Toylara olan qadağa götürülür? – EKSPERT AÇIQLADI
“Bildiyimiz kimi, Azərbaycanda toy hər hansı bir iki nəslin şadlıq məclisi ilə yanaşı, həm də çox böyük sosial, psixoloji, mənəvi, mədəni və iqtisadi bir hadisədir. Toy biznesi dəfələrlə vurğulandığı kimi Azərbaycanda özü ilə yanaşı yüzə yaxın sahəni inkişaf etdirən, Azərbaycan iqtisadiyyatına böyük təkan verən, işsizlik ordusunu işlə təmin edən sahədir. Eyni zamanda toyun toyla yanaşı, onun ətrafında müxtəlif digər istiqamətlərdə, bu və ya digər dərəcədə cəmiyyətin inkişafına, cəmiyyətin ayrı-ayrı qruplarının həm iqtisadi, həm sosial, həm ictimai həyatına təsir edən hadisədir”.
Bu sözləri SİA-ya açıqlamasında Vətəndaş Cəmiyyəti Alyansı və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Azərbaycanda iki ilə yaxındır ki, toylar zəifləyib: “Bundan əvvəl də onsuz da iqtisadi problemlər yaşanırdı. İki il öncə toyların sayı çox az idi. Nikahagirmə və boşanma statistikasına nəzər salsaq, görərik ki, onsuz da toy biznesi və toylarla bağlı problemlər yaşanıb. Pandemiya və 44 günlük Vətən müharibəsi də toy biznesinə təsir etdi”.
“Son illər Azərbaycanda toyların sayı həddindən artıq azalıb. Toylarla yanaşı həm də əhalinin gəliri azalıb, iş yerləri bağlanıb, toyla əlaqədar iş sahələri demək olar ki, böhran içindədir. Eyni zamanda, demoqrafik problem də yaşanır. Çünki, son il yarımdır toyların olmaması ictimai nikahların artması və nikaha daxil olanların sayının azalması əhali artımında müəyyən problemlər yaradır. Yəni, nəsil yaranmır, uşaqlar doğulmur və s”.
“Toylarla yanaşı bizim mənəvi-psixoloji problemimiz var. İctimai nikahlara daxil olub, heç bir sənədlə rəsmiləşdirilməyən, xarakterləri alınmayan insanların münasibətləri korlanır və boşanmalarla nəticələnir. Əlbəttə, bizim kimi ictimai düşüncə adamları Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvlərinə müraciət edir. Azərbaycanda qadağan olan toyların bir qismi artıq Rusiyaya köçüb. Yəni, Azərbaycanlılar gedib Rusiyada toy edirlər. Eyni zamanda, bizim toy sistemində çalışıb işləyən musiqiçilər, aşbazlar, rəqqaslar, müğənnilər, vizajistlər, dərzilər və s. adamlar artıq ölkədən axın edib xaricə yollanırlar. Bildiyim qədəri ilə 150-dən çox müğənni və onları müşahidə edən sənətçilər artıq Rusiyada toylarda çalışırlar. Hətta bir qismi də artıq Rusiyada və Türkiyədə yaşayır”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Əlbəttə, təkliflər var ki, toylar tezliklə keçirilsin. Bu təkliflərin bir qismi də toyların real şəkildə (nişan, xına, oğlan-qız toyu) mini məclislər formasında ola bilər. Bu şəkildə insanlar başqalarının toyuna atdıqları nəmərləri geri qaytara bilərlər. Bu qayda həm də Operativ Qərargahın verdiyi tövsiyyələri də yerinə yetirmiş olur. Qəribədir, ölkədə bütün restoranlar və kafelər doludur. Amma, toy keçirmək lazım gəldikdə xəstəlik və pandemiya var. Bəli, pandemiyada sosial məsafə gözlənilməlidir. Lakin, bir çox şadlıq evlərinin açıq hava hissəsi var və burada toy etmək olar”.
“Toylar yalnız iki nəfərin ailə qurması ilə bitmir. Burada cehizlərin alınması, ticarət, nəqliyyat, logistika, ərzaq, kənd təsərrüfatı,yeyinti sənayesi, musiqi, zərgərlik, geyim və s. baxımından iqtisadi sahədir. Toyları həmçinin, virtual formada da etmək olar. Lakin, bu Azərbaycan üçün biraz qəribədir. Bəlkə də, insanlar onlayn dərsə alışan kimi, zamanla onlayn toya da fərqli baxış bucağından baxar”.
Ayşən Vəli, https://sia.az/az/news/social/875012.html

