Ramiz Mehdiyev və Əli Həsənova aid olan media şirkətləri məhkəməlik oldu

Dövlət Radio Tezlikləri İdarəsi “Antenn” Müstəqi Teleradio Kompaniyasını məhkəməyə verib. 

Məhkəmə çəkişməsinə səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Artıq iyulun 9-na hazırlıq iclası təyin edilib.

Mətbuatda yayılan məlumatlara görə, “Antenn” Müstəqili Teleradio Kompaniyası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə bağlı şirkətdir. 

Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Teymur Əliyev küçəsi 25 A-da yerləşir. Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə “Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını “Digital Media” MMC-nin “digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırıb. Bu şirkət “Medya FM” radiosunun sahibidir.

Vergi Xidmətinin məlumatına görə, “Digital Media” MMC-nin digər iki təsisçisi Anara İbrahim qızı İsmayılova və Aysel Nazim qızı Əkbərovadır. Anara İsmayılova bu şirkətin ilk direktoru olub. Hazırda isə radioşirkətə Rüstəm Qədim oğlu Əliyev rəhbərlik edir.

Rüstəm Əliyev həm də “Antenn” Müstəqil Teleradio Şirkətinin direktorudur. Rəsmi sənədlərə görə, “Antenn FM” radiosunun təsisçiləri o və Rövşən Novruz oğlu Cavadovdur. Radio “Antenn 101 FM” yayıma 2000-ci ilin fevralında başlayıb. Radionun redaksiyası Azadlıq prospekti, ev 189 ünvanında yerləşir.

Rüstəm Əliyevlə Nigar Mehdiyevanın bir başqa ortaq sirkəti də var. Onlar “Abşeron Bio-Texnoloji” MMC-ni 2011-ci ildə yaradıblar. Bu şirkət innovativ bio-texnologiyalar sahəsində fəaliyyət göstərir və əsasən sənaye üsulu ilə bio-humus və bio-orqanik gübrə istehsal edir. Bio-humusun istehsalında əsas faktor soxulcanlardır. Bio-humus torpağın münbitliyini artırmaq üçündür. İstehsal fəaliyyəti Masazırdadır, şirkətin ofisi isə Bakıda Əhməd Rəcəbli prospekti, 181-də yerləşən biznes mərkəzindədir. Şirkətin istifadəsində Masazır gölünün yaxınlığında 30 hektar əkin sahəsi var.

Məlumatların təhlili göstərir ki, əslində Rüstəm Əliyevin adına olan şirkətlər Mehdiyevlərin nəzarətindədir.

Əli Həsənovun oğlu məhkəməyə verildi – Külli miqdarda borcu var

Prezident Adminstariyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri, Prezidentin keçmiş köməkçisi Əli Həsənov tutduğu vəzifələrdən kənalaşdırılandan sonra “qara zolağa” düşüb.

Hit.az xatırladır ki, Əli Həsənov  29 noyabr 2019-cu il tarixdə hakimiyyətin başlatdığı kadr və struktur dəyişiklikləri çərçivəsində görəvlərini itirib. Bundan sonra o, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində çalışıb. Lakin 19 noyabr 2020-ci il tarixdə onun bu vəzifədən də çıxarıldığı barədə məlumat yayılıb.

Əli Həsənov işdən çıxarılanan sonra ictimai tənqidə məruz qalıb. Tənqidlər əsasən onun media sahəsində atdığı mürtəce addımlarla bağlı olub. 

Yayılan məlumatlarda Əli Həsənovun nəzarətində olan biznes strukturlarının onun əlindən alındığı deyilir. Hətta “Kaspi” qəzetinin artıq ona aid olmadığı barədə məlumatlar var.

Bəzi şirkətlər isə hələ onun nəzarətindədir. Bildirilir ki,  həmin şirkətlərin borcu olduğu üçün hələ Əli Həsənovdan alınmayıb. Borcların bağlanması isə keçmiş şöbə müdirinin üzərindədir.  

“Kaspi Global” MMC-nin məhkəməyə verilməsi iddiaların əsassız olmadığını göstərir. Bu şirkəti “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi  müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatəndadır.

“Kaspi Qlobal” MMC 27 iyul 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Həsənli Şamxal Əli oğludur. Şamxal Həsənli Əli Həsənovun oğludur.

Bildirilir ki, “Kaspi Global” MMC-nin “Azərkosmos” ASC-yə külli miqdarda borcu var. Bu məsələ həllini tapdıqdan sonra “Kaspi Global” MMC də Əli Həsənovun nəzarətindən çıxacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir