“Yaxın vaxtlarda kağız kitab və nəşrlər radan çıxacaq.” – Aydın Xan Əbilov. Sürətli yaşayan insanlığın praktik tələbləri.

Ölkəmizdə uzun müddətdir ki, kitab oxumamaqda günahlandırılan gənclik var. Əsasən də yaşlı nəsil “Gənclər kitab oxumur” deməyə vərdiş edib. Bu bir növ adət halını alıb. Lakin bu məsələni araşdırıb kitab mağazaları, kitabxanalara üz tutduqda məsələnin fərqli olduğu ortaya çıxır. Belə ki, araşdırmalar sayəsində bəlli olub ki, kitab alanların böyük bir hissəsi elə gənclərdir. Çox az hallarda yaşlı nəslin nümayəndələri kitab alır. Mütaliə isə bir mədəniyyətdir. Onun yayılması orta və yaşlı nəslin üzərinə düşür. Onlar isə sadəcə tənqid etməklə qalır, digər məsələlərdə olduğu kimi sadəcə gənc nəsli tənqid etməklə yetinirlər.

Digər tərəfdən isə mütaliəçilərin sayı ortadan da aşağıdır. Başqa bir acınacaqlı məqam burasındadır ki, yerli yazarların kitabına maraq daha azdır. Digər ölkələrin mütaliə mədəniyyətində isə belə bir fakt görülmür. Məsələ burasındadır ki, gənclər xaricdə təhsil alır və geri döndükdən sonra xarici dillərlə mütaliə etməyi üstün tutur. Bu cür tələbələr isə bir növ dəb yaradır. Belə ki, digər oxucular da onlara bənzəməyə çalışaraq xarici yazarları oxumağı başlayırlar. Beləliklə yerli ədəbiyyat ümumiləşdirilərək dəbdən düşür. Hazırda isə bu məsələnin həlli çərçivəsində heç bir əsaslı iş görülmür. Yerli ədəbiyyata marağın olmaması sadəcə bir fakt kimi görünə bilər, amma bu eyni zamanda böyük bir problemdir. Qərbin yazdıqlarını oxuyan gəncliyin qərbyönümlü fikirə sahib olması böyük bir ehtimaldır. Milli-mənəvi dəyərlərimizi, ideyalogiyamızı, düşüncə tərzimizi kitablara yansıdıb onları mütaliə ilə əbədiyyətə həkk etməsək, illər sonra bunun problemləri ilə qarşılaşacağıq. Azərbaycanlı kimi düşünməyən azərbaycanlılarla dolu bir vətən bunun ən pis nümunəsidir.

Məsələni daha da dərin araşdırmaq üçün mövzu üzrə mütəxəssis hesab etdiyimiz Aydın Xan Əbilovla müzakirə apardıq. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirir ki, təhsil sisteminin bu yöndə görməsi gərəkən işlərə nəzər salarsaq, görərik ki, yeni təhsil sistemi bu yöndə daha çox boşluqlar buraxıb. Təhsil səviyyəsinin aşağı olması insanların mütaliədən daha da uzaqlaşmasına gətirib çıxarır. Onun fikirlərinə görə artıq ənənəvi kitabların oxunmasına maraq azalıb, karantin zamanında bu yöndə artım gözlənsə də elektron kitablar daha da aktuallaşdı. Mövcud oxucular isə daha çox romantik, dedektiv və macəra janrında oxumağa üstünlük verirlər. Elmi, fəlsəfi, siyasi yazıları oxuyanlar o qədər azdır ki, bir çox alim, elm adamı, siyasətçi öz dissertasiya, monoqrafiya və elmi işlərində rahatlıqla plagiata yol verərək xarici mənbələrin yazılarını öz adlarına çıxırlar. Onlar əmindirlər ki, sıravi xalqla birlikdə elm adamları da dəqiq-elmi yazıları oxumur. Aydın Xan Əbilov eyni zamanda bildirir ki, siyasi-fəlsəfəyə maraq əvvəldən belə olub. Belə ki, Sovet dönəmində belə Karl Maksın “Das kapitalı”, kommunist manifesti və digər siyasi-fəlsəfə nümunələri tərcümə olunsa da oxunmayıb.

Kitabların kütləvi şəkildə onlayn prosesə keçməsini normal qarşılayan kulturoloq düşünür ki, bu prosesi tənqid etmək yerinə, ona təkan vermək mütləqdir. Film sənayesinin mütaliəni daha da sıxışdırması normaldır. Artıq çağdaş insanlar fərqli yollarla öyrənir, düşünür, analiz edir. Beləliklə bu yolda insana ən rahat üsul filmə baxmaq, videoları izləmək və. s daha sürətli və praktik üsullardır. Belə olduqda isə diqqətimizi məhz bu sahələrə yönləndirməkdən başqa çərəmiz qalmır.

Özümüz də qəbul edirik ki, müasir dünya sürətlidir. İnsanlar sürətli səyahət edir, sürətli, onlayn alış-veriş edir, sürətli yemək yeyir-(fast food). Belə bir dünyada isə insanları kitab oxumamaqda günahlandırmaq düzgün olmaz. Bunun yerinə onlara çatdırmaq istədiyimiz materialları daha praktik hala salaraq məqsədimizə nail olmaq olar. Bu cür halda öz səsini yaymağa çalışan elm adamı da əvvəlcə milyonlara sahib olmalıdır. Digər halda o, çox az ehtimalla şəxsi düşüncəsini, ideyalogiyasını hansısa ssenaristə bəyəndirə bilər. Deməli ideyalogiyanı, seçdiyi dəyərləri ictimaiyyətə çatdırmaq, təlqin etmək üçün əsas iş dövlətin üzərinə düşür. Belə halda xarici tərəflərdən başqa yalnızca dövlət bu resurslara sahibdir.

Zərdüşt Quluzadə ,

https://sia.az/az/news/social/880857.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir