“Abidə” MTK-nı yarımtikililər abidəsinə niyə çevirdilər: məmurlardan əli üzülən payçıların Prezidentə MÜRACİƏTİ…
Azərbaycan Respublikasının Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyev cənablarına
Surətləri: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri ASK-nın Müşahidə Şurasının sədri, cənab Natiq Əmirova, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi ASK-nin Müşahidə Şurasının üzvü, cənab Xalid Əhədova Azərbaycan Respublikasının İqtisadiyyat naziri, cənab Mikayıl Cabbarova, Azərbaycan Respublikasının Maliyyə naziri, ASK-nin Müşahidə Şurasının üzvü, cənab Samir Şərifova, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, ASK-nin Müşahidə Şurasının üzvü, cənab Elman Rüstəmova, Azərbaycan Respublikasının Kənd Təsərrüfat naziri, ASK-nin Müşahidə Şurasının üzvü, cənab İnam Kərimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı, cənab Eldar Əzizova

İCTİMAİ MÜRACİƏT
Möhtərəm Prezident.
Biz, Baki şəhəri, Lev Tolstoy, Zərgərpalan, S. Tağızadə və M.Muxtarov küçələrin kəsişməsi ünvanında yerləşən, Umummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Yazıçılar Birliyinə hdiyyə olunmuş və AYB ilə ümumi razılığa əsasən tikintisinə 2004-cü ildə “Abidə” MTK tərəfindən başlanılan on iki mərtəbəli binada müxtəlif vaxtlarda mənzillər almış və 17 ildir ki mənzillərimizin təhvil verilməsini gözləyən Azərbaycan vətəndaşları olaraq Sizə müraciət edirik.
Əvvəlcə ölkəmizin hər bir vətəndaşının həyat və güzəranını yaxşılaşdırmağa yönələn uğurlu daxili siyasətinizə və iqtisadi-sosial islahatlar görə Sizə minnətdarlığımızı bildiririk. II Qarabağ Vətən Müharibəsindəki möhtəşəm qələbəyə görə isə Sizə xüsusi dərin təşəkkürlrimizi çatdırırıq.
Sizin rəhbərliyinizlə qazanılan bu şərəfli qələbə həm dünya tarixinin salnamələrində, həm də Vətənini ürəkdən sevən hər bir insanın qəlbində əbədi olaraq qalacaq.
Məmurların korrupsiya və digər arzuolunmaz fəaliyyətlərinin qarşısını almaq üçün gördüyünüz böyük işləri yüksək qiymətləndirir, ellikcə dəstəkliyirik.
Möhtərəm Prezident.
Siz hər zaman çıxışlarınızda məmurları insanların problemlərini dinləməyə çağırırsız.
Və çox təəssüf edirik ki, səsi məmurlara eşidilməyənlər olaraq biz birbaşa Sizə müraciət etmək məcburiyyətindəyik. Uzun müddət həll edilməyən problemlərimizdən usanan vətəndaşlar olaraq düşünürük ki, qarşılaşdığımız ədalətsizliyə son qoyacaq, yeganə ümidimiz Sizsiz.
Vətəndaşlarımızın qarşılaşdıqları hər hansı bir oxşar çətinliklə bağlı ünvanladıqları bir çox müraciətlərin Sizə çatmadığını başa düşürük. Amma səsimizin eşidiləcəyinə və problemimizin həll olunacağına ümidimizi itirmirik.
Son 17 ildə mənzil alan hər kəsə binanın qısa müddətdə istifadəyə veriləcəyi barədə
çox inandırıcı şəkildə müxtəlif vədlərverilirdi. Binada mənzil almış və bütün bu illər ərzində kirayə qalmaq məcburiyyətində qalan ailələr var. İllər keçdikcə bəzilərimiz evin tikilib başa çatmasını gözləyə gözləyə bu evdə bizimlə yaşamağı xəyal edən yaxın qohumlarımızı itirmişik. Mənzillərin əldə olunması üçün banklardan ipoteka krediti götürən və hələ də ödəyən ailələr var.
Bütün bu illər biz səbirsizliklə ədalətin bərqərar olacağını gözləmişik.
Möhtərəm Prezident.
Sizin 15 iyul, 2015-ci tarixli “Azərbaycan Beynəxalq Bankı” ASC-nın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərmanınıza əsasən 11 noyabr 2016-cı il tarixində bina Azərbaycan Beynəxalq Bankı tərəfindən “Aqrarkredit” SKT təhvil verilmişdir. Daha sonra, Sizin 4 dekabr 2017-ci il tarixli fərmanı ilə Abidə MTK “Aqrarkredit” SKT tərəfindən “Azərbaycan Sənayə Korporasiyası” (ASK-a) təhvil verilmişdir. Bu fərmanlar bizə çox ümidlər vermişdi. Amma ümidlərimiz hələ də gerçəkləşmədi.
Təxminən dörd il yarım ərzində biz fərqli vaxtlarda ASK-nın məmurlarla görüşməyə çalışdıq və onlar bizə binanın tezliklə tikilərək təhvil veriləcəylə bağlı müxtəlif vaxtlarda fərqli vədlər verirdilər.
Beləcə, yaşayış binanın ABB-yə aid olduğu müddətdə yaranan vəziyyət təkrarlanmağa başladı və bizə də eyni sözlər verildi. Biz inanırdıq, çünki bina ASK-ya təhvil verildikdə bütün əsas tikinti işləri başa çatmışdı. Yalnız transformator və su anbarının quraşdırılması işləri, kommunikasiyaların aparılması və həyətdə müəyyən xırda işlər tamamlanmalı idi. İki il əvvəl ASK nümayəndələri bizə dedilər ki, əsas tikinti başa çatdığından işləri yekunlaşdırmaq üçün cəmi 3-4 ay vaxt lazımdır. ASK-ya çoxsaylı müraciətlərimizdən sonra, keçən ilin yazında bütün işlərin əvvəlcə 2020-ci ilin sonunda, daha sonra ən gec 2021-ci ilin yazında tamamlanacağını və 2021-ci ilin sentyabrında binanın istifadəyə veriləcəyinə söz verilmişdi.
Ancaq bu müddət ərzində binanın tamamlanması ilə bağlı işlər əhəmiyyətli dərəcədə irəliləmədi. Əvvəllər bu, maliyyə çatışmazlığı ilə əsaslandırılırdı, hətta ASK tərəfindən sakinlərə yeni alıcıları cəlb etmələri təklif olundu. Yeni alıcılar cəlb edildi. Binada 10-a yaxın mənzil mövcud yüksək kommersiya qiymətləri ilə satıldı və bu da işin tamamlanmasına tam imkan verirdi. Bu il yazın əvvəlində nəhayət tikintini başa çatdırmaq üçün işlərə başlasalar da, bəlli olmayan səbəblərə görə işlər yenidən dayandırıldı. Eyni zamanda, ASK rəsmilərinin özləri də etiraf edirlər ki, binanın tamamlanaması və təhvil verilməsi üçün yalnız su anbarının tikilməsi qalır.
Yalnız kiçik bir su anbarının tikintisi qalmışkən, ASK kimi böyük bir şirkət tərəfindən binanın tamamlanma işlərinin uzun müddət gecikdirilməsi bizi cox narahat edir. Binanın tamamlanmasının və gecikməsinin səbəbinin nə olduğunu ASK-nın rəsmi şəxslərindən heç kim bildirmək istəmir. Aydındır ki, tikilntinin başa çatması və qeyri-yaşayış sahələri sahələrinin (3000 kvadrat metrdən çox) və hələ də satılmayan mənzillər, 100-ə yaxın qaraj, həmçinin çoxmərtəbəli üç blokdan ibarət olan binanın istismara verilməsi və istismardan əldə edilən vəsaitlər həm ASK, həm də ölkə büdcəsinə əlavə gəlirlər gətirə bilər ki, bu da tikilinin yerləşdiyi ərazilərin sahmana salınmasına və şəhərimizin daha da gözəlləşməsinə yönəldilə bilər. Tikintini başa çatdırmaq məqsədi ilə binada mənzillərin satışından əldə edilən gəlirlərin səmərəli istifadəsi üçün bir Şuranın yaradılması bu prosesi sürətləndirə bilər.
Hörmətli cənab Prezident, ədalətin bərqərar olmasına – binanın tamamlanaraq sakinlərə təhvil verilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirik.
Hörmət və dərin ehtiramla, binanın payçıları

