İctimai nəqliyyatda xanımlara və yaşlılara yer verilməlidir? – ANALİTİK -EKSPERT RƏYİ

“Mental dəyərlərimizə görə, qadınlara, o cümlədən də yaşlı xanımlara, hamilə qadınlara və uşaqlara hər yerdə xüsusi sayğı və hörmət göstərilir. Bu hörmət nəticəsində insanlarımız özlərini hər zaman rahat komfortlu hiss ediblər. Keçmişdə metro, avtobus və yaxud ictimai nəqliyyatın digər növlərində insanların sayı həddindən artıq çox idi. Növbələrdə bir xaos var idi. Hələ növbə, ictimai nəqliyyatdan istifadə etmə mədəniyyəti yox idi, etik davranış normaları qorunmurdu. O zaman mental dəyərlər tələb edirdi ki, qadınlar, hamilə xanımlar, analar, nənələr və yaxud yaşlı insanlara, hətta uşaqlara hər yerdə birinci növbədə imkan yaratsınlar ki, onlar ya otursunlar, ya da növbəsiz keçsinlər”. Bu sözləri SİA-ya açıqlamasında Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, indi də bu prinsip durur: “Amma bəzi hallarda biz, xüsusən də yeni nəsil buna etiraz edir. Çünki, görürük ki, bir çox yaşlı xanımlar lazım gəldi və ya gəlmədi, pandemiya dövründə belə şəhərin bu başından minirlər, o biri başında düşürlər. Yəni, 30 qəpiklik yolu qət edirlər. Birincisi maşınlar yüklənir, ikincisi pandemiya dövründə sosial məsafə saxlanılmır, üçüncüsü bunlar maska taxmırlar, dördüncüsü əylənməyə, ticarətə, restorana şopinq etməyə gedirlər. Amma cavan oğlanlar ki var günün bu qızmar çağında 40 dərəcədə onlar işləyirlər, yorulurlar, usanırlar və bunlar işləməsə həmin qadınlar pensiya almayacaqlar. Həmin yaşlı adamlar çörəklə təmin olunmayacaq, şəhərlərimiz təmizlənməyəcək, maşınlar işləməyəcək, iqtisadiyyatımız bərbad günə düşəcək. Bunu bizim yaşlı xanımlar başa düşmür. Müəyyən mənada bizim ictimai nəqliyyatda sabitlik, harmoniya var və bilirsiniz ki, artıq çox tutumlu avtobuslar və digər nəqliyyat növləri alınıb. İnsanların çoxunun fərdi maşınları var və düşünürəm ki, bu məsələdə mental dəyərin bu hissəsini biz asanlaşdırmalıyıq və eynilə xarici ölkələrdə olduğu kimi biz qadınlara yer vermək üçün davaya keçməməliyik. Əksinə, ictimai nəqliyyat strukturuna cavab verən məmurlardan tələb etməliyik ki, avtobuslar arası məsafə az olsun, dayanacaqlar yaxın olsun, insanlar oturacaqlardan istifadə etsinlər”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Əgər yer yoxdursa, basabasda ayaq üstə qalmaqdansa, xəstəliyə yoluxmaqdansa ora girməsinlər. Bu baxımdan əlbəttə ki, cavan nəslin məntiqi aydındır, “mən də 30 qəpik verirəmsə, qadın da 30 qəpik verirsə, qadın sağlamdırsa, hətta yaşlı nəslin nümayəndəsi də olsa belə mən ona niyə verməliyəm?” və üstəlik də bütün beynəlxalq beyin mərkəzləri, düşüncə mərkəzləri, tibbi mərkəzlər, hətta beynəlxalq səhiyyə təşkilatı belə fiziki müqavimət, hərəkətin insanın sağlamlığı üçün, uzun ömürlülüyü üçün lazım olduğunu bildirir və ictimai nəqliyyatda yaşlı nəslin nümayəndələrinə qadınlara hətta hamilə xanımlara belə yer verməyin deyə səslənirlər. Çünki onlar evdə divanda uzanırlar, liftdən istifadə edirlər. Evdə hərəkətsizlik, ictimai nəqliyyatda hərəkətsizlik və demək olar ki, heç bir hərəkət etmirlər. Dünyanın istənilən ölkəsində həkimin yanına getsəniz ilk növbədə həkimdən eşidəcəksiniz, ki, “gündə neçə min kilometr yol getmisiz?” Hər halda 5 kilometr və 10 kilometrə qədər hərəkətin vacibliyi, sağlamlığımız üçün önəmlidir”.

QHT sədri bildirib ki, avtobuslarda biz xanımlara, qocalara yer verən zaman onların məhvinə aparıb çıxardırıq: “Əvvəlki dövr deyil ki, avtobuslar istədikləri kimi sürsünlər, tormoz versinlər. İndi bilirsiniz ki, avtobuslar üçün ayrıca xəttlər və yollar salınıb. Onlar da normal sürürlər. Eyni zamanda, təhlükəsizlik kameraları onların hər hansı bir hərəkətini, qayda pozuntusunu o dəqiqə videoya çəkir və o adam cəzalandırılaraq işdən çıxarılır. Ona görə də bir çox problemlər həll olunduğuna görə bu məsələyə bir qədər fərqli baxmağın tərəfdarıyam. Amma istənilən halda kimsə hörmət əlaməti olaraq qadınlara, yaşlılara yer vermək istəyirsə bu onun öz şəxsi istəyindən irəli gəlir və bu hörmətə layiqdir. Digər tərəfdən kimsə yer vermirsə, həmin adamı fiziki işlətmək üçün bu çox vacibdir. Yer vermirsə ona da pis baxmaq olmaz. Hər hansı bir qadın, yaşlı nəslin nümayəndəsi bir gənci buna görə tənqid, təhqir edirsə o dəqiqə o qadını inzibati məsuliyyətə cəlb etmək lazımdır ki, o kimdir ki, cavan oğlanı, gənci, fərdi, hər hansı bir insanı hörmətdən salır, nüfuzunu ləyaqətini alçaldır. Mən istərdim ki, bu məsələyə belə də yanaşaq”.

Ayşən Vəli,

https://sia.az/az/news/social/886772.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir