Əgər kimsə toylarda maska taxmasa?!. Ekspertlər izah etdi

Bildiyimiz kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iyul ayının 1-dən toyların keçirilməsinə icazə verilib. Toyların keçirilməsi zamanı sosial məsafə qaydalarının nəzərə alınaraq təşkil olunmasına və qonaqlara 50-150 nəfərə qədər icazə verilməsi nəzərdə tutulur. Eyni zamanda toyda iştirak edən qonaqların tibbi maska taxması məcburidir. SİA mövzunun aktuallığını nəzərə alaraq ekspertlərin fikrini öyrənməyə çalışıb.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu: “Koronavirusa yoluxanlar getdikcə azalır, yumşalmalara getmək günün tələblərindən biri idi.

Bir çox gənc 1 il yarımdır ki, toyların açılmasını gözləyir. Toylara icazə verildi, lakin o qədər şərtlər qoyulub ki, bu şərtlərə əməl edilməsi çox çətindir. Sosial məsafənin saxlanması və Covid-19 pasportu tələb olunur, Covid-19 keçirən insanlar üçün arayış tələb olunur, maska taxmaq məcburidir. Çox tutumu olan şadlıq saraylarına 150-dən çox qonağın qatılmasına icazə yoxdur. Hesab edirəm ki, bu şərtlərə yenidən baxılmalıdır. Maskalar taxılmadıqda cərimə tətbiq olunur. Bu cərimələr olduqca yüksək məbləğdədir. Bu isə sosial gərginliyə gətirib çıxardır”.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Ölkəmizdə Covid-19 virusunun yayılmasının qarşısını almaq üçün Operativ Qərərgah bəzi sahələrə qadağalar tətbiq etməyə başlayıb. Vətəndaşlarımız yoluxmanın azalması üçün bütün şərtlərə, göstərişlərə əməl edirlər. Artıq 1 il yarımdır ki, pandemiya davam edir. Ölkəmizdə yoluxma sayının azalması ilə bir çox qadağalar yumuşaldıldı. Açıq səmada maska taxmaq qadağası götürüldü və toy, şənlik mərasimlərinin keçirilməsinə icazə verildi”.

Aydın Xan Əbilov qeyd edib ki, çayxana, restoran və kafelərə icazə verildikdən sonra aparılan statistik məlumatlar göstərdi ki, Covid-19 infeksiyasının yayılması ilə bağlı hər hansı bir artım yox, azalma baş verdi. Covid-19-un sağlamlığa ziyanı haqqında mütəxəssislər yetərincə məlumat verib. Amma qadağaların, yasaqların və karantin şərtlərinin insanlara psixoloji vəziyyətinə mənfi təsiri ilə bağlı söhbət edilmirdi. Bu baxımdan ölkəmizdə son vaxtlar icazə verilən toylar və məclislərlə bağlı çox sərt qərarların qəbul edilməsi bir qədər anlaşılmazdır. Çünki insanlara imkan yaradılıb ki, restoranlarda maskasız, müəyyən sosial məsafəni gözləmək şərti ilə açıqdır. Lakin birdən-birə toylarda sərtləşdirici tədbirlərin görülməsi anlaşılmazdır.

Başa düşülür ki, hələ də Covid-19-la bağlı çətinliklər və qorxu tam aradan qalxmayıb. İnsanların sağlamlığının qorunması və yoluxmanın azaldılması üçün müəyyən qadağaların qalması lazımlıdır. Amma toya çağırılan qonaqlara pandemiyanın əvvəlki vəziyyətindəki kimi davranılması və maskaların taxılmasının tələb olunması nə qədər düzgün hesab edilir? Baxmayaraq ki, Operativ Qərərgahın bu qərarını bir qədər səbrlə qəbul etmək lazımdır. Çünki bilirsiniz ki, İsrail, Rusiya, Türkiyə və bir çox ölkələrdə yenə də maskaya qayıdış və sərtləşmə tədbirləri yenidən həyata keçirilir. “Hindistan ştammı”, “Britaniya ştammı”nın yayılması hələ də davam etməkdədir. Azərbaycanda 50 faizdən çox insan Covid-19-a yoluxub antitel qazanıb və ya vaksinasiya prosesindən keçib. Aparılan araşdırmalar göstərir ki, insanlara daha çox sərbəstlik verməklə immuniteti daha çox gücləndirmək olar. Azərbaycanda qapalı, açıq məkanlarda keçirilən ümumi şənliklərdə sərt tədbirlərin görülməsi o qədər də arzu olunan deyil. Fikrimcə, Operativ Qərərgah yaxın günlərdə bir daha toplaşacaq və toylarda yoluxma sürətinin arealına və genişlənməsinə nə qədər təsir göstərdiyini müəyyənləşdirəcək. Toylara qoyulan tələblər daha sonra yumuşaldılacaq və ya aradan qaldırılacaq. Toy məclisləri insanların ən çox sosiallaşdığı mühitdir. Bu qədər qadağaların qoyulması insanları toydan imtina etmələrinə səbəb olacaq”.

Müəllif: Qönçə Quliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir