Hər iki sahənin fədaisi. Məhəmmədəli Mustafayev haqq dünyasına qovusdu

Hər iki sahənin fədaisi

Məhsuldar fəaliyyəti, yaradıcı təfəkkürü, işgüzar psixologiyası olan pedaqoq, həm də jurnalist, mükəmməl zəkaya malik həssas və qədirbilən insan kimi tanıdığımız Məhəmmədəli Mustafa oğlu Mustafayevin ölümü 63 illik həyatına qəfil – bilməzcə son qoydu.
Bu xəbər onu tanıyan dostları, həmkarları tərəfindən çox ağır, bəd bir xəbər kimi qarşılandı. Bu xəbəri 32 illik dostum, Əməkdar jurnalist Faiq Qismətolğu telefonla bildirəndə ikimiz də hönkürməyə başladıq. Telefonun o başından Faiq müəllim, bu başından da mən onu qarşılıqlı olaraq sakitləşdirməyə çalışdıq. Bir anlığa onunla bağlı şirin, məzəzli, maraqlı xatirələr gözlərim önündən keçdi.

Faiq müəllimə dedim ki, neçə gündür istəyirdim onunla əlaqə saxlayım, heç fikrimdən çıxmırdı. Deməli, qismət deyilmiş onunla danışmaq. Onun doğulub boya başa çatdığı Gürcüstan Respublikasının Dmanisi rayonundakı Az Gəyliyən kəndində olmuşam, rəhmətlik atası bizə beçə kəsmiş, rəhmətlik anası da ondan plov dəmləmişdi. Orada qaldığım bir neçə gündə xoş ünsiyyətini, səmimi ülfətini görmüşdüm.
O da bizim İsmayıllıda, qədim Basqal qəsəbəsində bir neçə dəfə rəhmətlik valideynlərimin qonağı olmuşdu. Hər dəfə yolu İsmayıllıya düşəndə, Basqala da gəlir, valideynlərimə baş çəkirdi.
Bu sətirləri yazan günü eşitdim ki, o, mətin və qürurlu insan olaraq, həyat dastanına 2 ay qalmış 63 illik ömür astanasında son qoydu. Bu acı xəbər inanın dostlarının içini didib parçalayır, onun ölüm xəbəri ilə heç vəchlə razılaşa bilmədiklərini bəyan edir, ağır-səngil başsağlığı ilə sanki özlərinə təsəlli vermiş oldular.

Qəfil ölüm girdabına tuş gəlmiş Məhəmmədəlinin həyat və yaradıcı dünyası haqqında vaxtilə yubiley mərasimlərində fəxarətli söz desəm də, ömür-gün yolu, həyat salnaməsi barədə dövri və pedaqoji mətbuatda “məqalələr çələngi” hörsəm də, bu ömür sahibinin nisgilli günündə, mərhum anasının yas günündə yanında olub ovqatının necəliyi ilə maraqlansam da, son günlərdə səhhəti ilə maraqlana bilməmişəm. Daha doğrusu, xəbər tuta bilmədiyim üçün ona baş çəkə bilməmişəm.
Adətən bir insanı ömründə iki dəfə tərifləyirlər: bir doğum, bir də ölüm günündə. Biz niyə beləyik görək? Olmazmı hər gün, hər saat, hər dəqiqə bir-birimiz haqqında xoş sözlər deyək, nəcib əməllər sahibi olaq? Bazx, bu günümüz üçün, utanmamaq üçün!
Məhəmmədəli bir alim kimi xalqına, millətinə yararlı övlad idi. O, həm də müəllim-ustad pedaqoq idi. Əmək fəaliyyətinin gənclik illərini bu müqəddəs sənət işığında şam kimi əritmişdi. O, böyüyən nəslin savad, təhsil yolunda fədai bir ömür həsr etmişdi.
Həyat dolaylarından çox mətinlik mübarizəsi ilə çıxan Məhəmmədəli sonradan – 1990-cı ildən “Ədalət” qəzetinin əməkdaşları sırasına qoşulmaqla jurnalist kimi fəaliyyət göstərmiş, bu peşəyə şövq verərək eyni amal və məqsəd yolunda da ali təhsilli kadr kimi həyat vəsiqəsi almış, jurnalist qələmini özünə çıraq tutmuşdu.
O, peşəkar jurnalist idi. Sözün əsl mənasında, bu, belə idi. Yaradıcı jurnalist təxəyyülünə, qanunauyğunluqlarına istinad ediləsi bütün məziyyətlər onun sənət-peşə fəaliyyətinin əsas canı idi.
Çalışdığı “Ədalət” qəzeti redaksiyasının kollektivində onun son dərəcə müstəsna ustad keyfiyyətləri həmkarları tərəfindən daim dəyərləndirilərək, örnəklik nümunəsinə çevrilirdi.
O, jurnalistikanı həyatının məramı, ideal bir dünya sanırdı. Elə bu məqsədlə də qələminin qüdrətini böyük auditoriyalardan, Azərbaycanın müxtəlif bölgələrindən reportajlar, disskussiyalar, informativ modern yeniliklərdən xülasələr hazırlığında gərgin əmək, intensiv fəaliyyətlə tamamlayırdı.
Onun yaradıcı təşnəsi həm də insani keyfiyyətlər zənginliyi ilə başqalarından fərqlənirdi. O, bu kollektivdə özünə xas səbr, təmkin, erudisiya və güclü intellektual yanaşma tərzi ilə ətrafındakılara fədakarlıq nümunəsi göstərirdi.
Bu gün nüfuzlu jurnalist, örnək insan kimi xatirələrə çevrilən bu yaradıcı ömür sahibinin həyat məramında çox keyfiyyət yada salınır, onun keçmiş olduğu ömür yolu ağızlardan düşmür.
Xalqına, vətəninə halallıq zəminindən, dərin rişələrlə bağlanan hər iki sahənin fədaisi Məhəmmədəli Mustafanın aramızdan getməsi bizi nə qədər məyus notlara kökləsə də, onun gənc nəslə örnək olası həyat bioqrafiyası hələ bundan sonra da xatırlanacaq, neçə-neçə insanların yaradıcı ömrünə işıq və nur töhfəsi bəxş edəcək.
Məzarın nurla dolsun, əziz qardaşım, Məhəmmədəli! Vaxtilə birlikdə işlədiyimiz kollektivə, ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verirəm.


Daşdəmir ƏJDƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir