“Azəriqaz” rəhbəri daha mərd çıxdı, qazın nə qədər bahalaşdığını dedi: iki dəfə…

Tarif Şurası “təbii qazın qiymətləri ilə bağlı” qərar qəbul edib və elə bir dolaşıqlıq, labirint yaradıb ki, ekspertlər özləri belə qiyməti qaldırdığını TŞ-nin boynuna qoya bilmir. TŞ sanki böyük bir endirimə imza atıb, xalqın maraqlarını qoruyurmuş kimi qiymət artımını “izahetmə” kampaniyası aparır.

Əslində nə baş verib?

Əvvəllər əhaliyə satılan qaz limiti illik 1700 kubmetr idi və bu, əhalini çox ciddi narazı salırdı. 2019-cu il 1 may tarixində qazın əhaliyə satılan limiti 2200 kubmetrə qaldırıldı. Yəni illik 2200 kubmetr (ayda 183 kubmetr) qaz istifadə edən şəxs 10 qəpikdən, limiti aşanda isə hər kubmetr üçün 20 qəpikdən ödəyirdi.

1 may 2019-cu ildə verilən bu qərar böyük humanist addım kimi təqdim edildi və doğrudan da elə idi. Rəsmi açıqlamada da xüsusi qeyd edilmişdi ki, illik 1700 kubmetr olanda əhalinin 70 faizi bu limit daxilində qaz istifadə edirdisə, 2200 kubmetrə qaldırılandan sonra əhalinin 85 faizi bu güzəştdən istifadə edə biləcək.
İndi 2019-cu il 1 maydan tətbiq edilən “humanist” qərar da ləğv edilir, üstəlik, hətta əlavə olaraq illik güzəşt 500 kubmetr azaldılır. Hazırda güzəşt 1200 kubmetrə endirilib. 1200 kubmetrdən sonra tarif ikiqat, 2500 kubmetrdən sonra isə 25 qəpiklə hesablanacaq.

Bu, ciddi şəkildə bahalaşma deməkdir.

İkinci tərəfdən, digər sahələrdə (ticarət, xidmət və s.) tariflər 5 qəpik artırılıb və s.

“Ucuzlaşma” da var: “ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib”.

Tarif Şurası doğrudanmı əhalini ələ salır? Ekoloji təmiz yanacaq növü – alternativ enerjidir, elektriklə çalışan maşınlardır. Ölkənin qapılarını açıb, rüsumları ləğv edib, elektromobillərin ölkəyə gəlməsini təmin etmək əvəzinə maşınların maye qaza keçidimi stimullaşdırılır? Qaz nə vaxtdan ekoloji təmiz, üstəlik təhlükəsiz oldu? Qazla işləyən avtomobillərin necə təhlükəli olduğu, hətta alışıb-partladığı illər rəsmilərin nə tez yadından çıxdı? Həmin ərəfədə bütün günü təbliğat aparılmırdımı ki, avtomobillərə maye qaz qoyulmasında son dərəcə ehtiyatlı olsunlar?

Məlumatda diqqəti çəkən yalnız budur: “Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir”.

Demək, “tarif dəişikliyi” yox, əhaliyə satılan qazın qiymətinin bahalaşması nəticəsində “qaz hasilatı və təchizatçıları”nın qazancı qalxacaq.

Bəs, nə qədər?

“Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev bu məsələdə daha dolğun informasiya verib. Bildirib ki, “Azəriqaz” təbii qazın paylayıcısıdır, qazı “Azərkontrakt” ASC-dən topdansatış olaraq alır və onun pərakəndə paylanılmasını həyata keçirir. Burada topdanalış qiymətində fərq yaranıb. Əvvəl bu qiymət hər 100 kubmetr üçün 75 manat idisə, bundan sonra 110 manat olacaq. Burada isə 35 manat fərq yaranır.

Demək, “Azərkontrakt” qiyməti iyulun 1-dən təxminən 50 faizə qədər qaldırıb. Bu 50 faizlik fərqi “Azəriqaz” əhalidən toplamalıdır. Eyni zamanda Tarif Şurasının açıqlamasından belə göründü ki, bununla bərabər, bu qurumların dövlət büdcəsindən asılılığı da azalmalıdır. Yəni “Azəriqaz” həm bahalaşan 50 faizi toplamalı, eyni zamanda dövlətdən dotasiyanı azaltmalıdır. Onda indiki qiymət artımının anlaşıqlı formada artımını bir sözlə izah etmək olar: Azərbaycanda sabahdan qaz qiymətləri iki dəfə qalxır.

Bunu daha sadə dildə də demək olardı.

Büdcənin yükünü azaltmaq prioritetdir, Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə görəcəyi işlər həddən artıq çoxdur və xalq bunu bölüşməyə hazırdır. Ancaq şəffaflıq təmin ediləndən sonra. Doğrudanmı göstəricilər təqdim edilən kimidir? Axı bu xalq görür ki, qiymət artımları ilə yığılan vəsaitlər artdıqca “qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin” başında oturanlarının Azərbaycanda və xaricdə villalarının sayı da paralel olaraq artır, onların maşın kolleksiyaları, var-dövlətləri və harınlıqları çoxalır.

Xalqla Böyük Zəfərin xərclərini o zaman bölüşmək olardı ki, korrupsiya və rüşvətin kökü kəsilərdi, dövlətin milyardlarını mənimsəyənlər sərvətlərini işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldərdi…
Elnur,Bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir