“Vətən müharibəsi şəhidləri” kitabının Şəmkirdə keçirilən təqdimat mərasimi: qürurverici anlar yaşandı

Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə nəfis tərtibatda nəşr olunan “Vətən müharibəsi şəhidləri” çoxcildliyinin birinci kitabı şəhid ailələri, Azərbaycan Ordusunun şəxsi heyəti və xalqımız tərəfindən böyük maraqla qarşılanır. Artıq iki aya yaxındır respublikamızın şəhər və rayonlarında müəllifin iştirakı ilə silsilə tədbirlər keçirilir, ensiklopedik xarakterli xatirə kitabının nüsxələri şəhid ailələrinə, muzey və kitabxanalara hədiyyə edilir. Bakı, Gəncə, Şəki, Biləsuvar, Cəlilabad, İsmayıllı, Astara və digər şəhərlərdə reallaşan tədbirlərdən şəhid ailələri minnətdarlıqla, qürurverici hisslərlə ayrılırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, növbəti tədbir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunub. Müdafiə Nazirliyi rəsmilərinin, Şəmkir Rayon İcra Hakimiyyəti rəhbərliyinin, Vətən müharibəsi şəhidlərinin Şəmkir rayonunda yaşayan ailə üzvlərinin, hərbi qulluqçuların və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təqdimat mərasimini açaraq deyib ki, iki aydan sonra xalqımız və ordumuz ilk dəfə olaraq sentyabrın 27-ni Anım Günü kimi qeyd edəcək. Hələ 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb və bu Sərəncam bütün dünya azərbaycanlıları tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb. Sərəncamda qeyd olunur ki, Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütünlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Natiq Prezident Sərəncamına əsaslanaraq bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Elə bu məqsədlə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşüb, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırıb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsini qərara alıb. Hazırda respublikamızın bütün regionlarında olduğu kimi, Şəmkir rayonunda da 27 sentyabr – Anım Gününə ciddi hazırlıq işləri görülür.

Sonra F.Vəliyev 28 il öncə Murovdağ uğrunda döyüşlər zamanı yaxından tanıdığı, yaradıcılığına, xidmətlərinə bələd olduğu Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanini tədbir iştirakçılarına təqdim edərək onun gərgin zəhmətinin bəhrəsi olan “Vətən müharibəsinin şəhidləri” silsiləsindən birinci kitab barədə fikirlərini bildirib: “Vətən müharibəsində hərbi əməliyyatlar zamanı itkin düşən və bu yaxınlarda nəşi azad edilən ərazidən çıxarılaraq böyük izdihamın iştirakı ilə rayonumuzda son mənzilə yola salınan şəhidimizin dəfn mərasimində müəllif bu nəşri mənə təqdim etmişdi. Səkkiz yüz səhifədən ibarət olan kitabı oxudum. Həm kədərləndim, həm də qürur hissi keçirdim. Ona görə kədərləndim ki, bu cür igid oğulları vaxtsız itirmişik. Ona görə qürur hissi keçirdim ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında heç bir şəhidimizin qanı yerdə qalmayıb. Onların intiqamı döyüş meydanında alınıb. Torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Möhtərəm Prezidentimizin də dediyi kimi biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etmişik. Bir də ona görə qürurlandım ki, Vətən müharibəsi şəhidlərinin sıralarında bizim rayondan da onlarla igidimizin adı var. Hər bir şəhid bizim fəxrimiz, qürurumuz, xalqımızın qızıl fondu, onların ailə üzvləri isə ən mötəbər sakinlərimizdir”.

Müdafiə Nazirliyinin rəhbərliyinin adından şəhidlərin ailə üzvlərini salamlayan polkovnik A.Qurbani cəbhə xatirələrindən danışıb, kitabda haqqında yazdığı Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin bir çoxunu əvvəllər tanıdığını, döyüşlər zamanı onlarla görüşdüyünü, göstərdikləri şəxsi igidlik və şücaətləri yaxından izlədiyini bildirib. O, oktyabrın 27-də sonuncu dəfə Qubadlı rayonunun Muradxanlı kəndində görüşərək doğma rayonu Laçının kəndlərinin bir-bir azad olunması münasibətilə təbrik edib mükafatlandırdığı yaxın dostu polkovnik-leytenant Rəşad Sadıqovu yada salaraq kövrəlib.

Şəhidin anası Fəlakət xanım və qardaşı Səbuhi səhnəyə dəvət edilərək kitabın nüsxəsi təqdim olunub. Onlar doğmaları Rəşadın da unudulmadığına, xatirəsinin əziz tutulmasına görə minnətdarlıq ediblər.

Vətən müharibəsinin ilk günündə Tərtər və Ağdərə rayonları istiqamətində döyüş meydanına atılaraq xidməti vəzifəsinin öhdəsindən layiqincə gələn və bir gün sonra hərbi əməliyyatlar zamanı şəxsi igidlik nümunələri göstərərək şəhid olan gizir Cavid Məmmədov və oktyabrın 1-də Murovdağ zirvələrinin azad olunması uğrunda gərgin döyüşlər zamanı şəhadətə yetişən onun qardaşı, gizir Çingiz Məmmədovun anası səhnəyə qalxanda tədbir iştirakçıları göz yaşlarını gizlədə bilməyiblər.

