Azərbaycanda 40 min tələbəyə yaşıl işıq: Təhsil Tələbə Krediti Fondu

Xəbər verildiyi kimi təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiq edilib. Kreditlər Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına həyata keçiriləcək. Veriləcək kreditlər Fond, tələbə və bank arasında bağlanılacaq sazişə uyğun olaraq təhsil müəssisələrinə köçürüləcək.

T Tələbələrin təhsil əlçatanlığının təmin edilməsi üçün tətbiq olunan tələbə kreditlərindən istifadə qaydası, güzəştləri və güvənliyi barədə məsələnin sadə izahını təqdim edir. 

Tələbələrdən girov və zaminlik tələb olunmur. 

Təhsil tələbə kreditləri sığortalanır. Kreditin maksimal məbləğini və faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək. Güzəştlərə gəlincə, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmaması və qaytarılmasının tələb olunmayacaq. Kredit vətəndaşlara manatla veriləcək.

Borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə  qaytarılacaq. Ölüm, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) halları ilə bağlı məbləğ kreditin həcmindən az olmamaq şərtilə sığortalanır. 

Sözügedən kreditlərdən ali təhsil pilləsinin bakalavriat, magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində yalnız əyani təhsil alan tələbələrin istifadə etmək hüququ var. Tələbə Təhsil Krediti iki istiqamət – sosial və standart üzrə tətbiq ediləcək. 

Kredit ilk növbədə sosial hüququ olanlara verilir

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 3-cü dərəcə əlilliyi olanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) 1-ci və ya 2-ci dərəcə əlilliyi və işsiz kimi qeydiyyatda olan, yaşa görə əmək pensiyası, yaxud sosial müavinət alan tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sözügedən kreditdən istifadə edə biləcəklər. 

Sosial tələbə krediti almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit növündən istifadə edə biləcəklər.

Birinci tədris ilinin ilk semestri üçün tələbə qəbulu imtahanında ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan, eləcə də illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər standart kredit götürə biləcəklər.

Hər iki növ kredit hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. Müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.

Kredit müddəti 10 ildir

Kredit təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir. Kredit borcu vaxtından əvvəl, hətta onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər. 

Onu da bildirək ki, tələbə krediti almaq hüququ elektron sistem vasitəsilə müəyyən edilir. Kredit götürmək hüququ olmayan tələbəyə “Şəxsi kabinet” vasitəsilə imtinanın səbəbləri ilə bağlı əsaslandırılmış məlumat göndərilir. İmtina göndərilən tələbələrin təkrar növbəti semestrdə müraciət etmək hüququ var.

40 min tələbəyə yaşıl işıq

Qeyd edək ki, son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə var. Onların 60 faizi öz vəsaiti hesabına, 40 faizi isə dövlət büdcəsi hesabına təhsil alır. Yəni Azərbaycanın ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və bu vəsait 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir