Çimərliklərdə boğulma halları niyə baş verir? – Kimdir günahkar? Ekspertlər açıqladı
Son günlər havanın istiləşməsi nəticəsində insanlar çimərliklərə üz tuturlar. Bununla bərabər dənizdə boğulma, suda batma, ölüm halları müşahidə olunmağa başlayıb. SİA məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
“Çimərliklərin təhlükəsizliyi məsələsi təəssüf ki, bu ilə qədər bizim ən çox müzakirə etdiyimiz və narahat olduğumuz mövzu olub. Mövsüm yeni açılmasına baxmayaraq, artıq bir neçə bədbəxt hadisə baş verib”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, çimərliklərə gedərkən valideyinlərin, çimərliyə gedənlərin məsuliyyətli olması mütləqdir: “Orada FHN-nin əməkdaşları müntəzəm olaraq nəzarət edir. Hətta bunun üçün xüsusi adamlar işləyir. Amma bütün hallarda uşaqlar gözdən qaçaraq xəta edə bilirlər. Biz evdə də onlara yetəri qədər nəzarət edə bilmirik. 90-100 kvadratlıq evdə belə özbaşlarına hansısa oyunu aça bilirlər. Yıxıla bilirlər, zədə ala bilirlər. O ki, qaldı açıq havada və dənizdə. Bu baxımdan mütləq valideynlərin diqqəti uşaqlarının üzərində olmalıdır”.

Məsələ Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, YYSİB sədri,analitik-ekspert Aydın Xan Əbilov münasibət bildirib: “Qlobal iqlim dəyişikliyi ona gətirib çıxardır ki, bizdə artıq 4 fəsil yox, demək olar ki, 2 fəsildir: qış və yay. Biz yaydan qışa, qışdan da yaya keçirik. Yaz və payız fəsli o qədər də hiss olunmur. Bu da istər-istəməz insanın bioritminə, insanın təbiətinə zidd olan hadisələrdir. Əslində bu insanın özünün yaratmış olduğu və özünə qarşı işləyən təbiət hadisəsidir. Qlobal istiləşmə insanların psixasına da təsir edib.
Aydın Xan Əbilov həmçinin qeyd edib ki, isti yay aylarında insanlar həkimlərin, peşəkarların dediyi kimi səhər saat 6-dan 11-ə qədər, axşam isə saat yaxşı olardı ki, 5-dən 8-ə qədər dənizdən, çimərliklərdən isifadə etmək çağırışına məhəl qoymurlar. Energetik, spirtli içki qəbul edib, bir çox hallarda isə uyuşturucu maddələrdən istifadə edən gənclər və yeniyetmələr çimərliklərə gedib, bir-biriləri ilə yarışmaq üçün, bir-biriləri ilə mərcə girmək üçün qadağan edilən yerlərdə çimirlər. Hamıya məlumdur ki, iyul ayında hava küləkli olur. Küləkli hava nəticəsində böyük dalğalar yaranır. Bu da günvurma, orqanizmin zəifləməsi, bədənin açılmaması, əzələlərin məşq edilmədən uzun məsafələrə çimmək boğulma, suda batma hallarına gətirib çıxardır.
Ekspert sözlərinə davam edərək bildirib ki, bəzi hallarda isə insan təhlükəsizlik qaydalarına riayət eləmir: “Gənclərin başqalarına özünü göstərmək üçün uzun və dərin yerlərə üzmələri, daha sonra güclərinin tükənməsi suda batma, boğulma hallarına gətirib çıxardır. Bu məsələrlə bağlı maarifləndirməni gücləndirmək lazımdır. Get-gedə nəinki dənizdə, çimərlikdə adicə yol keçmə məsələsində yeraltı və yerüstü keçidlər ola-ola insanlar qaydalara riayət etməməklə özlərinə qəsd edirlər, ölüm faktı ilə üz-üzə gəlirlər. Bununla bağlı Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Komitəsinin, QHT-lərin maarifləndirmə qrupları olmalıdır. Bu maarifləndirmə işlərini gücləndirməklə insanları öyrətməli, bilgiləndirməli, eyni zamanda qadağalar pozulan zaman həm inzibati məsuliyyətə cəlb etmək, həm də çox yüksək cərimələnmə məncə insanları belə təhlükəli hallardan qoruya bilər”.

Mövzuya həkim-infeksionist Namiq Nəbiyev də fikrini bildirib: ”Yay fəslinin gəlməsi ilə əlaqədar olaraq, hər kəs dənizə üz tutur. Ancaq dənizə üz tutmaqla yanaşı uşaqlara nəzarət etmək lazımdır ki, yetkin yaşına çatmış uşaqlar baş verən bədbəxt hadisələrdən dərs çıxaraq dərin yerlərdə çimməməli və gözdən yayınmamalıdırlar”.Müəllif: Arzu Qurbanzadə