Şəhid anası isə başını dik tutaraq deyib: “Biz 1988-ci ildə Dərələyəz mahalının Ələyəz kəndindən, doğma yurd-yuvamızdan məcburi qaçqın düşmüşük. O vaxtlar Azərbaycan bizə qucaq açdı. Övladlarım da burada doğulub, Azərbaycanın duz-çörəyi ilə böyüdülər. Azərbaycan uğrunda da şəhid oldular. Ağırdır, çətindir, mənim hər iki qanadım sınıb. Ancaq təsəllim bircə ondadır ki, balalarımın qanları yerdə qalmadı. İnanıram ki, biz hazırda düşmən əsarətində olan Zəngəzura, Göyçəyə, Vediyə, elə bizim allı-güllü Dərələyəz mahalına da qayıdacağıq. Bu kitabı isə şəhid oğullarımın xatirə guşəsinə qoyacaq, onları hər gün öpüb-oxşayacağam. Vətən sağ olsun!”

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və bir neçə döyüş medalı ilə təltif olunan kapitan Hafiz Abdurrəhmanovun həyat yoldaşına kitab təqdim edilərkən Ülviyyə xanım “Saçımın birini ağ, birini qara hörərək bütün çətinliklərdən çıxacağam. Hafizin iki yadigarını atalarının adına layiq övladlar kimi böyüdərək boya-başa çatdıracağam. Bir an da olsun şəhid Hafizimin ruhunun incidilməsinə rəvac verməyəcəyəm. O, bizim üçün, ailəmiz üçün ölməyib”, – sözlərini deyəndə salonda “Əhsən!” nidaları eşidilib.

Kapitan Hikmət Hacıyevin, gizir Emin Alməmmədovun, gizir Etibar Cəfərovun anaları Məhluqə Hacıyeva, Xədicə Alməmmədova və Elmira Cəfərova da “Şəhidimizlə fəxr edirik. Onlar el içində başımızı uca elədilər. Vətən sağ olsun!” deyə “Vətən müharibəsi şəhidləri” adlı kitabı qiymətli hədiyyə kimi qəbul ediblər.

Mehman Qəhrəmanov Birinci Qarabağ müharibəsi veteranıdır. O da hərbçi olub. Almaniyanın Maqdeburq şəhərində sovet ordusu sıralarında xidmət edərkən 1998-ci ilin oktyabrında oğlu Ruslan həmin şəhərdə dünyaya gəlib və ailə Azərbaycana qayıtdıqdan sonra ata Milli Orduda xidmətini davam etdirib, Ruslan isə illərin qanadında böyüyərək ata yolunu seçib. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nu bitirib. Kapitan hərbi rütbəsinədək yüksəlib.

Mahir rabitəçi kimi tanınan kapitan R.Qəhrəmanov Füzuli və Xocavənd rayonlarının bir çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə xidməti vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlib və doğulduğu ayda da şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub. Şəhidin atası Mehman Qəhrəmanov oğlu ilə qürur duyduğunu, gəlini Elsevərin vəfasından, sədaqətindən razı qaldığını və şəhid övladının qoxusunu onlardan aldığını deyib.

Kitab şəhidin qızı balaca Aygünə təqdim olunarkən o, atasına həsr olunmuş bir şeiri söyləyib və həmin şeir iştirakçılara duyğulu anlar yaşadıb.

Kapitan Arzu İsgəndərov bu ilin payızında 50 illiyini ümumxalq bayramı kimi qeyd edəcəyimiz Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsidir və o, bu məktəbin məzunu olmaqdan həmişə böyük qürur duyub. Şəhidin atası Seymur İsgəndərova kitab təqdim edilərkən o, bildirib ki, əgər əmr olarsa, mən də oğlumun əvəzindən silaha sarılıb Vətən uğrunda savaşmağa hazıram.

Gizir İlkin Ələsgərlinin atası Bəkir Ələsgərli və gizir Üzeyir Rüstəmovun qardaşı Rauf Rüstəmov da şəhid oğul və qardaşları haqqında xatirələrini bölüşüb və adlarına qəhrəmanlıq dastanları yazılan doğmaları ilə fəxr etdiklərini diqqətə çatdırıblar.

Polkovnik Rasim Manafov Azərbaycan Ordusunun bu gün də Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində düşmənin təxribatlarının, eləcə də döyüş mövqelərimizə hücum cəhdlərinin qarşısını mərdliklə aldığını və şəhidlərimizin qanları bahasına azad etdiyimiz tarixi torpaqlarımızın etibarla qorunduğunu qeyd edərək “Bayrağımız etibarlı əllərdə, dəmir yumruğumuz isə yerindədir!” deyib.

Şəmkir rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı ehtiyatda olan baş leytenant Sərdar Namazov bundan sonra da Müdafiə Nazirliyi ilə əlaqəli şəraitdə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Şəhid ailələrinə təqdim edilən “Vətən müharibəsi şəhidləri” xatirə kitabı ilə yanaşı, şair-publisist A.Qurbaninin şeirlərinə görkəmli və tanınmış bəstəkarlardan Xalq artistləri Eldar Mansurov, Faiq Sücəddinov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları Zəfər nəğmələri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Cahangir Qurbanov və Mətləb Ağayev tərəfindən məharətlə ifa olunub.

Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısında xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir