Uşaq və yeniyetmələrə qarşı şiddət niyə artdı?! Təhsil sistemimizdəki böhran haçana kimi davam edəcək?! Narkokuryer qızlar

Məzun gecəsində 17 yaşlı qızı nişanlısı bıçaqladı

Bu günlərdə dəhşətli şiddət hadisələri ölkəni bürüməkdədir! Təhsil idarələri, İcra və bələdiyyə strukturları, hüquq-mühafizə orqanları, məktəblər və valideynlər haradadır bəs? Sintetik narkotiklər və 
 uyuşdurucu tabletlərin geniş yayılmasının sonu belə dıə nəticələr verməlidir…

Sabirabadda 17 yaşlı məktəbli qızın məzun gecəsi şənliyində bıçaqlanması ilə bağlı bəzi detalları


Sabirabadın Qaralar kəndi ərazisində yerləşən “Ana Kür” restoranında 5 saylı məktəbin şagirdləri şənlik təşkil ediblər.

Hadisəni törədən 19 yaşlı Sübhan Qasımlı məktəbdə təhsil alan Nərgizi (şərti ad) sevirmiş və buna görə valideynləri ilə elçilik də edib. Sübhanın ailəsi polisə izahatında bildirib ki, Nərgiz Sübhanla nişanlı olub. Nərgizin ailəsi isə elçilik mərasimində oğlan evinə “yox” dediyini bildirir.

Şənlikdən bir neçə gün öncə Sübhan qızdan həmin şənliyə getməməsini istəyib. Nərgiz isə məktəb yoldaşları ilə keçirilən məzun gecəsinə qatılıb. Bu səbəbdən də oğlan həmin şənliyə gələrək onu bıçaqlayıb.

Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan Sübhanın axtarışları davam edir. Nərgizin isə səhhəti stabildir.

***

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 17 yaşlı Nərgizi (şərti) bıçaqlamaqda şübhəli bilinən 19 yaşlı Sübhan Qasımlı saxlanılıb. Hazırda polis şöbəsində onun ifadəsi alınır.

Qeyd edək ki, S.Qasımlı da 2 il əvvəl həmin məktəbin məzunu olub.

Ölən 14 yaşlı uşağı 16 yaşlı oğlan döyübmüş…

Ağsu rayonunda 5 gün öncə döyülən 14 yaşlı Nihad Məmişov xəstəxanada vəfat edib.

Baş Prokurorluqdan bildirilib ki, iyunun 20-də rayon sakini Nihad Məmişovun daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İstintaqla müəyyən edilib ki, iyunun 15-də 16 yaşlı C. Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.

C. Müseyibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Ağstafada da dəhşətli hadisə baş verib!

Xatırladaq ki, iyunun 16-da Ağstafa rayonunun Muğanlı kəndində “Son zəng”dən sonra məzunlar arasında bıçaqlanma hadisəsi baş verib. 17 yaşlı Zeynallı Orxan Mirtalıb oğlu üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı, sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb. 

Bakıda onlayn yolla narkotik satan şəbəkə ələ keçdi 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən sosial şəbəkələrdə onlayn yolla narkotik satan 27 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, rəhbərləri xarici ölkələrdən birində olan və ümumilikdə 32 nəfərdən ibarət olan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan növbəti şəbəkənin mövcud olması barədə Baş İdarəyə əməliyyat məlumatları daxil olub.

Nəticədə əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 nəfər üzvü saxlanılıb, 5 nəfər isə axtarışdadır.

Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.

Qeyd edək ki, mütəşəkkil dəstəyə daxil olan və saxlanılan şəbəkə üzvləri öz aralarında gizliliyi saxlamaq və polis əməkdaşlarının diqqətindən yayınmaq üçün real həyatda bir-biriləri ilə ünsiyyətdə olmayıblar. Ancaq sosial şəbəkələrlə əlaqə saxlayan dəstə üzvlərinin hər birinin özünəməxsus kod adları da olub. Onu da bildirək ki, mütəşəkkil dəstənin başçıları narkokuryerliyə gənc qızları cəlb etməkdən də çəkinməyiblər. Təsadüfi deyil ki, saxlanılan 27 nəfərdən ibarət şəbəkənin 7 üzvü qadındır.

Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışı ilə bağlı aralarındakı gizli sövdələşmələri sübut edən yazışmalar, eləcə də, Bakı şəhərinin demək olar ki, hər bir rayonunda mövcud olan və narkotik vasitələrin tədarük edildiyi saxlanc yerləri müəyyən edilib. Həmin məkanlara Baş İdarənin əməkdaşları tərəfindən baxış  keçirilən zamanı külli miqdarda narkotik vasitələr olan heroin, tiryək, marixuana, habelə metamfetamin, kokain, yüksək təsiredici psixotrop tərkibli təsiredici dərmanlar, ekstazi həbləri, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları, ödəniş qəbzləri, müxtəlif ölkələrə məxsus mobil nömrələr və sair sübutlar aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərin hər biri narkotik vasitələrin aludəçisidir. Bu isə onların asanlıqla narkotiklərin satışı ilə məşğul olan şəxslərdən asılı vəziyyətə düşməsinə səbəb olub və onlardan narkokuryer kimi istifadə edilib.

İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir