Tələbələr üçün kredit: Azərbaycanda yaranan yeni Fond nə vəd edir?
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” (bundan sonra – Fond) yaradılsın.
2. “Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir;
3.2. təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır;
3.3. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 (yeddi) üzvdən ibarət Himayəçilik Şurası yaradılır;
3.4. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir;
3.5. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. Fondun idarəetmə orqanlarının yaradılması;
4.1.3. Fondun yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;
4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:
4.2.1. bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.2. Fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, Fondun vəsaiti hesabına verilmiş kreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin.
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
7.1. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin yaradılmasını təmin etsin;
7.2. Fondun dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, habelə ali, orta ixtisas və peşə təhsili müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının Elektron Hökumət İnformasiya Sistemi üzərindən cavablandırılmasını təmin etmək üçün bir ay müddətində zəruri tədbirlər görsünlər.
9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını iki ay müddətində təmin etsin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Nizamnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş maliyyələşməni təmin etsin.
Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.
Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, hələ 2013-cü ildə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda Təhsil Tələbə Krediti Fondu yaradılması nəzərdə tutulmuşdu, amma yaradılmamışdı:
“Son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki, kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən tələbələr sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər.
İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır”.
K.Əsədov qeyd edib ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər: “Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var.
Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz”.
Hər bir vətəndaşın təhsil almaq hüququ olduğunu deyən K.Əsədov bildirib ki, bunu dövlət təmin edir: “Fondun yaradılması Fərmanına qədər Azərbaycanda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud olmayıb. “Maarifçi” Kredit Fondu müəyyən tələbələrə kredit verib. lakin o da özəl təşkilat olduğu üçün büdcəsi yoxdur”.
Aytən Zəhra

