Gələcəyimizə ən böyük təhlükə: narkotik. Aydın Xan Əbilovdan sərt münasibət

“Son illərdə yarım sintetik və sintetik uyuşdurucu maddələrin, narkotik vasitələrin belə tez və geniş yayılması gözlənilən hal idi. Çünki, uzun müddət bununla bağlı ictimai xadimlər, jurnalistlər hətta sonralar bloggerlər də materiallar, həyəcan siqnalları çalan müxtəlif videolarla çıxış edirdilər. Amma, təəssüflər olsun ki, nə cəmiyyət, nə əlaqədar dövlət orqanları buna o qədər də əhəmiyyət vermirdilər”.

Bu sözləri SİA-ya açıqlamasında VCA və YYSİB sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da son illər daha çox sintetik, tez əldə edilən müxtəlif kimyəvi vasitələrin birləşməsindən ibarət olan “şüşə patı” adlandırılan maddənin yayılması başa düşüləndir: “Birincisi, bunlar çox ucuz başa gəlir. Bunun üçün nə böyük bir fabriklər yaratmaq lazımdır, nə də çətənə kimi təbii uyuşdurucu bitkilərdə olduğu kimi xidmət etmək, 6 ay yetişdirmək lazımdır. İnternetdən sirrini öyrənməklə bir neçə kimyəvi maddə və yaxud aptekdə satılan dərmanların birləşməsindən ibarət belə sintetik uyuşdurucular hazırlanır və bu da tez öz alıcısını tapa bilir. Çünki ucuzdur, heç kim onun üçün əziyyət çəkmir və ən əsası da son illərin baş verən hadisələri insanlarda bunlara aludəçilik yaradır”.

Yazıçı-kulturoloq əlavə edib ki, pandemiya, koronavirus, karantin qadağaları, bir çox yerlərdə iş yerlərinin bağlanması, müharibə və müharibədən sonrakı fəsadlar, işsizlik və ən əsası da gənclərin işləmək, fiziki əməklə məşğul olmaq istəməmələri ona gətirib çıxarır ki, onlar hardasa müxtəlif yollarla zövq almaq istəyirlər: “Bütün dünyada olduğu kimi Azərbaycanda da bu belədir. Azərbaycan dünyanın bir hissəsidir. Mümkün deyil ki, dünyada baş verən hadisələr Azərbaycanda baş verməsin. Kütləvi informasiya vasitələrində azad seks, sərbəst həyat, liberal və meşşan həyat tərzinin təbliği buna gətirib çıxarır və biz bunu gözləyirdik, dəfələrlə bu barədə demişdik. Vaxtilə “kley” iyləyən yeniyetmələr, daha sonra tablet atan gənclər indiki patı, uyuşdurucu maddələrdən istifadə edən cavanlara çevriliblər. Bundan sonra bizi nələr gözləyir, onu bir Allah bilir.

Fikir verin gənclərimizin çoxu işsiz, oturaq işdə işləyirlər və yaxud da hərəkətsizlik, heç bir hərəkətin olmaması, öz bədənlərini gündəlik fiziki gərginliyə salmamaları, idman və digər əyləncə yerlərinin öz asudə vaxtını səmərəli keçirə biləcəyi yerlərin bağlanması, həyatda motivasiyanın olmaması onlarda tez zövq almaq, kef etmək patı vasitəsilə yalandan özləri üçün cənnət yaratmaq ideyasını yaradır. Bu baxımdan da insanlar, xüsusən də gənclərimiz patı kimi sintetik uyuşturuculara meyl göstərirlər. Digər tərəfdən həmin patını istehsal edən, həmin patının satışını təşkil edən, həmin patının satışına icazə verən hüquq mühafizə orqanlarının bəzi əli əyri nümayəndələri, məmurlar, iş adamlarını da unutmamalıyıq. Narkotacir və narkoşəbəkə sahiblərinin marağında var ki, nə qədər çox insan onların istehsal etdiyi, ölkəyə gətirdikləri və satdıqları bu sintetik və yaxud təbii narkotik maddələrdən istifadə etsə, onların xəzinəsi bir o qədər artır və onlar bir o qədər varlanırlar. Çox təəssüf ki, hər yerdə bu xəbərləri biz alırıq. Rayonların müxtəlif yerlərində ya icra başçılarının müavinləri, ya icra başçılarının özlərinin övladlarının, məmur balalarının da bu sintetik və təbii uyuşdurucu maddələrin satışında iştirak etdikləri, hətta bir çox digər bu işlərə cavabdeh olan şəxslərin də övladlarının bu işdə əli olduğu haqqında məlumatlar alırıq. Bunları yayan jurnalistlər həbs olunur, bunları ifşa edən jurnalistlərin özlərini narkoman, rüşvətxor çıxardıb həbs edirlər. Amma qanunsuzluğu edən insanlar sadəcə at oynadırlar. Cəmiyyət və dövlət qurumları belə insanlara qarşı çox sərt olmalıdır və karantin, pandemiya əlbəttə ki, bu məsələləri bir az da gücləndirdi”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bir insanın ki, motivasiyası yoxdur, bir insan ki, işsizdir, ata-ana onu güc bəla ilə evləndirir və iki aydan sonra boşanma baş verir. Bu tip insanın həyatda heç bir marağı yoxdur, başı məhkəmələrə qarışır. Əlbəttə bu belə zərərli vərdişlərə qoşulacaq, ya narkotika satacaq, ya narkotika istifadəçisi olub öz həyatını məhv edib və digərlərinin də həyatını məhv edəcək. Son günlər bir neçə yerdə uşaqların yeniyetmələrə patının havayı paylanması ilə bağlı faktlar gəlir. Şəhərdə, ölkədə bu qədər güvənlik kameraları, bütün evlərdən tutmuş, yaşayış binalarından tutmuş, küçələrdən tutmuş, banklardan tutmuş, hətta avtobuslara qədər bu qədər güvənlik kameraları olduğu bir vaxtda bu insanlar necə patı sata bilərlər?! Bu insanlar necə narkotik maddələri uşaqlarımıza sırıya bilərlər?! Fikirləşirəm ki, bununla bağlı inzibati xətalar, ümumiyyətlə aradan qaldırılmalıdır, cinayət məcəlləsinə xüsusi bəndlər salınmalıdır və belə insanlar o dəqiqə güllələnməlidir. Bəli, Azərbaycanda güllələnmə yoxdur. Amma polisə müqavimət zamanı polisin silahdan istifadə etmək hüququ var və o dəqiqə bu insanlar güllələnməlidir ki, digərlərinin də gözü qorxsun, yoxsa bizi çox böyük problemlər gözləyir.

Son illər evlənənlərin 90 faizi boşanma ilə nəticələnir. Evlənənlərin 80 faizi təbii yolla uşaq dünyaya gətirə bilmir və yaxud oğlanlarımız qısırdır, normal uşaq atası ola bilmirlər və digər problemlər hamısı məhz bununla bağlıdır. Üstəlik, yalnız patı, sintetik maddələr deyil, məsələn tez hazırlanan yeməklərdən tutmuş energetik içkilərə qədər, tütün məmulatlarından tutmuş spirtli içkilərə qədər bizim gənclərimizin, cavanlarımızın, gələcək nəslimizin həyatını məhv edir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Energetik içki içən yeniyetmə uşaq valideyn sabah əlbəttə ki, patıya da, digər uyuşdurucu maddələrə də keçər. Ona görə də cəmiyyət və dövlət bununla bağlı sərt mübarizə aparmalıdır və bu sərt mübarizənin biz nəticələrini görməliyik. Düzdür, bir, iki nəfər tutmaqla bu məsələ həll olunmur. Bəli, Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsi çox böyük fəaliyyət göstərir. Amma yalnız polisin və aidiyyəti hüquq-mühafizə orqanlarının gücü ilə bu məsələni həll etmək mümkün deyil. Cəmiyyət, valideynlər insanlar, kütləvi informasiya vasitələri, ictimai fəallar, ictimai sektor, ictimai liderlər birləşsə, bu problemi tezliklə adlaya bilərik. Əvvəllər kley iyləyən uşaqlar, və yaxud tablet qəbul edən gənclər necə sıradan çıxdı?! Bu mərhələni də biz keçəcəyik. Sadəcə bir iradə, bir güc, bir ictimai müqavimət və ictimai qınaq lazımdır ki, bu problem həll olunsun”.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı da münasibət bildirib: “Məsələ belədir ki, əsasən kimsə pis bir vərdişə alüdə olduqda bunu daha çox bekarçılıq, pulsuzluq, sosial problem və işsizliklə əlaqələndirirlər. Biz o qədər sosial problemlərin içərisində böyüyən nəsil olmuşuq ki, amma narkotik alüdəçilərinin içində bizim nəsildən olan çox az insan var. Onların əksəriyyəti 20+ yaş qrupuna daxil olan gənclərdir. Onlar o qədər bolluq-bərəkət içində yaşamağa öyrəşiblər ki, əllərini atdığı hər şeyə nail olub və hərşeylə təmin olunublar. Onlar çətinlik görməyiblər və onlar üçün həzzin müxtəlif variantlarını axtarmaq adət halını alıb. Odur ki, mən bunu tamamilə kef və damaqla əlaqələndirirəm.

Demək istədiyim odur ki, burada karantnin heç bir rolu yoxdur. İnsan çətin vəziyyətə düşdükdə, daha çox sabahını düşünür ki, sabaha 5 manat pul ayırım qoyum. Yəni, insanlar karantin rerjimində bunu düşünməlidir, narkomanlığı yox. Təbii ki, söhbət normal insandan gedir. Karantin rejimi insanları niyə narkoman etməlidir?! Bunun karantin rejimi ilə heç bir əlaqəsi yoxdur. Bu tamamilə zövq və həzz məsələsidir”.

Ayşən Vəli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir