Xanımlarımız avtomobil sükanı arxasına keçə bilərlər? Analiz. İctimai polemikaya Ramal Əliyev qoşuldu

Son illər Azərbaycanda qadınlarımızın bir sıra sahələrdə olduğu kimi, kişilərin üstünlük təşkil etdiyi, xanımlara rəvac bilinməyən ənənəvi ixtisaslara yiyələnərək, ciddi peşələrdə özlərinin bilik və bacarıqlarını, peşəkarlıq cəhətlərini sübut etmələri maraqlı ictimai polemikalara səbəb olub. Cəmiyyyətimiz, az qala, iki qismə bölünüb: bununla razılaşan tərəf, əksinə, müxalif qism, yaxud bu yeniliyi qəbul etmək istəməyənlər.
Azərbacan cəmiyyəti,sanki, qabaqcıl zəmanə tələblərinə zidd gedərək, qadınlarımızın, tutalım, sükan arxasına keçməsini, eyni zamanda, buna bənzər bir sıra digər yenilikçi məsələlərə dar mental yanaşması görədir ki, son vaxtlar sosial şəbəkələrdə, yeni mediada, TV-lərdə bu mövzuda geniş ictimai debatlar açılır.
“Dədələrimiz, babalarımız” belə etməyib, yaxud da “dinimiz bunlara icazə vermir” kimi səbələr göstərilir: amma o mövqelərin mahiyyətinə varanda görürük ki, nə dində – şəriətdə, nə İslam sivilizasiyasında, nə də mentalitet tariximizdə bu cur sosial-məişət, mədəni-etnik, ictimai-etik məsələlərə hər hansı formada qadağalar var. Axı doğrudan da bu kimi məsələlərdə bir qəbahət, əxlaqa zidd nəsə yoxdur.

Tomrislər, Nüşabələr, Məhsətilər, Sara xatunlar, Nigarlar, Həcərlər, Natəvanlar dövründən də görürük ki, ərənlərin yanında igid və savadlı xanımlar olub, onlar da at çapılar, ailə ocağını qoruyublar, lazım gələndə savaşa çıxıb Vətəni qoruyublar.
Dərinə varanda görürüük ki, cəmiyyətimizin başbilənləri,ağsaqqallari bioloji olaraq qadın kişidən fərqləndirən cəhətlərini nəzərə alaraq incə varlıqlar üçün fərqli texnologiyalar fikirləşiblər. Kiçik bir misal gətirək: yas və toy məclislərinin kişilər üçün ayrı, qadınlar üçün ayrı məkanlarda, həm də fərqli formada təşkil edilməsi belə məhz xanımların sərbəstliyi üçün düşünülmüşdü.
Son günələr yenə xanımlarımızın avtomobil idarə etmələri ilə bağlı qızğın ictimai-sosial polemikalar gücləməkdədir. Qadınların sükan arxasına keçməsinə şəxsən biz birmənalı olaraq müsbət yanaşırıq. Xüsusən də indiki dövrdə – maddi ehtiyacların artdığı, kişinin çöl işinə daha çox vaxt ayırdığı, ailədə övladların qayğılarına daha cox qadınlarımızın qalmalı olduğu bir dövrdə şəxsi nəqliyyat vasitələrinin fərdi idarə edilməsində xanımların rolu get-gedə artır. Bu istiqamətdə qadınların cəlb olunmasına böyük ehtiyac duyulur.
Koronavirusun dünyani ağuşuna aldığı bir dövrdə sosial məsafə və təcridin məsləhət görüldüyü qapanma çağınin tələblərindən irəli gələrək ev, həmçinin gündəlik məişət məsələlərinin həllində fərdi avtomobilə ciddi ehtiyac duyulur. Uşaqların idmana, dərsə, parka aparılması zərurəti yaranan bir dövrdə, sürücü qadınlar böyük qüvvə sayılır: hətta buna böyük zərurət yaranıb.
Əgər maşına məsafələri qət etmək, məkan dəyişmək üçün universal bir minik vasitəsi kimi baxırıqsa, bizi bir yerdən digər bir ünvana operativ çatdıran texnologiya kimi yanaşırıqsa, nəyə görə bu müasir imkandan, Allahın bu nemətindən qadınlarımızı məhrum etməliyik?! Nə üçün xanımlarımız bu kimi modern texnologiyalardan yararlanmamalıdır?
Təbii ki, belə qadağaları arzulayanların necə dar düşüncəyə malik olduqları, məntiqsiz davrandıqları aydın deyil. Belə mövqedə olanların əsas arqumentlərindən biri də sükan arxasına keçən qadınların yol hərəkəti qaydalarını tez-tez pozması kimi faktlara söykənir. Sükan arxasına keçən, cinsindən asıl olmayaraq, istənilən şəxs qanun qarşısında məsuliyyət daşıdığının fərqindədir. Hər gün kişi sürücülərin avtomobillərini təhlükəli idarə etdiklərinin şahidi oluruq. Biz hələ içkili halda maşın sürənlərin, qanuni ötmə əməliyyatları yerinə yetirməyənlərin, düzgün parklama aparmayanların neçə faizinin kişi, yaxud qadın olduğunu monitorinqini aparsaq, xanımların necə nəzakətli, mədəni sürücü olduqları üzə çıxacaq.
Birmənalı demək olmaz ki, yalnız xanımlar qayda pozur, sözsüz, faktlar var, amma bu doğru yanaşma sayıla bilməz. Hər gün məhz kişi sürücülərin yol hərəkəti qaydalarını ciddi pozduqlarına görə çoxsaylı ağır yol qəzaları baş verir. Təəssüfllər olsun ki, belə qəzalar qorxunc ölüm hallarına səbəb olur.

