Daxili işlər naziri general-polkovnik? Vilayət Eyvazov polisləri belə təbrik etdi. Azərbaycan polisinin qəhrəmanlıq tarixi
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbrik ünvanlayıb.
Bayram təbrikində deyilir:
“Hörmətli həmkarlar!
1918-ci il iyulun 2-də asayişi mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanmış, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti daim təkmilləşən, xidməti vəzifələri səmərəli yerinə yetirmək üçün bütün lazımi şəraitə, müasir maddi-texniki bazaya və infrastruktura malik polis orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə, asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli nəticələrə nail olmuşdur. Vətən müharibəsi günlərində hərbi vəziyyətin təmini vəzifələrini də layiqincə yerinə yetirmiş və hazırda işğaldan azad olunmuş ərazilərdə önəmli xidmətini, həmçinin xüsusi karantin rejiminə nəzarət funksiyalarını əzmlə həyata keçirir.
Xidmətdə fərqlənən əməkdaşların möhtərəm Prezident tərəfindən dövlət mükafatlarına layiq görülməsi Zati-alilərinin bütövlükdə Azərbaycan polisinin əməyinə verdiyi böyük dəyərin əyani ifadəsidir.
Əminəm ki, bundan sonra da sabitliyin və təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaq, peşəkarlığınız, xalqa və Vətənə sədaqətli xidmətinizlə yeni-yeni nailiyyətlər əldə edəcəksiniz.
Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə Sizi, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram!
Bayramınız mübarək!”
Prezident DİN əməkdaşlarını təltif etdi – Siyahı
Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Kərimov Oqtay Əsgər oğlu – polis general-mayoru
“Vətən uğrunda” medalı ilə
Abdullayev Zaur Natiq oğlu – polis general-mayoru
Kərimov Orduxan Alqayıt oğlu – istefada olan polis polkovniki
Mahmudov Toğrul Ramiz oğlu – polis polkovniki
Mehdiyev Fərhad Süleyman oğlu – polis polkovniki
Məmmədov Xəqani Seyfulla oğlu – polis polkovniki
Məmmədov Mahir Əli oğlu – polis polkovniki
Məmmədov Müzəffər Qəzənfər oğlu – polis polkovniki
Mirhuseynov Xəyyam Cahangir oğlu – polis polkovniki
Nəbiyev Zaur Əli oğlu – polis polkovniki
Abdullayev Şahid Mürsəl oğlu – polis polkovnik-leytenantı
Heydərov Arzu Afət oğlu – polis polkovnik-leytenantı
Quliyev Yelmar Məhər oğlu – polis polkovnik-leytenantı
Qurbanov Rəhman Niyazi oğlu – polis polkovnik-leytenantı
Məmmədov Məmmədəli Həsən oğlu – polis polkovnik-leytenantı
Məmmədov Rüfət Nizami oğlu – polis mayoru
Behbudov Murad Arif oğlu – polis kapitanı
Əliyev Mübariz Vəzir oğlu – polis baş serjantı
“İgidliyə görə” medalı ilə
Məhərrəmov Səməd Akif oğlu – polis polkovniki
Hacıyev Namiq Fərrux oğlu – polis polkovnik-leytenantı
Salahov Faiq Fərman oğlu – polis polkovnik-leytenantı
Əliyev Mahir Boran oğlu – polis mayoru
Əliyev Səməndər Əziz oğlu – polis mayoru
Məmiyev Razi Aftandil oğlu – polis leytenantı
Məmmədov Mahir Tahir oğlu – polis baş serjantı
Xudiyev Vüqar Yusif oğlu – istefada olan polis baş serjantı.
Prezident İlham Əliyev 2 İyul – Polis Günü ilə bağlı sərəncam imzalayıb
HİT.Az xəbər verir ki, sərəncama əsasən, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
Polis polkovniki Əlaslan Qaçay oğlu Ağayev
Polis polkovniki İslam Möhsüm oğlu Hümbətov
Polis polkovniki Əkbər Məcid oğlu İsmayılov
Polis polkovniki Əbülfət Əhəd oğlu Rzayev.
Bu şəxslərin maaşı artırıldı – İlham Əliyevdən sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
HİT.Az xəbər verir ki, sərəncamda deyilir:
1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilsin.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):
2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir;
2.2. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin edilir;
2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara onların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödənilir.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan polisinin qəhrəmanlıq tarixi
İnsanlığın keçmişinə nəzər salsaq, ilk polis təşkilatının meydana gəlməsinin ilk dövlətlərin ortaya çıxması tarixinə qədər uzandığını görə bilərik.
Məlum olduğu kimi, bəşəriyyət tarixində ilk əmək bölgüsü ovçuluq və əkinçilik sektorlarının yaranması ilə ortaya çıxıb. Əkinçilər daha sonra daxili və xarici basqılardan qorunmaq üçün ovçuların himayəsinə sığınmış, nəticədə dövlətin ilk rüşeymləri yaranmışdı. Ovçular bu xidmətləri müqabilində əkinçilərdən indiki vergi dediyimiz ödənişə bənzər hərraclar almış və beləcə, ilk dövlət meydana gəlmişdir. İbtidai dövlətlərin ilk məqsədinin toplum daxilində ədaləti və asayişi qorumaq olduğunu nəzərə alsaq görərik ki, onların başlıca missiyası da indiki polis xidmətini göstərmək idi. Daha sonra tayfa təsərrüfatlarının böyüməsi, əhalinin və əmək məhsuldarlığının artması ilk dövlətlərin silahlı qüvvələrini fəthlərə çıxmağa məcbur etmiş, bu da öz növbəsində qarşı tərəfin də müdafiə strukturlarının təkmilləşdirməsini tətikləmişdi. Beləcə, ilk insanların müasir terminlərlə desək, polis orqanları ordu birliklərinə çevrilmişdi.
Tarix sübut edir ki, insanlar müasir anlamda demokratik azadlıqlardan məhrum yaşaya bilərlər və uzun min illər boyu yaşayıblar da. Amma insan oğlu tarixin heç bir anında ədalət, asayiş və təhlükəsizlik ortamından kənarda var ola bilməyib, bundan sonra da olmayacaq. İlk polis təşkilatlarının da dövlətlərin yaranma tarixi ilə eyni zamanda qurulması məhz bu ehtiyacdan irəli gəlir.
Azərbaycan xalqının mənsub olduğu qədim türklər əsasən ovçu toplum olduğundan ilk dövlət quruculuğu da onlarla başlayır. Dolayısıyla ilk polis orqanlarını yaradan da bizlərik. Bu baxımdan Azərbaycan polisinin yaşının 103 il kimi qeyd edilməsi nisbi xarakter daşıyır. Azərbaycan polisinin yaranma tarixi insanlığın var oluşu qədər qədimdir. Biz sadəcə tarixin ilk çağlarında bu orqana “su”, onu idarə edənlərə “subaşı” demişik. Bu gün təkcə Azərbaycanda deyil, bütün Türk dünyasının bir çox inzibati ərazilərində tez-tez qarşımıza çıxan Ağsu, Qarasu, Qızılsu və s. kimi toponimlər əslində indi anladığımız su mənasını vermir. Əksinə, dövlət quruculuğumuzun adlarıdır. Necə ki, Qaraqoyunlular və Ağqoyunlular toponimlərində olduğu kimi. Azərbaycan tarixi də qədim dövrlərdə subaşı adlandırdığımız komandanlar tərəfindən şəkillənib, indiki vəziyyətə gəlib. Məsələn, Azərbaycan xalqının ən böyük imperiyasının – Böyük Səlcuqlular dövlətinin qurucusu Səlcuq bəy bir subaşı idi. Sonradan idarə etdiyi əraziləri böyüdərək əvvəl bəy, sonra isə sultan adını aldı.
Müasir dünyamıza nəzər salsaq görərik ki, bu gün bir sıra dövlətlər yüz illər boyu mövcud olsalar da hələ ki polis orqanlarının ordu birliyinə çevrilmə prosesini tamamlamayıb və ordusuz yaşayırlar. Bu fakt polisin dövlət quruculuğunda nə qədər mühüm rol oynadığının ən bariz nümunəsidir.
Bu gün 103 ilini qeyd edən Azərbaycan polisinə gəlincə, 1918-ci ildə Demokratik Cümhuriyyətimiz elan olunanda qurulan ilk dövlət təsisatımız polis orqanı olmuşdu. Cümhuriyyət elanının ertəsi günü – 29 mayda yaradılan ilk Nazirlər Kabinetinin sədri Fətəli xan Xoyski həm də Azərbaycanın ilk daxili işlər naziri vəzifəsini yerinə yetirirdi. Azərbaycan Xalq Cümhuriyyəti DİN-in başlıca vəzifəsi tarixi ölkədə daxili sabitliyə nail olmaq və hüquq normalarına riayət olunmasını təmin etmək, cinayətkarlıqla mübarizə aparmaq, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaq, milli ordu, təhlükəsizlik qüvvələri ilə birlikdə ərazi bütövlüyümüzə və suverenliyimizə qəsd etməyə çalışan təcavüzkar qüvvələrə qarşı mübarizə aparmaqdan ibarət idi. Yəni Azərbaycan polisinin yarandığı gündən son zamanlaradək yürütdüyü başlıca xidmətlərdən biri də ərazi bütövlüyümüzün qorunması olub. Fətəli xan Xoyskinin təməllərini atdığı müasir polis təşkilatı 1918-ci il 2 iyulunda Xalq Cümhuriyyəti 24 iyun tarixli 178 saylı qərarı ilə qanuniləşdirildi və 2 iyunda Gəncə vilayətində ilk milli nizami polis orqanları yaradıldı.
Həmin illərdə Azərbaycan polisi təkcə Gəncədə və daha sonra digər vilayətlərdə asayişi qorumaqla məşğul deyildi. Qəhrəman polislərimiz o zaman da erməni separatizminə qarşı ağır mübarizələr aparır və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda minlərlə şəhid verirdi. Daha sonra Sovet Rusiyasının işğalı ilə ləğv olunan polis orqanlarımızın yerində milis qurumları yaradıldı və 70 il ərzində ölkəmizin taleyi yeni adlı asayiş keşikçilərinə tapşırıldı.Müstəqiliyimizin ilk illərində və ondan əvvəl SSRİ-nin dağılma prosesində yenə Azərbaycan polisinin üzərinə həm də ordu funksiyası düşmüşdü. Birinci Qarabağ savaşında Rusiyanın erməniləri dəstəkləməsi nəticəsində məğlubiyyətə uğrasaq da, düşmənə ən ağır zərbə vuranlardan biri də Azərbaycan polisi olmuşdu. Qəhrəman polislərimizin şücaəti sayəsində Azərbaycan düşmənə ağır zərbələr endirir və bu sahədə yenicə yaradılan ordu mənsublarımızdan az iş görmürdü. Azərbaycanın müdafiəsi naminə qurbana çevrilən ilk şəhidlər məhz polislər olub. 1988-ci ilin məlum Şəki, Sumqayıt ixtişaşlarından sonra polislərdən ibarət Şəki, Zaqatala, Qax üzrə yaranmış könüllülər dəstəsi Vətən uğrunda mübarizədə fəal, əzmlə və qəhrəmancasına vuruşmağa yollanmışdılar. Onlardan biri də Azərbaycan və Fransa Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun övladı polis leytenantı Mikayıl Cəbrayılov idi. Zaqataladakı xidməti vəzifəsini buraxıb vətən uğrunda döyüşlərə qatılan Mikayıl Cəbrayılov 1990-cı ildə Qazax rayonunun Kosalar kəndinin müdafiəsində qərhəmancasına döyüşərək həmkarı Arzu Əliyev ilə birlikdə şəhadət zirvəsinə ucalmışdı. Bu qəhrəmanlar şəhid olduğu zaman Azərbaycanda hələ Milli ordu yaranmamışdı. Ölümlərindən sonra leytenant rütbəli polis Mikayıl Cəbrayılov Milli Qəhrəman adına layiq görülmüş, Arzu Əliyev isə şəhadətindən sonra Vətən bayrağı ordeni ilə təltif edilmişdi. Ümumilikdə isə, Birinci Qarabağ müharibəsində Daxili İşlər orqanları və daxili qoşunlar 931 şəhid vermişdi. Rəşadətli polislərimizdən 67 nəfəri bu şücaəti ilə dövlətimizin ən yüksək mükafatını – Azərbaycan Milli Qəhrəmanı adını almışdır.
Azərbaycan polisi II Qarabağ döyüşlərində də misilsiz xidmətləri ilə yadda qaldı. Onlardan bəziləri ordu sıralarında döyüşlərdə iştirak etməklə yanaşı, ön cəbhədən heç də az əhəmiyyət daşımayan daxili sabitliyin qorunmasında sayıqlıqlarını bir an olsun itirmədi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 44 günlük müharibə dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantlığı vəzifəsini daxili işlər naziri Vilayət Eyvazova tapşırdı. Bu, cənab nazirə göstərilən ən böyük etimaddır.Cənab Prezidentimizin polis orqanlarına bəslədiyi bu etimad yeni də deyil. O, hələ 2013-cü ildə Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edərək asayiş keşikçilərimizə nə qədər böyük qiymət verdiyini bu sözlərlə dilə gətirmişdi:
“Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.
Bu gün ictimaiyyət nümayəndəsi kimi mən də asayişimizin və ölkəmizin keşiyində dayanan, dünyanın bəlkə də ən ağır sınaqlarından üzü ağ çıxan polislərimizə dərin məhəbbətimi bildirir və onları peşə bayramı münasibətilə təbrik edirəm.
Mürvət Həsənli

