Ən yeni İK texnologiyalar əsrində dövlət rəhbərlərinin mühafizəsi asanlaşıb, yoxsa qəlizləşib?
İlham İsmayıl: “Texnologiyalar nə qədər təkmilləşsə də, agentura şəbəkəsinin işini görə bilməz”
Haiti prezidenti Jovenel Moiz öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı yaralanan Haitinin birinci xanımı da xəstəxanada ölüb. Bu, 2017-ci ildə prezident vəzifəsinə başlayan Moizə qarşı ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı silahlı hücuma məruz qalmış və yüngül yaralanmışdı.
Prezidentlərin həyatlarının mühafizəsi hər zaman hüquq-mühafizə orqanları üçün prioritet məsələ olub. Yüksək texnologiyaların inkişafı da təhlükəsizlik məsələlərinə yeni baxışları labüd edir. İndiyə qədər onlarla ölkənin başçılarına sui-qəsd təşkil edilib. Bəzən sui-qəsd baş tutub, bir çox hallarda isə planlama mərhələsində cinayətin üstü açılıb. Bir çox sui-qəsdlərin üstü bu günə qədər də açılmayıb.
22 noyabr 1963-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennediyə sui-qəsd təşkil edilib. Dallas şəhərinə səfər edən zamanı snayper tüfəngindən 2 dəfə atəş açılır. 1-ci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir. Həkimlər 25 dəqiqə ərzində xəstəxanaya çatdırılan Kennedinin həyatını xilas etməyə çalışıblar. Lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir. Bütün hadisə kameraya çəkilmişdi. Sui-qəsdlə bağlı Amerika ordusunun keçmiş kəşfiyyatçısı Li Harvey Osvald həbs olundu və Dallas polis idarəsinin qarşısında Cek Rubi tərəfindən öldürüldü.

13 aprel 1993-cü ildə Küveytdə çıxış edən Amerika prezidenti Corc Buş (ata Buş) Səddam Hüseynin adamı olduqlarını iddia edən bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olub. Küveyt polisi təcavüzə son anda mane ola bilib. Oğul Corc Buş Amerika prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub. İlk hadisə 2001-ci il fevralın 7-də Ağ Evin qarşısında baş verib. Robert Piket adlı ruhi xəstə Ağ Evə yaxınlaşaraq atəş açmış, lakin məqsədinə nail ola bilməmişdi. Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 may 2005-ci ildə olub. Buş Gürcüstan səfəri zamanı Tiflisdə kütləyə xitab edərkən əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməni əsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından tutulub.
2008-ci il avqustun 24-də isə Demokratlar Partiyasının Denverdəki Konqresin işə başlamasına 1 gün qalmış 3 ağdərili irqçi həbs olundu. Onlar Demokratların sonradan prezident seçilən namizədi Barak Obamaya qarşı sui-qəsd planlaşdırdıqları üçün saxlanılmışdılar.
1933-ci ilin fevral ayının 15-də vəzifəyə başlamasına 1 ay qalmış Cüzeppe Zanqara adlı anarxist Florida ştatında prezident Franklin Ruzveltin çıxışı zamanı ona qarşı sui-qəsd etmək istəyib. Zanqaranın boyu çox qısa olduğundan açdığı atəş hədəfə dəyməyib. Amma atəş nəticəsində Çikaqonun meri Entoni Çermak ölümcül yaralanıb.

SSRİ lideri İosif Stalinə qarşı sui-qəsd planlayanlar da heç bir uğur əldə etməyiblər. Onun mühafizəsi həddən artıq diqqətli və hazırlıqlı olub. 1942-ci ildə İosif Stalini Saveli Dmitriyev öldürmək istəyib. Dmitriyev Qırmızı meydanda içərisində Stalinin olduğunu güman etdiyi avtomobilə atəş açıb, lakin SSRİ liderinin yerinə avtomobildə Xarici Ticarət Komissarlığının rəhbəri Anastas Mikoyan olub. Hücum zamanı heç kim xəsarət almayıb. Dmitriyev 1950-ci ildə güllələnərək öldürülüb.
ABŞ-ın 42-ci prezidenti Bill Klintona qarşı 30 sui-qəsd hazırlanıb və nəticədə 95 nəfər həbs edilib. Yaxalanan cinayətkarların hamısı psixi cəhətdən xəstə şəxslər olublar. Sui-qəsdlərin hamısı 1993-1995-ci illər arasında olub.
1993-cü ilin 27 yanvarında Rusiya prezidenti Boris Yeltsinə qarşı sui-qəsd təşkil edilib. Mühafizəçilər son anda prezidentin həyatına sui-qəsd hazırlayan şəxsi yaxalamağı bacarıblar. Bu, 33 yaşlı mayor İvan Kislov olub.
Nasist lider Adolf Hitler də dəfələrlə öldürülmək üçün hədəf seçilib. Ona 1939-cu ilin noyabrında sui-qəsd təşkil edilib. Sui-qəsd Hitlerin Münhendə Pivə qiyamının ildönümü münasibətilə edəcəyi çıxış zamanı planlaşdırılıb. Hücumu faşist əleyhdarı olan alman İohan Georq Elzer həyata keçirib. Belə ki, onun hazırladığı saatlı bomba fürerin çıxışı edəcəyi tribunada quraşdırıldıqdan sonra partlayır. Nəticədə 8 nəfər ölür, 60-dan çox şəxs yaralanır. Hitler sui-qəsddən canını qurtarmağı bacarır. Berlinə təcili dönməli olan alman lider bombanın partlamasına 7 dəqiqə qalmış çıxış etdiyi tribunanı tərk edir. Almaniya xüsusi xidmət orqanları Hitlerə qarşı 50 sui-qəsdin təşkil edildiyini bildirirlər.
SSRİ-nin ilk və son prezidentin Mixail Qorbaçov da sui-qəsddən sağ çıxan dövlət başçılarındandır. 7 noyabr 1990-cı ildə Qırmızı meydanda olan nümayiş zamanı ona ilk və son sui-qəsd olur. Mixail Qorbaçov xəsarətsiz ötüşür.
Fidel Kastro ona qarşı sui-qəsdlərin sayına görə “Ginnesin rekordlar kitabı”na daxil olub. Ona qarşı 638 sui-qəsd hazırlanıb və bunların heç biri baş tutmayıb. Hücumlar Amerika kəşfiyyatı, kubalı müxaliflər və inqilabdan sonra Kuba kazinolarını itirmiş mafioz qruplaşmalar tərəfindən təşkil edilib.
SSRİ-nin baş katibi Leonid Brejnevə qarşı 3 dəfə sui-qəsd təşkil edilib. İlk hücum 1969-cu ildə olub. Sovet ordusunun leytenantı Viktor İlin baş katibin avtomobil kortejini güllə-baran edib. İlin həbs olunaraq güllələnib. Növbəti hücumlar isə SSRİ xaricində olub. Dövlət Təhlükəsizlik Komitəsi bu hücumların qarşısını almağı bacarıb.
Bəs görəsən, yüksək texnologiyalar əsrində dövlət rəhbərlərini qorumaq asanlaşıb, yoxsa qəlizləşib?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, texnologiyalar inkişaf etdikcə, mühafizə, təhlükəsizlik məsələləri də inkişaf edir: “Pilotsuz uçuş aparatları varsa, belə aparatları qarşı texnologiyalar da var. Raket varsa, raketdən müdafiə sistemi də var. Con Kennediyə qarşı sui-qəsddən bu yana təhlükəsizlik məsələləri xeyli təkmilləşib. Prezidentlərin, dövlət başçılarının qorunması məsələsi ölkədən ölkəyə fərqlər var. Bir var, Haiti prezidentinin qorunması, biri də var ABŞ təhlükəsizlik xidməti. Amma neçə illərdir ki, Şimali Koreya Demokratik Respublikası Prezidentinin də tam başqa cür qorunması var. Hər bir halda təhlükəsizlik xidmətləri maksimum çalışırlar ki, yüksək texnologiyadan istifadə etsinlər”.
Ekspert deyir ki, texnologiyalar təkmilləşdikcə, qoruma metodları da təkmilləşir: “Məsələn, Almaniya kansleri Angela Merkel maşından düşür və mağazaya gedib alış-veriş edir. Onun mağazadan alış-veriş etməsi nə satıcıları təəccübləndirir, nə də ətrafda olan insanları. O cümlədən Boris Conson pakistanlıların mağazasına gedib alma alırsa, orada xüsusi bir qoruma işləri görmürlər. Çünki cəmiyyətin özünün də ölkə rəhbərlərinə münasibəti tamam başqa cürdür. Amma bu, o demək deyil ki, onlar sərbəst çıxış edəndə qorunmurlar. Təhlükəsizlik xidmətinin bir vəzifəsi də informasiya almaqdır. İnformasiya alınır ki, təhlükə olma ehtimalı var və bu zaman tutaq ki, Consona deyirlər ki, sən bir ay mağazaya getməyəcəksən. Alınan informasiya dəqiqləşdirilənə qədər, son nöqtə qoyulana qədər bu qadağa qüvvədə olur. İnformasiya almaq, informasiyanı əldə etmək daha önəmlidir. Hər işin başında informasiya gəlir. Ona görə də texnologiyalar nə qədər təkmilləşsə də, agentura şəbəkəsinin işini görə bilməz”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”