“İnsanlarda məsuliyyətsizlik dəb halını alıb”. Aydın Xan Əbilov, psixoloq və ekspert rəyi
Məsələ ilə bağlı, VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov da münasibət bildirib:
“Hər hansı bir fərdin məsuliyyətsizliyi sözsüz ki, ilk əvvəl onun özünün xarakteri və tərbiyəsindən, yaşadığı mühitdən, intellektindən, təhsilindən, eyni zamanda genetik faktorlardan ibarətdir. İnsan sosial varlıqdır. Amma, bu o demək deyil ki, hər kəs insana nə isə öyrətməlidir. İnsan özü də çalışmalıdır ki, fərdi olaraq öz üzərində işləsin və müəyyən sahələrlə yanaşı eyni zamanda, universal yaşam bilgilərini əldə etsin. Tutalım, siz əgər tənbəlsinizsə, 16-cı mərtəbədə yaşayırsızsa yanğın olan zaman ya tüstüdən ya yanğından ölə bilərsiniz. Amma siz zirək, idmanla məşğul olan, ağlınızı inkişaf etdirən, intellektual müəyyən mənada şüuru geniş olan bir şəxssinizsə burada çıxış yolu tapa bilərsiniz. Ən azı iradəsizlik göstərib, özünüzü tüstünün içinə buraxmazsınız, yanğınsöndürənləri gözləyirsiniz. Müəyyən vaxtdan sonra xilas ola bilərsiniz”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bu mənada psixoloqlar və insanşünaslar müxtəlif xalqların psixologiyasını öyrənən zaman bir çox yerli xüsusiyyətlərlə yanaşı, hər hansı bir toplumun dünyaya açılışını, intellektual səviyyəsini, kitab oxumasını müəyyən yeni bacarıqlara meylliliyini üzə çıxarırlar. Son vaxtlar diqqətsizlik, səbirsizlik, psixoloji gərginlik, depressiv hallar, eyni zamanda bunları özündə birləşdirən tənbəllik, bir tərəfdən də koronavirus pandemiyası, işsizlik, dünyada baş verən texnogenik və təbiət qəzaları fərdin şüuruna, psixologiyasına çox böyük mənfi təsir göstərir. İnsanların bütün bunlara qarşı immuniteti get – gedə zəifləyir. Söhbət yalnız bioloji immunitetdən getmir, həm də mənəvi psixoloji immunitetdən gedir. İnsanın daxilində sözsüz ki, bütün bilgilər, hətta mühitdə baş verən hadisələrə reaksiyalar var. Sadəcə biz yaşadıqca, təcrübə topladıqca, çox oxuyub öyrəndikcə, səyahət etdikcə, müəyyən peşələrdə özümüzü göstərib ətraf aləmdə tanınmış fərd olaraq həmin bilgiləri, həmin informasiyaları üzə çıxarda bilərik”.
“Bir tərəfdən yeni texnologiyalar, bizim yaratmış olduğumuz internet, sosial media, tətbiqlər insan həyatını asanlaşdıran nəqliyyat vasitələri, texnikalar insanı tənbəlləşdirir. Digər tərəfdən ifrat dərəcədə rahatlıq, hər şeyin hazır sənin qabağına gətirilməsi və əvvəlki kimi çöldə bacada ağır işlər görülməməsi, fiziki hərəkətsizlik, idman edilməməsi insanlarda bir məsuliyyətsizlik yaradır və gənclərimizə çox böyük problemlər yaradır”.
“Artıq gənclərimiz fiziki əməklə məşğul olmaq istəmir. Hər kəs tez-bazar varlanmaq istəyir. Hər kəs üçotaqlı ev, maşın komfort istəyir. Amma özü dövlətə hər hansı nə bir xeyir vermək, nə də işləmək istəyir. Bu ümumi bir məsuliyyətsizliyə aparıb çıxarır. Məsuliyyətsizlik artıq dəbə çevrilib. İnsanlar fikirləşirlər ki, dövlət var, dövlətin iqtisadi imkanları genişlənir, ata-ana, qohum – əqrəba var və mən onlardan kömək istəyə bilərəm. Ona görə də tənbəlləşirlər, heç nə etmirlər. Məsuliyyətsizliyin günahı bir hissəsi cəmiyyətdə olsa da, dövlət qurumlarında olsa da, digər tərəfdən əlbəttə ki valideynlərdədir”.
“Mənim də evimdə iki oğlum var. Görürəm ki, onlar da fiziki əməklə heç məşğul olmaq istəmirlər və yaxud dərs oxumaqda tənbəllik edirlər. Dünyanın hər yerinə baxanda isə tamamilə əksinədir. Dünyada könüllü olaraq insanlar bir-birinə, dövlətə kömək edir. Qəzalar zamanı okean və dənizlərdə balıqlar özlərini çölə atan zaman ellikcə yığışıb onu həll edirlər. Ekoloji problemlərlə bağlı müəyyən işlər görürlər. Azərbaycanda isə tamam fərqlidir. Azərbaycan insanı get-gedə tənbəlləşir. Əslində, biz zirək millətik, 44 günlük müharibə bizim gücümüzün, potensialımızın nə qədər böyük olduğunu sübut etdi. Məsuliyyətsizlik həm də cəzasızlıqdan irəli gəlir. Bir insan bilir ki, valideyninin əvvəlki kimi 8 uşağı yoxdur, 2 uşağı var, 1 uşağı var və uşaq hansısa bir məsuliyyətsizlik nümayiş etdirirsə, valideyn onu qəti cəzalandırmayacaq, ağır cəzalar olmayacaq. Ona görə də məsuliyyətsizlik get – gedə dəb halını alır. Sosial mediadakı əyləncə xarakterli verilişlər insanları və xüsusən də gəncləri meşşanlığa aparıb çıxarır. Meşşan həyat tərzi, işləmədən hər şeyi əldə etmək, ata – ananın köməyindən istifadə etmək kimi hallar məsuliyyətsizliyə gətirib çıxarır. İnsanların bu xüsusiyyətlərini nəzərə alıb həm idmana, həm estetik sahələrə dəvət edən Avropa cəmiyyətindəki modellərdən biz də istifadə etməliyik. Yoxsa bu məsuliyyətsizlik toplumu böhrana salacaq”.
“Bu məsələdə cəmiyyətin heç bir günahı yoxdur. Uşağı tərbiyələndirən valideyndir. Valideyn uşaqlıqdan övladına məsuliyyətli olmağı, həyata məna yükləməyi, həyatı yaşamağı disiplinlə və tərbiyə əsasında öyrətməlidir”.
Bu sözləri açıqlamasında psixoloq Lalə Cəfərova deyib.
Onun sözlərinə görə, elə cəmiyyətin özünü də tərbiyələndirən valideyndir: “O ailədə böyüyən uşaqlar daha sonra cəmiyyət içinə çıxaraq cəmiyyətin bir üzvü olur. Uşaq ən əsası da öz həyatının məsuliyyətini götürməlidir. Yəni, öz həyatının məsuliyyətini götürə bilməyən, həyatına qurmayan insan yaşadığı çətinliklərə görə şikayət edir. Bəzi insanlar da hərşeyi valideyndən gözləyir”.
“Ümumiyyətlə, biz cəmiyyət olaraq o qədər də məsuliyyət götürməyi sevmir, həyatı o qədər də ciddiyə almırıq. Çünki, digər millətlər kimi yetkinlik yaşına çatmış uşağı azad olması, həyatını yaşaması, özü başının çarəsinə baxması üçün buraxmırıq. Fərd çıxış yolunu özü tapmağı bacarmalıdır. Çünki, insan çıxış yolu axtardığı zaman öz bacarıqlarını kəşf edir. Məhz, bu zaman özünü kəşf edir. İnsan çabaladığı zaman həyatdan baş çıxarmağa başlayır”.
Psixoloq sözlərinə belə davam edib: “Biz uşağın yerinə hər şeyi özümüz edirik. Düşünürük ki, bu övladımızı qorumaq üçün bir sevgidir. Yəni, mən uşağımı sevirəm, qoruyuram ki, o əziyyət çəkməsin. Bir söz var ki, “uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir”. Valideyn biraz geri çəkilməyi, uşağa qarşı olan sərhədləri çeynəməməyi bacarmalıdır. Amma bizim ailələrdə uşaqla valideyn arasında sərhəd yoxdur. Yəni, uşaqla valideynin şəxsi arealı yoxdur. Bizdə bu məsələ çox qarışıqdır. Bu səbəbdən də cəmiyyət arasına çıxan övladlarımız çox məsuliyyətsiz olurlar”.
“Biz hətta övladımızı evlənəndə də buraxmırıq. İstəyirik ki, yanımızda qalsın. Çox ailə bunu imkana bağlayır. Mənim müşahidələrim göstərir ki, insan getsin imkansız vəziyyətdə yaşasın amma ən azından, bilsin ki, öz ailəsi, öz evi, öz həyatıdır. Yəni, o məsuliyyəti dərk etsin. Hətta, bəzən imkanı yaxşı olan ailə belə uşağını tutub saxlayır. Biz uşaqlarımızı fərd kimi görə bilmirik. Onlar bizim gözümüzdə 70 yaşında belə uşaq kimi görünürlər. Uşağa böyük gözü ilə baxa bilmirik. Bizim kimi cəmiyyətə “yetişkin uşaqlar” deyirlər. Yəni, yetişkin olub, böyüyüb, amma ruhu uşaq qalıb”.
Ayşən Vəli

