Azərbaycanda rüşvət qanunləşdirilir?! Bu məsələ parlamentdə mübahisə yaratdı. İctimai etirazlar başladı

“Biz artırılan məhkəmə rüsumlarının 50 faizinin məhkəmə aparatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcəyini bildiririk. Bu, düzgün deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə münasibət bildirən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z.Oruc deyib ki, vətəndaşların hesabına məhkəmə aparatı işçilərinin sosial durumunun yaxşılaşdırılması prinsipi düzgün deyil.

Millət vəkili Fazil Mustafa deyib ki, layihəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək: “Bu, absurddur. Məsələn, biz deputat olaraq bizə müraciət edən vətəndaşlarla bağlı dövlət qurumuna müraciət edirik. O zaman həmin dövlət qurumu da bizim müraciətimizin əsassız olduğunu yazmalı və bizi də cərimələməlidir? Bu, tamamilə absurddur. Digər tərəfdən, rüsumlar hesabına hansısa qurumların işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi tamamilə aradan qaldırmaq lazımdır”.

Millət vəkili Azay Quliyev layihənin məqsədinin insanların məhkəməyə etimadını artırmaq olduğunu diqqətə çatdırıb: “Məsələn, hazırlıq institutları gücləndirilir. Yazılı icraat institutu da yeni institut olacaq. İnsanlar yazılı şəkildə hüquqi arqumentlərini təqdim edirlər və şəffaflıq da artır. Digər tərəfdən, əsassız vəsatət qaldırılmasına görə cərimə müəyyənləşirsə, məqsəd belə əsassız halların qarşısını almaqdır. Ona görə də biz bunu dəstəkləməliyik”.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son illərdə vəkillərin sayının 840 nəfərdən 2025-ə qaldırıldığını söyləyib: “Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək və burada təkcə vəkildən söhbət getmir. Kasıb insanlar bu cərimələrdən azad olunmalıdır. Ümumiyyətlə, cərimənin məbləği məsələsinə yenidən baxılmalıdır ki, narazılıq olmasın. Digər tərəfdən, əsassız qərarlar verən hakimlər hansı cəriməni ödəyirlər? Bir məqamı da deyim. Məhkəmə ilə bağlı rüsum 20 manatdan 100 manata qaldırılır. Elə insanlar var ki, ünvanlı sosial yardım belə ala bilmir. Bu insanlar rüsumu necə ödəyəcək? İnsanlar axışıb biz deputatlara müraciət edəcəklər ki, yardım edin, rüsuma gücümüz çatmır, yaxud məhkəmədə bizi cərimələyərlər. Ona görə də müzakirələr aparıb, cərimənin məbləği məsələsinə yenidən baxılsa, yaxşı olar ”.

Millət vəkili Əziz Ələkbərov da cərimə məsələsinə etiraz edib, bunun dövlətin hazırda yürütdüyü siyasətə zidd olduğunu vurğulayıb.

Azərbaycanda bir sıra cərimələr artırılır  DƏYİŞİKLİK

Azərbaycanda bir sıra cərimələr artırılır.

Bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir.

Dəyişikliklərə əsasən, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur.

Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir.

Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Azərbaycanda məhkəmə proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişiklik vəkillər tərəfindən narazılıqla qarşılanıb.

Mülki Prosessual Məcəlləyə yeni, 174.5-ci maddə əlavə edilməsi təklif edilir. Bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Bu məlumatın ictimailəşməsindən sonra Vəkillər Kollegiyasının üzvləri məsələyə kəskin etiraz ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, vəsatətin və ya şikayətin “açıq-aşkar əsassız” olması meyarının necə müəyyən olunduğu məlum deyil: “Və ya müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda “açıq-aşkar və aşkar olmayan əsassız” vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”.

Vəkil Fariz Namazlı qeyd edib ki, məhkəmə vəsatəti rədd edəndə hakim əsassız olduğundan təmin edilmədiyini deyir: “İndi cərimə olunmaq qorxusu ilə vəsatət də verə bilməyəcəyik”.

VK üzvü Aqil Layıc bildirib ki, vəkil prosesdə tərəf deyil və vəkili prosessual məsələyə görə cərimələmək hüquqi nihilizmdir: “Guya vəkillərin vəsatətləri prosesdə təmin edilirdi ki, cərimə də edilsin?! Ədalət mühakiməsinə nüfuz vəkilin qanunsuz cərimələnməsi ilə ölçülə bilməz. Cərimə və intizama cəlb ediləcək yeganə şəxslər varsa, Avropa Məhkəməsində dövlət əleyhinə qərarın çıxmasına rəvac verən hakimlərdir”.

Vəkil Elçin Sadıqov qeyd edib ki, bundan sonra hakim vəkilə deyəcək ki, filan vəsatəti qaldırsan, səni cərimələyəcəm: “Ağıllı ol”, qoy, işi tez yekunlaşdırım, yoxsa qarşı tərəf verdiyi pulu alacaq. Bu dəyişiklik ölkədə kölə, qorxaq vəkillik formalaşdırmaq üçündür. Bəs vəkillik inkişaf etmişdi?”

Hüquqşünas Ələsgər Məmmədli məsələyə münasibət bildirərək qeyd edib ki, təklifin heç bir legitim əsası yoxdur: “Bu təklif ədalətin təmini yolunu süni şəkildə bağlayıcı, vəkili isə aşağılayıcıdır. Bir digər yanlış təklif, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürülməsinin nəzərdə tutulmasıdır.

Dövlət rüsumu tam büdcəyə ödənilməli, məhkəmə çalışanlarının sosial müdafiəsi isə heç bir şərtə-yığıma tabe olmadan birbaşa dövlət büdcəsindən ödənməlidir”.

Qeyd edək ki, bu mövzuda digər VK üzvləri də etirazını bildirərək vəsatət verməyin vəkilin prosessual hüququ olduğunu deyiblər.

“Kənardan belə təəssürat yaranır ki, məhkəmələr öz işini asanlaşdırmaq istəyir. Ancaq bu, belə deyil”. 

Bunu Milli Məclisin iclasında iştirak edən Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov Mülki Prosessual Məcəlləyə əlavə edilməsi təklif edilən 174.5-ci maddə ilə bağlı danışarkən deyib. 

O bildirib ki, bu qanun layihəsi vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib: “Məhkəmə icraatında olan işini araşdırmaq üçün bütün sübutlar onun sərəncamında olmalıdır. Tərəflər yalnız müstəsna halda, əlavə sübutları təqdim etməlidir. Belə olmadığı halda müddət uzanır.

Sosial şəbəkələrdə olan etirazlar tam əsassızdır. Kassasiya müraciətlərində hakim soruşur ki, dəlilin varmı, deyir yox. Hakim də müşavirəyə gedir və qərarını elan edir. Bu da formal məhkəmə iclası hesab olunur. Bu Ali Məhkəmədə işlərin baxılması zamanı Kollegiallığın artmasına gətirib çıxaracaq. Açıq-aşkar əsassız vəsatəti vəkil verir ki, prosesi uzatsın. Bu dəyişiklik də vətəndaşın xeyrinə yönəlib. 

Bundan əlavə, məhkəmələrin rüsumların artırılmasında və  ya aşağı salınmasında marağı yoxdur. Bu rüsumlar dövlət büdcəsinə gedir. Mənim fikrimi soruşsanız, bu rüsumlar məhkəmələrin təminatına yönəldilməlidir. Aztəminatlı ailələr isə rüsumların ödənməsindən azaddır”.

Qeyd edək ki, bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkələrdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən  rüsumların artırılmasıyla bağlı gedən müzakirələrə münasibət bildirib. 

Komitə sədri bildirib ki, son 19 ildir sözügedən qanun dəyişdirilməyib: “Ancaq bu illər ərzində ölkədə minimum əmək haqqı 14 dəfə artıb. Azərbaycan dövlət rüsumlarının ən aşağı yığıldığı ölkədir. Bizdə məhkəmənin saxlanması xərclərinin 98 faizi dövlətin üzərindədir. Belə bir göstərici başqa yerdə yoxdur.

Azərbaycanda bu rəqəm 2 faizdir. Bu rəqəmin az olması hamını düşündürməlidir. Dəyişikliklərin məqsədi mediasiya institutunu inkişaf etdirməkdir. Çünki bütün dünyada məhkəmə prosesi bahalı prosesdir. Vətəndaşın illər ərzində məhkəməyə gedib-gəlməsi vaxt baxımından çox ciddi itkidir. Biz daha çox məhkəməyə qədər vətəndaşların problemlərini həll etməyə çalışmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir