Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının təqdimat mərasimi keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Migel Anxel Moratinos dedi:
-Siz mənim nə qədər şad olduğumu, yenidən burada olmaqdan necə məmnun olduğumu və Sizin ən böyük uğurlarınızdan birini dünən görməkdən nə dərəcədə şad olduğumu təsəvvürünüzə belə gətirə bilməzsiniz. Düşünürəm ki, günüm çox təsirli keçdi.
Prezident İlham Əliyev: Bəli, siz hər şeyin şahidi oldunuz.
Migel Anxel Moratinos: Ağdamda bəyanatımda, yekun bəyanatımda dedim ki, mən bir növ qarışıq hisslər keçirirəm. Birincisi, siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum. Heç nə yoxdur, tamamilə dağıntıdır. İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar? İkincisi, düşünürəm ki, Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab Prezident. Yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir.
Azərbaycan hər zaman inkişaf edib və bu inkişaf daha da güclənəcək. Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm, bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət Nazirliyinizi dəstəkləməyə çalışmaqdan qürur duyuram.
Məni qəbul etdiyinizə və birlikdə görə biləcəyimiz işləri nəzərdən keçirmək imkanına görə təşəkkür edirəm.
Prezident İlham Əliyev dedi:
-Ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir. Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim. Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu.
Bilirsiniz ki, onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar. Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də, – siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz, – Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq. Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik.
Həmin ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Bu, həqiqətən də sizin müharibədən, uzun müddət davam edən işğaldan əziyyət çəkmiş insanlara rəğbətinizin, dəstəyin göstəricisidir.
İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının təqdimat mərasimi keçirildi.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə tədbir iştirakçılarını salamlayaraq təqdimatın proqramı haqqında məlumat verdi. Bildirdi ki, 3 hissədən ibarət tədbirdə layihə haqqında məlumat veriləcək, beynəlxalq təşkilatların rəhbərlərinin videomüraciəti təqdim olunacaq və sonda tədbir nazir Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun iştirakı ilə panel müzakirələrlə davam edəcək.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının məqsədi, hədəfləri, fəaliyyət istiqamətləri barədə məlumat verildi.
Aparat rəhbəri bildirdi ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasına nail olmaqdır. Həmçinin dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Sonra Böyük Britaniyanın Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu İdarə Heyətinin sədri, professor Mayk Hardi və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətləri dinlənildi.
Müzakirələrdən əvvəl çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından diplomatların, ictimai-siyasi xadimlərin, görkəmli mədəniyyət və incəsənət adamlarının, media nümayəndələrinin, elm xadimlərinin işğaldan azad edilmiş ərazilərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi planlaşdırılır.
Nazir qeyd etdi ki, dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir: “Bu kampaniya eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyimizi nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır”.
Anar Kərimov onu da əlavə etdi ki, “Mədəniyyət naminə sülh” kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır: “Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos tədbirin əhəmiyyətindən danışdı, dünyada sülhün, təhlükəsizliyin qorunmasında birgə çalışmağın zəruriliyini qeyd etdi: “Dünya pandemiya böhranı və onun iqtisadi nəticələri üzləşdi. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik”.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu söyləyən Migel Angel Moratinos dedi: “Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Azərbaycanın dövlət başçısı ilə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, Azərbaycan xalqı üçün yeni səhifə, gələcək qarşıdadır”.
Sonra diplomatik korpus və KİV nümayəndələrini, habelə digər tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Təqdimatın sonunda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə təqdimat iştirakçılarına təşəkkür etdi, gələcəkdə layihənin fəaliyyət planının təqdim ediləcəyini diqqətə çatdırdı.

