Aydın Xan Əbilov: “İnsanların imkanı olsa, hər şeyi geyinib yoxlayarlar”

“İnsanların imkanı olsa alt paltarlarını da geyinib yoxlayarlar” – EKSPERT NARAZILIĞINI BİLDİRDİ
“Pandemiya dövründə müəyyən karantin qadağaları var və bu qadağalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən, ekspert rəyləri öyrənildikdən, beynəlxalq təcrübə və ÜST-ün tövsiyyələrindən sonra qəbul edilir. Azərbaycanda mağazalarda olan geyim dəyişmə otaqları antisanitarik bir yerdir. Heç orada pandemiya olmasa belə paltar dəyişmək üçün şərait demək olar ki, yoxdur. Eyni balaca otaqlar, eyni köhnə “şəpik” və toz basmış döşəmə…”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, insanlar geyim alan zaman istənilən yoluxucu xəstəliyə yoluxa bilərlər: “Ona görə də, xüsusilə koronavirusun zəiflədiyi və hələ də aradan çıxmadığı bir vaxtda Nazirlər Kabineti yanında Operativ Qərargahın bu tövsiyyəsi normal qarşılanmalıdır. Amma, hər hansı bir şəxs və ya müştəri mağazada, ticarət mərkəzlərində alış-veriş edən zaman istər ayaqqabı, istər geyim olsun əvvəlcədən öz bədən ölçülərini mütləq mobil telefonuna qeyd etməlidir. Nəticədə, bunlarla silahlanıb geyim almağa rahat gedəcəklər”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Ümumiyyətlə, dünyanın əksər ölkələrində paltarı geyinib yoxlamağa icazə verilmir. Hesab edin ki, kiminsə dəri xəstəliyi var və bu digər insanlara yoluxur. Söhbət yalnız koronovirusdan getmir. Xüsusilə də bu ayaqqabılardan keçir. Elə insan var ki, mağazada 10-15 ayaqqabı geyinib yoxlayır. İnsanların imkanı olsa alt paltarlarını da geyinib yoxlayarlar. Bu xüsusən də qadınlara aiddir. Məsələlərin qarşısını almaq üçün hansısa bir qərar olmalı idi”.
“Digər məsələ isə, insanlar öz ölçüsünü bilib mağazaya gedir və onlar “şopinq” etməkdən həzz alır. Onlar 100 cür paltar geyinib çıxarır və sonda da birini alarlar ya almazlar məlum deyil. Bununla həm mağaza işçilərinin əsəblərini korlayaraq onların alverlərinə mane olurlar, həm də boşuna sıxlıq yaradırlar. Ona görə də bu qadağa çox yaxşıdır. Bunun alternativ yolları da var. Belə ki, geyim alarkən onun qəbzini götürüb, evdə geyinib yoxlaya, olmasa qaytara bilərsiniz. Onsuz da, alt paltarları istisna olmaqla, 14 gün ərzində digər geyimləri dəyişdirmək və ya qaytarmaq olar. Elə adamlar var ki, bundan istifadə edərək, bahalı paltar alır və 14 gün ərzində onu beş toya geyinib geri qaytarır. Məhz bu məsələlərə görə bu qadağanın tərəfdarıyam. Geyimi almaq istəyirsinizsə zatən ona vizual olaraq baxırsınız. Məncə bu yolla da yaraşıb-yaraşmadığını bilmək olar. Xüsusən də gənc xanımlar “avaralıq” əlaməti olaraq boşu-boşuna geyim almaq üçün vaxt sərf edir. Əslində bu qayda insanlarda yeni geyim və ticarət mədəniyyəti yaradacaq”.
Ayşən Vəli

