AVRO-2020-nin Bakıda açılış mərasimi oldu. İlham Əliyev və Birinci xanım Uels-İsveçrə matçını izlədi.

AVRO-2020-nin Bakıda keçirilən ilk oyunu öncəsi açılış mərasimi keçirilib.

Tədbir Uelslə İsveçrə arasında keçirilən oyundan bir neçə dəqiqə əvvəl baş tutub.

Mərasimdə Bakı Olimpiya Stadionunda Bakını tərənnüm edən görüntü, Avropa çempionatının kuboku və iştirakçı hər iki komandanın forması dalğalanıb.

Qeyd edək ki, açılış mərasimləri turnirin keçirildiyi 11 şəhərin hər birində ilk oyun öncəsi baş tutur.

İlham Əliyev və Birinci xanım Uels-İsveçrə matçını izlədi

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionuna keçirilən Uels-İsveçrə matçına baxıblar.

Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir.

Ölkəmiz indiyədək idmanın müxtəlif növlərinə aid mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Bu gün ən nüfuzlu idman qurumlarının böyük beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi də təsadüfi deyil.

Uels-İsveçrə matçı gərgin mübarizə şəraitində keçdi. Matçın ilk hissəsi qolsuz başa çatdı. İsveçrə millisinin hücumçusu Breel Embolo matçın 49-cu dəqiqəsində hesabı açdı.

Bundan sonra hücumlarının sayını artıran Uels komandası 74-cü dəqiqədə Kieffer Murun qolu ilə hesabı bərabərləşdirdi.

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol isə videonəzarət sistemində baxıldıqdan sonra qeydə alınmadı. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı.

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir