Azərbaycan intellektuallığının canlı obrazı: Əbülfət Pələngov
Yenimedia.net portalı olaraq gənc nəslə ölkəmizin dəyərli alim, pedaqoq, müəllim, yazıçı-şair və müxtəlif sahələrdə uğur qazanmış intellektualların tanıtımını davam etdiririk.
Əbülfət Qulam oğlu Pələngov 17 iyun 1959-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur.
1976-cı ildə şəhid qardaşının adını daşıyan Züvüç kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşdur. 1974 və 1976-cı illərdə riyaziyyatdan keçirilən Respublika fənn olimpiadalarının qalibi olmuş,həmin illərdə Ümumittifaq riyaziyyat olimpiadasının mükafatçısı olmuşdur. 1977-1981-ci illərdə ADPİ-nin riyaziyyat fakültəsində ali təhsil almış və riyaziyyat müəllimi ixtisası üzrə ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1981-82-ci illərdə təyinatla Biləsuvar (o zaman Puşkin) rayon Nərimanovka kəndində ixtisası üzrə müəllim işləyib. 1982-90-cı illərdə həmin rayonun Səmədabad kənd məktəbində müəllim işləmişdir.
Hazırladığı şagirdlər hər il respublika riyaziyyat olimpiadalarının qalibi olduğuna görə ona 1986-cı ildə AMEA-nın Riyaziyyat İnstitutunun diplomu və fəxri fərman,”Baş müəllim”fəxri adı verilmişdir. 1990-cı ildə əmək fəaliyyətini proqramçı-riyaziyyatçı vəzifəsində davam etdirmişdir. 1993-1996-cı illərdə ADPU-nun dissertantı olmuş,”Ölçmə xarakterli praktik və laborator işləri şagirdlərin həndəsi biliklərini formalaşdıran vasitə kimi “adlı namizədlik dissertasiyasını tamamlamış və ADPU-nun nəzdindəki 13.00.02 ixtisas şurasında (Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə) müvəffəqiyyətlə müdafiə etmişdir.
Elmi rəhbəri pedaqoji elmlər doktoru, professor Seyidağa Sail oğlu Həmidov olmuşdur. 1996-cı ildən ADPU-nun hesablama riyaziyyatı və informatika kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim, daha sonra dosent vəzifələrində işləmişdir. 2010-cu ildə “Orta məktəb həndəsə kursu təlimində müasir metodların kompüter texnikası ilə əlaqəli tətbiqinin reallaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını ADPU-nun nəzdində yaradılmış birdəfəlik dissertasiya şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.
Elmi məsləhətçi BDU-nun riyazi analiz kafedrasının müdiri ,fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Soltanağa oğlu Mirzəyev olmuşdur. 2014-cü il 7 mart tarixli ADPU-nun elmi şurasının qərarı ilə Hesablama riyaziyyatı və informatika kafedrasında professor vəzifəsinə seçilmişdir. Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona professor diplomu verilmişdir.Riyaziyyatın kompüter texnologiyası ilə tədrisi sahəsində öyrədici proqramlar tərtib etmiş və bir çox məktəblərdə istifadəsinə nail olmuşdur. Aldığı nəticələr respublikamızda və müxtəlif xarici ölkələrdə konfranslarda səsləndirilmiş və nəşr olunmuşdur. 1996-cı ildən Respublika Jurnalistlər Birliyinin üzvüdür.
2002-ci ildə “Vektor” Beynəlxalq Elmi Mərkəzinin “Gənc alim”kimi laureatı olmuşdur. 2010 və 2015-ci illərdə ADPU-da dəqiq elmlər üzrə “İlin alimi” olmuş və mükafata layiq görülmüşdür. 2011-ci ildə Təhsil Nazirliyinin ən yüksək mükafatı “Qabaqcıl Təhsil İşçisi”döş nişanı ilə təltif edilmişdir.
120-dən artıq elmi əsərin,o cümlədən 9 kitab,1 monoqrafiyanın müəllifidir. Əsərlərindən 40-dan çoxu xarici ölkələrdə nəşr olunub. O, keçmiş SSRİ-nin müxtəlif regionlarında 23 dəfə və Türkiyədə beynəlxalq konfranslarda xalqımızı ləyaqətlə təmsil etmişdir. Rəhbərlik etdiyi aspirantlar və dissertantlardan ikisi müdafiə etmiş və təsdiqini almışlar. Digər iki aspirantının dissertasiya işi ilkin müzakirədən müsbət rəy almış və dissertasiya şurasına təqdim edilmişdir.
Hazırda 7 aspirant və dissertanta ADPU-da, 2 doktoranta Təhsil İnstitutunda və Türkiyə Cümhuriyyətində 1 doktoranta rəhbərliyi davam edir və onlar da işlərini tamamlamaq üzrədir. Bir elmi jurnalın və ADPU-nun “Xəbərlər”və “Təhsildə İKT” jurnallarının redaksiya heyətinin üzvüdür.
Təhsil Nazirliyinin”Akkreditasiya” şöbəsində dəfələrlə mütəxəssis kimi nazirin əmri ilə komissiyaya üzv təyin edilmiş və müvəffəqiyyətlə öz işinin öhdəsindən gələ bilmişdir. Bundan başqa,Təhsil Nazirliyində “İnformatika “dərslikləri üzrə etibarlı ekspert kimi də fəaliyyət göstərmiş orta məktəb dərsliklərinin əsas rəyçisidir.
2013 -cü ildən 2016-cı ilin aprelinədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat bölməsi üzrə yaradılmış ekspert şurasının üzvü olmuşdur. 2016-cı ilin aprelindən AAK-nın rəyasət heyətinin qərarı ilə ADPU-da FD 02. 061 Müdafiə Şurasının həmsədri işləmişdir. Hazırda həmin şuranın üzvü ,şura yanında elmi seminarın sədridir.
Biz Azərbaycan elminə töhfələr vermiş gözəl alimimizə, dəyərli intellektualımıza can sağlığı, elmi fəaliyyətində yeni uğular arzulayırıq.
Ceyran Həsənova

