Aldadiçi reklam və elanlar. “Ölüb yerə girmirsiz?” VCA. Və YYAİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov
“Aldadıcı və çaşdırıcı bildirişlər, reklamlar, müxtəlif başaldadan məlumatlar sözsüz ki, 21-ci əsrin ən böyük problemlərindən biridir. Əvvəllər hər hansı elan və bildirişin, reklamın tirajlanması, qəzetlərdə yayımının təşkili, televiziya və radiolarda səslənməsi, göstərilməsi üçün bir neçə mərhələdə yoxlanışlar olurdu və dövlətin aidiyyəti qurumlarının rəyindən sonra bu reklamlar, elanlar geniş ictimaiyyətə çatdırılırdı. Müstəqil dönəmdən bu yana dövlət qurumlarının bu istiqamətdə nəzarətedici funksiyası sanki zəiflədi. Kütləvi informasiya vasitələri, televiziyalar, radiolar, qəzetlər, jurnallar, müxtəlif nəşrlər, reklam bukletləri, bülletenlər və s. eyni zamanda internetin və sosial şəbəkənin inkişafı, sosial medianın meydana gəlməsi, müxtəlif platformaların geniş şəkildə həyatımıza daxil olması reklam və bildiriş, elan sahəsində bir xaotik vəziyyətə gətirib çıxartdı”.
Bu sözləri SİA-ya açıqlamasında VCA. Və YYAİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, təsəvvür edin ki, hələ indinin özündə də qanunvericilikdə müxtəlif dəyişikliklər edilir: “Spirtli içkilər, tütün məmulatları, energetik içkilər müəyyən yaş və zaman çərçivəsində qadağalarla üzləşsə də bu və ya digər dərəcədə gizlin, aldadıcı reklamlar vasitəsilə insanlara çatdırılır. Bu xüsusən də gənclər, yeniyetmələr və uşaqların tərbiyəsini pozan müxtəlif növ aldadıcı reklamlar o cümlədən də oyun, lotereya katalizator kimi növlərə aid olan elanlar və aldadıcı reklamlara aiddir. Son vaxtlar fikir versəniz bloggerlər internet saytlarında energetik içkilərin reklamını edir. Sanki ana südü və cənnətin içkisi kimi insanların, gənclərin beyninə yeridilir. Siqaretlər, elektron siqaretlər, uyuşdurucu maddələr, hətta o qədər həyasızlıq baş alıb gedir ki, bu sahədə “Tik-Tok” və digər platformalarda patı, şüşə, kokos kimi tanınan sintetik və yarım sintetik narkotik vasitələr belə reklam edilir və insanları çaşdırır. Xüsusən də gəncləri yoldan çıxarır”.
“Reklam deyəndə yalnız və yalnız açıq mətnlərlə, və yaxud görüntülərlə, foto və video materiallarla verilən elandan söhbət getmir. Eyni zamanda qapalı və obrazlı reklamları da biz görürük. O qədər belə reklamlar edildi ki, bu adiləşdi və insanların beyninə yeridildi”.
“Reklamların aldadıcılığı ilə bağlı problem daha çox özünü ictimai-sosial sahələrdə göstərir. Bu sahələrdə baş verən müxtəlif aldadıcı reklamlar xüsusən də siyasi piar texnologiyasında açıq aydın istifadə edilir. Qara və ağ piardan, eyni zamanda müxtəlif şəbəkə ticarətində reklamdan gen bol istifadənin biz şahidi oluruq. Bununla bağlı sanki heç tənzimləmələr yoxdur. Xalqın, insanların mənəviyyatına reklamlar vasitəsilə vurulan zərbələr heç kimin sanki vecinə deyil”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Son vaxtlar Azərbaycana yad olan müxtəlif dini, ictimai, sosial, mədəni, məişət, həyat texnologiyaları belə balaca reklamçılar tərəfindən bizim beynimizə yeridilir. İnsanlarımız sanki əlimizdən alınır, əlimizdən çıxırlar və biz bununla mübarizə apara bilmirik. Vaxtilə biz əxlaq polisini təklif etmişdik və əxlaq polisinin bir hissəsi məhz bu aldadıcı reklamlar, elanlar, məlumatların yayılmasının qarşısının alınması üçün idi və çox təəssüflər olsun ki, indi artıq belə aldadıcı reklamlarda sadə insanlardan, aktyorlardan yox, tanınmış insanlardan istifadə etməyə başlayıblar. Müxtəlif mərc oyunları və müxtəlif idman yarışları katalizatorla bağlı elan və reklamlarda məhz tanınmış insanlardan istifadə edirlər. Mən üzümü onlara tutub deyirəm, ölüb yerə girmirsinizmi? Siz utanmırsınızmı? Xalqın, gələcək nəslin məhv etməkdə əliniz olub beş, on manat qazanırsızsa onu öz uşaqlarınıza necə yedirdə bilirsiniz? Belə insanları qınamaq lazımdır”.
“Eyni zamanda dövlətin sərt bir siyasəti olmalıdır. Aldadıcı reklamlarla və bu reklamları paylayan, hazırlayan insanlarla bağlı nəinki inzibati hətta cinayət məsuliyyəti müəyyənləşdirilməlidir, qanunvericilik bununla bağlı sərtləşdirilməlidir. Son vaxtlar, xüsusən də dərman preparatlarının iynələrin və hətta arıqlama vasitəsi adı altında sintetik narkotik maddələrin yayımı və reklamı çox böyük şəbəkə formasında genişlənməkdədir və bunun da qarşısını hələ ki dövlət ala bilmir. Nə qədər kiçik ticarətçiləri şəbəkənin balaca aşağı hissəsində olan şəxsləri cəzalandırsalar amma yuxarı qatda olan insanların hələ ki biz cəzalandırılmasını görmürük. Bu mənada aldadıcı reklamlarla bağlı dövlətdə, qanunvericilikdə yeniliklər olmalıdır və sərt cəza tətbiq olunmalıdır”.
Ayşən Vəli,

