Koronavirusa qarşı vurulan peyvəndlər sonsuzluğa səbəb ola bilər?

“COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir. İş ondadır ki, bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda, COVID-19-a qarşı peyvəndlərin istehsalında ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında bu peyvəndlər aidiyyəti orqanlar tərəfindən sürətlə təsdiqləndi”.

Bunu Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, 100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarının üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır: “Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. İzah edim: peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir”.

H. Qabulov koronavirusa qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: “Bu, tez-tez məlumat RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir. Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur.

Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil”.

COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğuna dair fikirlərə gəlincə isə, H. Qabulov bildirib ki, bu ifadə əsassızdır. Hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair bir çox nümunə var. Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVID-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqləyib:

Dünya təcrübəsinə baxsaq, bir çox qadın hamiləlik dövründə peyvənd olunub və sağlam körpələr dünyaya gətirib. Bunlara klinik sınaqlara qatılan və vaksinasiyadan sonra hamilə qalan qadınlar, həmçinin hamiləlik dövründə peyvənd olunmuş qadınlar daxildir”.

Nazirliyin eksperti bildirib ki, vaksin olunmuş insanlarda inyeksiya yerində ağrı, baş ağrısı, üşütmə, yorğunluq, yuxululuq, əzələ ağrısı, bədən hərarətinin qalxması halları müşahidə oluna bilir və belə halların baş verməsi bütün peyvəndlər üçün keçərlidir. Bir qayda olaraq, bu reaksiyalar qısa müddətli olur. Hazırda ciddi yan təsirlə bağlı hər hansı hal müşahidə edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir