraq alnımın tərini silmək istəyirdim. Bu vaxt səngərə əl qumbarası düşdü. Və birbaşa sifətimə və alnıma yönəlmiş qəlpələr ovcuma dəydi (sağ ovcundakı çapıqlaşmış yaraları göstərir – E.F.). Bəxt bu imiş! Əgər əlimi alnıma qaldırmasaydım, elə səngərdəcə öləcəkdim. Məni yaralı halda Tehrana çatdırdılar. Həkimlər qanqrenanın başlandığını və əlimin amputasiya edəcəklərini söylədilər. Razılaşmadım və yardım üçün redaksiyaya müraciət etdim. İran hakimiyyəti də yaralılara xaricdə müalicə olunmağa icazə verirdilər. Və mən Tanrının unutduğu bu ölkəni tərk etmək üçün sonuncu şansdan yararlanmaq imkanını qaçırmadım.

– Ancaq İranı tərk etməzdən əvvəl siz daha bir mühüm tarixi prosesdə iştirak etdiniz. Siz iranlı tələbələr 1979-cu ilin 4 noyabrında ABŞ səfirliyini işğal edərkən orada olan yeganə jurnalist oldunuz. Bu, necə baş verdi?

– Taleyin və iti intuisiyamın hesabına. İranın cənub-qərbində, Xuzistan əyalətində reportajda idim. Məşğulluğuma baxmayaraq, Tehrandakı siyasi vəziyyəti diqqətlə izləyirdim. ABŞ səfirliyinin işğalından 3 gün əvvəl Xomeyni öz radiomüraciətlərində Amerika əleyhinə ritorikasını gücləndirmişdi. Üstəlik bu ritorika saatbasaat güclənirdi. Anlayırdım ki, rəhbərin nitqləri hansısa mühüm siyasi hadisənin müjdəçisidir. Və Tehrandakı hadisələrdən düz iki gün əvvəl bütün jurnalist və müxbirlərə telefonqram gəldi – təcili olaraq Tehran unversitetinə getmək. Bütün tanış müxbirlərlə zəngləşdim və paradoks- hamı identik dəvətnamə almışdı.

Gecə təcili Tehrana döndüm. Və necə fikirləşirsiz? Bütün jurnalistlər dəvəti qəbul edib universitetə yollanırlar. Bircə məndən başqa. Və bilirsizmi, hakimiyyət nə edir? Onların hamısını universitetin binasında qapayır!

İndiki kimi yadımdadır. Buludlu hava idi. İnqilabi qonararlarımın hesabına ala bildiyim köhnə avtomobilimin sükanı arxasında əyləşmişdim. Adəti üzrə radionu dinləyirdim. Və yenə Xomeyninin millətə müraciəti ilə rastlaşdım. Bu dəfə o, ABŞ səfirliyini açıq-aşkar şər və şeytan yuvası adlandırdı. Anladım ki, hadisələrin episentri səfirlik binası olacaq. Və şəhərin həmin hissəsinə yollandım. Səfirliyin yanından keçəndə onlarla insanın hasarı aşaraq səfirlik ərazisinə daxil olduğunu gördüm. Dərhal maşını saxladım və hasara doğru qaçdım. Digərlərinin ardınca hasardan səfirlik ərazisinə tullandım. Başqa nə etməliydim ki? Siz olsaydız, tullanmazdız?

– Tullanardım.

– Gözlənilən təhlükəyə baxmayaraq, istənilən jurnalist onların ardınca getməyə borcludur. Artıq səfirlik ərazisində olanda idmançı cüssəli bir neçə nəfər yaxınlaşıb soruşdu – sənin nişanın hanı? Hamısının döşündən möhürlə təsdiqlənmiş iri nişanlar asılmışdı. Cavab verdim ki, jurnalistəm və buraya hadisələri işıqlandırmaq üçün gəlmişəm. Onlar dərhal ərazidən çıxmağımı tələb etdilər və hədə-qorxu gəldilər. Hasardan bayıra tullanmalı oldum, səfirlik önündəki iri dəmir qapılara doğru qaçdım. Görürəm ki, girov götürülmüş amerikalı diplomatları gözləri bağlı halda bir-bir binadan çıxarırlar. Və çəkməyə başladım. Bir neçə gün sonra mənim fotoqrafiyalarım bütün dünya agentlikləri və nəşrləri tərəfindən yayıldı.

– Deməli, həmin tarixi fotoların müəllifi sizsiniz?

– Bəs necə (Gülümsəyir – E.F.)

– Bəs fotoları Qərbə necə yolladız?

– Gecə hava limanına getdim və Parisə uçan sərnişinlərdən birindən Newsweek jurnalının redaksiyasına zəng vurub bağlamanı kuryerə çatdırmasını xahiş etdim.

– Sərnişin dərhal razılaşdı?

– Bəli, axı bu, başqa zamanlardı. İnsanlar bir-birinə inanır və kömək edirdilər. Üstəlik hava limanında müşahidə kameraları və xüsusi təhlükəsizlik tədbirləri yox idi …

– Səfirliyin işğalı aksiyasına İranın gələcək prezidentlərindən biri – Mahmud Əhmədinicad rəhbərlik edirdi. Siz onu hücum edənlərin cərgəsində görmüsüzmü?

– Səfirliyin işğalından sonra müsəlman tələbələr Təşkilatı onun binasında mütəmadi mətbuat konfransları keçirirdi. Mən də qatılırdım. Ancaq onların arasında Əhmədinicadın da olduğunu aydın xatırlamıram. Sonralar həmin aksiyaya onun başçılıq etdiyini dedilər və yazdılar. Ancaq o vaxt onun sifətini yadda saxlamamışam. Əvəzində İranın indiki vitse-prezidenti Məsum İbtikarı yaxşı xatırlayıram – o, aksiyanın liderlərinin arasında idi. Hətta qışqırırdı: «Mənə silah verin və bu amerikalıları güllələyim».

-Bilirsizmi, Əhmədinicad İranın hakim rejiminin əsas tənqidçilərindən birinə çevrilib? Dünya mətbuatı hətta onu hakim elitanı parçalamağa qabil olan “İranın Yeltsini” adlandırır.

– Bu barədə oxumuşam. Onun sözlərinin səmimiyyətinə inanmıram. Hamısı oyundur. İranda atalar sözü var – mollalar dalaşır, xalqın kəkili uçur. Hazırkı siyasi elita anlayır ki, rejim məhkumdur. Əhmədinicad – hadisələrin xaotik inkişafı ehtimalı üçün ev tədarüküdür. Hakimiyyət əldən getsə, onu “müxalifətçi” Axmadinejad götürə bilər. Mən İranla yaşayıram və öz ölkəmdəki vəziyyəti bütün incəliyi ilə izləyirəm.

– Niyə siz Fransaya getməyə qərar verdiz? Niyə Amerikaya yox? SIPA Press-lə əməkdaşlığınıza görə?

– İlk növbədə, fransız dilinə görə. Türmədə bu dili öyrənməli olmuşdum. Çox gülməli hadisədir. Biz orada kitablar üçün saathesabı növbəyə yazılırdıq. Bəzən öz saatını aylarla gözləməli olurdun. Mən kitabxanaya getdim və soruşdum: Burada elə kitab varmı ki, növbəyə yazılmadan, dərhal götürə bilim? Kitabxançı növbəsiz cəmisi bir kitabı götürə biləcəyimi dedi. Bu isə fransız dilin üzrə məktəb dərsliyi idi. Beləliklə həmin dili öyrənməyə başladım.

Deyin görüm, bu cür təsadüflərdən sonra necə taleyə inanmayasan? Əgər bu, yapon dili dərsliyi olsaydı, mənim taleyim başqa cür formalaşardı – bekarçılıqdan yapon dilini öyrənərdim.

Türmənin kandarını tərk edəndə artıq asanca fransız dilində danışırdım. Və həmin an tamamilə ağlıma gəlmirdi ki, üç il sonra həmişəlik Fransaya yollanacam.

Həyatımda hər şey bu cür formalaşıb: foto sənəti də, müstəqil öyrəndiyim fransız dili də. Təsadüflər.

Newsweek məni qitənin qaynar nöqtələrində işləmək təklifi ilə Amerikaya dəvət etdi. Əvvəla, dil baryeri mane oldu. İkincisi, Amerika qitəsində iş mənə yad idi. Bu, mənimki deyildi. Mən Yaxın Şərq bölgəsinə yaxın olmaq istəyirdim. O vaxtlar dünya foto sənətinin üç paytaxtı vardı – Nyu-York, Paris və London.

– Bilirsiz, Fransa barədə niyə soruşdum? Axı Xomeyni də mühacirətdə Fransada olmuşdu. Paris nəyə görəsə iranlılar üçün cəlbedicidir.

– (Gülümsəyir) Bəli, İran ziyalıları həmişə Parisi seçib. Baxmayaraq ki, Amerikada, bildiyiniz kimi, 2 milyona yaxın iranlı yaşayır.

– Tanrı sizə daha bir uğur bağışladı. Məhz sizin obyektiviniz İsrail tanklarının 1982-ci ilin yayında Livanı işgəl etmələrini, daha dəqiq desək, Beyrutun mühasirəsini əks etdirdi. Və yenə sizin fotoqrafiyalarınız bütün dünya nəşrlərinin birinci səhifəsində yer aldı.

– Bəli, bəxt yenə üzümə güldü. 1982-ci ilin yazında Beyrutda ezamiyyətdə idim. Aprelin 22-də şəhər bombardmana məruz qaldı. O vaxt İsraillə FAT-ın qarşıdurması gedirdi, yəhudi dövləti fələstinlilərin dəstələrini şəhərdən çıxarmağa çalışırdı. Sonra sakitlik çökdü. Qərb KİV-i öbütün müxğirlərini şəhərdən geri çağırdı. Mən isə qaldım. İrana bərk darıxırdım, Livan isə mənə Vətənimi xatırladırdı – eyni adətlər, oxşar mətbəx, eyni Şərqdir… Redaksiya Parisə dönməyimi tələb edirdi, mən isə inadkarlıq edib qalırdım. Düzdür, məni qonorarlardan məhrum etmişdilər, buna baxmayaraq cüzi şəxsi vəsaitim hesabına Beyrutda yaşamaq qərarındaydım. Havadan barıt qoxusu gəlsə də, heç kim yeni müharibəni gözləmirdi.

İyunun sonunda gözlənilmədən İsrail tanklarının işğalı başladı. Heç kəs buna hazır deyildi. Mən yenidən ön cəbhədəydim. Elə oldu ki, işğal gecəsi mən Qərbi Beyrutda yeganə Qərb fotomüxbiri idim. Yenə də mənim fotolarım bütün dünya KİV-də dərc olundu. Mən döyüş meydanndan çıxmırdım. Sonra yaralandım. İsrail fosforlu bombalar tətbiq edirdi. Məni ağır vəziyyətdə Parisə çatdırdılar.

– Sizin bioqrafiyanızın ən öyük qəribəliyi: dünyanın aparıcı mətbu orqanlarında tez-tez bombalar partladan Qərb jurnalisti birdən 1987-ci ildə sakit guşədə – Sovet Azərbaycanında peyda olur. Niyə Bakıya gəlməyə qərar verdiniz? Və necə oldu ki, Sovet hökuməti sizə öz ərazinizə gəlməyə icazə verdi?

69 yaşlı Rza Diqqəti müqavimət jurnalistikasından cilalanmış foto sənətinə qədər çox böyük həyat yolu keçib. O, perfeksionizmin köməyi ilə ictimai davranışın ən hissiyyatlı simlərinə toxunmağı öyrənib.

Ancaq innovasiya inqilabından sonra biz informasiya qəbulunun yeni dövrünü ötüb keçmişik. Televizor və qəzet ictimai fikir kimi virtual şəbəkə mühiti ilə unifikasiya olandan sonra məlumatın sürəti onun keyfiyyətindən daha dəyərli olub. İnformasiya sətiri səliqəsiz dolaşıq imzaya oxşaya, fotoqrafiya isə tutqun və bulanıq alına bilər, ancaq innovasiyaların diffuziyası nəzəriyyəsinin təntənəsindən sonra insanlar üçün informasiyanın çatdırılması sürəti önəmlidir. Xəbər insanın onun oxumasından dərhal sonra ölür. O, artıq heç kimə gərək deyil. Oxucuya da, jurnalistə də… Bizim dünyamızda və bizim zamanımızda bircə sətir bütöv bir art-prosesə qalib gələ bilir. Odur ki, şəbəkənin istənilən seqmentindəki bir səliqəsiz sətirin gücü və təsiri ən nüfuzlu dünya telekanallarının təbliğat gücü ilə eyniləşir. İki gün əvvəl bir nəzərə çarpmayan bloqda Qəndəharın çökməsi xəbəri peyda oldu. Və xəbər bir an içində bütün dünyaya yayıldı. Onu bütün bəşəriyyət oxudu… Xəbər sürətlə axan zamanın oxuna çevrildi.

Və əgər İran inqilabı başlayan gün 20 min nəşr bəşəriyyətə yeni tarixi prosesdən danışmaq üçün Rza Diqqəti ilə əməkdaşlıq arzusundaydısa, “Ərəb baharı” başlayan gün bir xırda telefon insanlara tarixin sonu və inqilabın doğuşundan danışırdı.

Mənim fikirlərim həmsöhbətimin xətrinə dəyir. Ancaq mən onu inandırmağa çalışıram ki, innovasion-texnoloji inqilab Qriboyedovun insan xoşbəxtliyi haqda fikirlərini  yox edib: «…xoşbəxtlər saata fikir vermirlər». İndi isə hamı xoşbəxtdir və saata fikir verirlər… Ancaq fəlsəfi mühakimələri yarıda kəsmək və tarixə dönmək vaxtıdır. O tarixə ki, hələ yox olmayıb.

Rza Diqqəti Əfqanıstana qayıdır

– Sizin bioqrafiyanızın ən böyük qəribəliyi: dünyanın aparıcı mətbu orqanlarında tez-tez bombalar partladan Qərb jurnalisti birdən 1987-ci ildə sakit guşədə – Sovet Azərbaycanında peyda olur. Niyə Bakıya gəlməyə qərar verdiniz? Və necə oldu ki, Sovet hökuməti sizə öz ərazisinə gəlməyə icazə verdi?

– Uşaqlıqdan Bakı ailəmizin ülvi arzusu olub. Atam gəncliyini keçirdiyi Xəzərin qoynundakı şəhər haqqında həmişə nostalji ilə danışıb. Hətta əmim də burada yaşayıb, sonra onu Stalinin dövründə həbs ediblər, hərçənd Xasavyurta qaça bilib… Bakı bizim üçün müqəddəs yer olub. İranda şahın dövründə Sovet Azərbaycanının radiostansiyasını dinləmək qadağan edilib. Atam həmişə öz radiosunu yorğanın altında gizlədib. Gündə bir dəfə gözümüzdən yayınıb yorğanının altına girirdi. Uzun illər bu mistikanı çözə bilmədik. Yalnız bir neçə il sonra öyrəndik ki, atamız yad gözlərdən, hətta bizdən yayınaraq, Sovet Azərbaycanının xəbərlərini dinləyirdi…   

Artıq Parisdə məşhur bir azərbaycanlı ilə tanış oldum.

– Söhbət Ramiz Abutalıbovdan gedir?

– Siz necə başa düşdünüz?

– SSRİ dövründə Parisdə Sovet Azərbaycanından bircə məşhur adam olub – YUNESCO-da işləyən Ramiz Abutalıbov. Mühacirət tarixçəmizi məhz o ilk dəfə Azərbaycana tanıdıb.  

– Onunla dostlaşdıq. Mühacirlərin hamısı Sovet Azərbaycanından olan birisinin YUNESCO-ya yüksək vəzifəyə təyin olunmasına yaxşı mənada təəccüblənmişdi. Onu tez-tez Parisdəki sərgilərimə dəvət etmişəm. Bir dəfə mənə Parisdə musiqi festivalının keçiriləcəyini dedi. Həmin festivalda Bakıdan olan tanınmış musiqiçilər iştirak edəcəkdilər. O məni və məşhur rəssam olan İmdadian qardaşlarını dəvət etdi. Həmin vaxt ilk dəfə Səxavət Məmmədov, Əminə Dilbazi və digər istedadlı şəxsiyyətlərlə tanış oldum. Ramiz Abutalıbov bir müddət sonra azərbaycanlı yazıçı Elçin Əfəndiyevin mənimlə görüşmək istədiyini söylədi. Yazıçı məni Mirzə Fətəli Axundovun 150 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməyə çağırdı. Elçin Bakıya gələ bilməyimiz üçün Moskvadan icazə aldıqlarını söylədi. Mən sevincdən göyün yeddinci qatında idim.    

İnanmağım gəlmirdi, ən ülvi arzum çin olmuşdu. Amma səmimi qəlbdən deyirəm, həmin köhnə Bakı məni sadəcə peşman etdi. Paytaxta çatanda enmə meydançasında bizi qarşılayan insanlardan soruşdum: “Bəs hava limanı haradadır?” Onlar əlləri ilə balaca ikimərtəbəli evi göstərdilər. Binə hava limanını xatırlayırsınız? Gözlərimə inanmadım – bu, atamın arzularının şəhəri olan Bakının hava limanı idi?! Sonra bizi “Jiquli” sovet avtomobilinə mindirdilər və bu narahat maşınlarda yola düzəldik. Mazut qoxusu ürəyimi bulandırırdı. Bizi ucu-bucağı görünməyən dəhşətli bir yolla apardılar. Bu, mərkəzi şose idi! Peşmançılıq duyğumu sözə çevirməkdə çətinlik çəkirəm. Sonu görünməyən dəhşətli yol bitmək bilmirdi. Nəhayət, iki saatdan sonra şəhərə girdik.

Ağladım. Hamı geri çevrilib soruşdu: “Niyə ağlayırsan?” Axı necə ağlamayım ki? Bakı ilə bağlı ta uşaqlıqdan qurduğum xəyallar gözümün qarşısında param-parça olurdu. Axı atam Bakını Cenevrə ilə müqayisə edir, onun Parisdən belə gözəl olduğunu söyləyirdi. Əvəzində mən nə görmüşdüm? Ətraf başdan-başa yoxsulluq və gerilik qoxuyurdu. Kasıb geyinmiş adamlar, bərbad yollar göz deşirdi, elementar infrastrukturdan danışmağına belə dəyməzdi… İnanın ki, gün boyu ağladım. Kasıblığa düçar olmuş həmvətənlərimlə qarşılaşmaq çox ağır idi. Hərçənd sonrakı günlər tədricən stressdən çıxmağa başladım. Bizi yazıçı Anar, şair Bəxtiyar Vahabzadə və Fikrət Qoca, bəstəkar Xəyyam Mirzəzadə ilə – Azərbaycan ziyalılarının görkəmli nümayəndələri ilə şam yeməyinə dəvət etdilər. Bu intellektuallarla maraqlı, qızğın söhbətlər yaddaşımda silinməz izlər buraxdı.

Amma yenə də ürəyimdən qara qanlar axdı. Bakını ilk dəfə tərk edəndə tez-tez özümdən soruşurdum – niyə xalqım bu qədər kasıb yaşayır?   

– Yəqin Allaha şükür etdiniz ki, 1946-cı ildə Pişevarinin inqilabı məğlubiyyətə uğrayıb. Yoxsa Cənubi Azərbaycan Təbrizlə birgə sovet hakimiyyətinin tabeliyi altında olardı. O zaman sizi də eyni tale gözləyərdi.   

– Hə, razıyam (gülümsəyir). Sovet Bakısında gördüklərim Parisdən gəlmiş birisi üçün kabus idi.  

– Bəs şah Təbrizindən gəlmiş adam üçün? Yəni biz sovet dövründə sizin şah rejimində olduğunuzdan daha pis yaşayırdıq?  

– Sözsüz ki, daha pis. Sadəcə həmin vaxt biz bunu başa düşmürdük.

– Sizsə şahdan narazı idiniz…

– Biz bunu sonra başa düşdük. Amma çox gec idi (gülür).

– Bəs İlham Əliyevin tikdiyi yeni Bakıya gəlişinizdən sonra hansı təəssüratlara sahib oldunuz? Xatirimdədir ki, 90-cı illərin əvvəllərində də burada olmusunuz, amma şəhər o vaxt hələ sovet şəhəri olaraq qalırdı.

– Sizin dediyiniz kimi, İlham Əliyevin tikdiyi yeni Bakıya gələndə yenə ağladım. Amma bu sevinc göz yaşları idi! Möhtəşəm hava limanı, əsrarəngiz avtomagistrallar, zümrüdü şəhər. Heyran olmuşdum. İndi Bakının hər yerində firavan həyat müşahidə edirəm. İnsanlar yaxşı yaşamağa, yaxşı geyinməyə başlayıblar, Bakı isə artıq Avropa şəhərlərinə oxşayır. Ancaq bəzən tənqidi ovqatlı adamların narazı və şikayətcil səsləri eşidilir. Kimsə məvacibin azlığından şikayətlənir, kimsə yollardakı asfaltın tez dağıldığını deyir, bəzilər su qıtlığından danışır. Bu cür tənqidi səsləri yarıda kəsirəm. Deyirəm ki, qulaq asın, iranlıların 40 il əvvəlki səhvlərini tərkrarlamayın. İstənilən kataklizm və dəyişiklik uzunmüddətli sosial böhranla nəticələnir. Sovet Bakısında kommunal mənzillərdə necə yaşadığınızı yada salın! Və bugünkü yaşayışınıza baxın. Yer və göy fərqidir. Soruşuram: Azərbaycanda kimsə guya aclıqdan əzab çəkir və ölür? Yox! Şax İranında isə əyalət sakinləri çörək qıtlığı yaşayırdı, Misirdəki kimi məzarlıqlarda və məscidlərdə gecələyirdi. Məgər indiki Azərbaycanda gecələməyə yer tapmayanlar var? Hər şey müqayisədə bilinir. Dünyanın çox hissəsində olmuşam. Azərbaycanda yaşayış səviyyəsi inkişaf etməkdə olan dövlətlərin böyük əksəriyyətindən yüksəkdir.

– Üstəlik, biz Qarabağ müharibəsində qalib gəlmişik. Əliyev bizə milli qürurumuzu və tapdanmış heysiyyətimizi qaytardı!  Siz birinci Qarabağ müharibəsini də lentə almısız. Neçə dəfə cəbhədə olmusuz?

– Bircə dəfə. Xocalı genosidindən sonra əcnəbi jurnalistlərlə birlikdə Bakıya gəldim. Azərbaycan birinci müharibəni niyə uduzdu?  Əfqanıstandan Konqoya qədər bir çox müharibəni görmüşəm və məndə hərb sənəti haqqında rəy formalaşıb,  bir çox hərbi kampaniyanı lentə köçürmüşəm. Həmin vaxt Azərbaycanda ordu yox idi və tam nizamsızlıq hökm sürürdü. Üstəlik Ermənistanı Rusiya və İran güclü müdafiə edirdi. Birinci müharibənin nəticəsi əvvəldən həll olunmuşdu. O müharibə azərbaycanlılar üçün qanlı faciəyə çevrildi.

– Sonra tale sizi Konqoya aparıb çıxardı. Və orada Ruanda tutsilərin dəhşətli genosidi baş verdi. Komandante Çe Gevara yazmışdı ki, Lumumbanın qətlinə biganə qalan ölkənin gələcəyi yoxdur.  Niyə taleyinizi bu gələcəyi olmayan ölkədə sınamaq qərarına gəldiz?

– Bəli, bu, dəhşətli faciə idi. Hələ də gözlərimin qarşısında on minlərlə cəsəd canlanır. Ancaq mənim missiyam Ruandada bir çox insana kömək etdi. Mənim fotoqrafiyalarım vasitəsilə uşaqlar öz valideynlərini axtarırdılar. Qaçqın düşərgələrini dolaşır və fotosərgilər düzəldirdim. O fotolarda valideynlər övladlarını tapırdı. O günlərin hadisələrini xatırlamaq çox çətindir. Yaddaşımda cəsədlərlə dolu küçə canlanır… (Kədərli baxışlarını kənara çevirir – E.F.) Bağışlayın, bu haqda danışmaq istəmirəm… (Pauza. Bir dəqiqə susuruq. Sonra həmsöhbətim dərindən köks ötürüb söhbətə davam edir – E.F.). Orada iki genosid baş verdi. Birinci qırğında xutular yüz mindən çox tutsini qətlə yetirdi. Dünya bu faciədən xəbərsiz idi. Və mən həmin qətlləri çəkdim. Yenə də dünya nəşrləri mənim fotoqrafiyalarımı yaydı. İki milyondan çox tutsi qaçqın düşdü. Və mən onların çadır şəhərciklərini çəkən ilk fotoqraflardan idim. 1993-1997-ci illər tarixin ən dəhşətli insan faciələrindən birinə şahidlik etdi.

– Siz Konqoda Mobutunun devrildiyi dövrdə işləmisiz?

– Yox, həmin vaxt mən Ruandada idim.

– Peşəkar fəaliyyətinizdəki əsas hadisələrdən birinə – Əfqanıstana toxunmağı unutduq…

– Sovet qoşunlarının çıxarılmasından başlamış Məhəmməd Nəcibullanın edamına və milli hökumətin bərqərar olmasına qədərki bütün prosesi izlədim. Pəncşir şiri adlandırılan Əhməd Şah Məsudla çoxlu ünsiyyətimiz oldu. O, cəlbedici şəxsiyyət idi. Əfqanıstanın bütün məşhur komandirlərinin – Hikmətiyarın, Rəbbaninin, Dustumun fotolarını çəkdim… 1983-cü ildən başlayaraq mən dünyanın sonuna qədər fəth olunmayacaq bu ölkəyə 50 dəfədən çox səfər etdim. Heç bir ölkədə bu dərəcədə ruhən güclü və tamamilə azad insan görmədim. Bütün əfqan müharibələrinin 40 illik tarixi mənim fotolentimdə əks olunub.

– Kabinetinizdə kofr – peşəkar reportyorun atributunu gördüm.İndi yolunuz haradır?  Əfqanıstana? Ora yenə qaynar nöqtədir…

– Bəli, düz tapdız. Əfqanıstana gedirəm.

– Əgər əvvəllər fotomüxbir və operator insanlığı qaynar nöqtələrlə əlaqələndirən yeganə bağ idisə, bu gün smartfon var. Nə qədər ədalətsizdə olsa, informasiyanın ötürülmə sürəti onun keyfiyyətindən daha əhəmiyyətli olub. Sosial şəbəkələr həvəskar çəkilişlərlə doludur… (Həmsöhbətim üçün xoşagəlməz olan çoxdan gözlədiyim cavabı eşitmək üçün söhbətimizin əvvəlinə qayıdıram – E.F.)

– Təəssüf ki, yenə haqlısız. Sürət keyfiyyətdən daha dəyərli olub.  Ancaq bunu ədalətsizlik saymıram. Bu, oxucuya münasibətdə ədalətlidir.  Onun anındaca informasiya almaq hüququ var və informasiya inqilabının hesabına bu mükəmməlliyə nail olunub…  Fotomüxbir peşəsinin sıradan çıxdığına eyham vurduğunuzu anlayıram. Sürət keyfiyyətdən vacibdir. Ancaq bu, keyfiyyətin özünü inkar etmir. Mən Əfqanıstandakı yeni müharibəni çəkəcəyəm. Və mənim fotoqrafiyalarımın hər biri müharibə haqqında ani informasiyadan daha aydın və dolğun danışacaq. Daha gec, ancaq daha dolğun və həqiqi. Heç kəs oxucunun gecikmiş, ancaq keyfiyyətli informasiya hüququnu əlindən ala bilməz. Gecikmiş, ancaq sözlə zəngin.

– Əfqanıstanda uğurlar arzulayıram.

– Görüşənə qədər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir