Bakıda aylardır döyüldüyünü deyən qadın öldürüldü. DİN-dən Sevincin qətli ilə bağlı – Açıqlama.
Bakıda aylardır döyüldüyünü deyən qadın öldürüldü
Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər.
DİN-dən Sevincin qətli ilə bağlı – Açıqlama
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə paytaxtın Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanunamüvafiq tədbir görülməməsi ilə əlaqədar yayılan iddialara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə belə aydınlıq gətirib:
“Səsləndirilən iddialarla bağlı diqqətə çatdırıram ki, cari ilin mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S.Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib”.