Qayda pozaraq ağır qəza şəraiti yaradan qadın sürücülər, az da olsaŞ var. Statistik faktlar göstərir ki, xanım sürücülər sürət həddini aşdığına görə qəza törədənlər arasında azlıq təşkil edirlər: həm də belə böhranlı vaxtlarda ölənlərin sayı çox az olur. Çünki sürücü xanımlar, əsasən, aşağı sürətlə idarəetməyə meyillidirlər: bu isə qəzalar zamanı vacib amil sayılır.
İllərdir sürücülük təcrübəmiz var, yanımızdan sürətlə ötüb keçən xanım sürücü az rastlaşmışıq. Əksinə, müşahidələrimizə görə, xanımlar avtomobili daha səliqəli idarə etməyə, yol hərəkəti qaydalarına ciddi diqqət yetirməyə çalışırlar.
Xanımların sükan arxasına keçərək maşın idarə etmələri, bayaq da vurğuladığımız kimi, həyat yoldaşlarına güclü dəstək kimi qəbul edilməlidir. Sürət əsrinin övladlarıyıq: dövrümüzdə vaxtımıza daha çox qənaət etməli olduğumuzu düşünəndə, kişilərin əksər saatlarını işdə, çöldə keçirməli olduqlarını nəzərə alanda, evə, ailəyə aid olan digər işləri xanımların daha operativ görməsi ücün zərürət yaranır.
Bir çoxları “Biz müsəlmanıq, qadınlarımız sükan arxasına keçə bilməzlər!” deyib dururlar ki, bu da əsassız bir yanaşmalardır. Müasir müsəlman Şərq ölkələrində qadınlar maşın idarə edir, müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sürücüləri olaraq inkişafa xidmət edirlər.
Dinimizdə nəinki buna qadağa var, əksinə, dərinə getsək, müəyyən müsbət yanaşmalar tapa bilərik. Təbii ki 1400 il qabaq maşınlar olmadığından alimlərin müqayisə aparıb gəldikləri nəticələr bunları söyləməyə əsas verir. Əgər İslam dinində Allahın rəsulu olan Peyğəmbərimiz Həzrəti-Mühəmmədin həyat yoldaşlarının ozamankı minik vasitəsi sayılan dəvədən istifadə etdiklərinə heç bir etirazın olmadığını yada sala. İndiki alimlər də bu müqayisəni apararaq müsəlman xanımlarının sürücü kimi sükan arxasına keçmələrinə icazə veiblər ki, bunu da Şərqdə xanımlara yönəli qayğı kimi qəbul etməliyik…

Ramal Əliyev,
Vətəndaş Cəmiyyəti Alyansı İH-nin üzvü,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədr müavini
Analitik-ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir