Azərbaycan dəyərlərini yaşadan ağsaqqal – el adamı Əyyub İsgəndərov
Cənub diyarınin tanınmış nəsillərinin layiqli nümayəndəsi Əyyub Mirmənsim oğlu İsgəndərov 1930-cu ildə Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. S.Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əyyub müəllim Lerik rayonunda MTS-da baş zootexnik, F.Engels adına kolxozun sədri vəzifələrində çalışmışdır. Kolxoz sədri olduğu dövrlərdə təsərrüfatı nəzəri biliyi, təcrübə metodları ilə qabaqcıllar sırasına çıxarmışdır.
1962-ci ildən həyatını Lənkəranla bağlamışdır. Rayon Kolxoz-Sovxozlar Birliyinin baş zootexniki, Lənkəran Dövlət Damazlıq Birliyinin direktoru olmuşdur. Lənkəran Quşçuluq fabrikinin və Cəlilabad Rayon Broyler fabrikinin direktoru vəzifələrində çalışmışdır.
Məşhur Talış zebusu və onun hibritləşməsi sahəsində aparılan elmi təcrübələr Ə.İsgəndərovun adı ilə bağlıdır. Moskva, Tbilisi, Voronej, Bakı şəhərlərində keçirilən Ümumittifaq elmi simpoziumlarında Azərbaycan zebusunun iribuynuzlu qaramal cinsləri ilə hibritləşdirilməsi mövzusunda məruzələrlə çıxış etmişdir. 1980-ci ildə Kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi adını almışdır.
Ə.İsgəndərov 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. “Şərəf Nişanı” ordeni, “Rəşadətli Əməyə görə” medalı, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi qızıl və gümüş medalları, respublika Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Ə.İsgəndərov 15 noyabr 1987-ci ildə Lənkəran şəhərində 57 yaşında vəfat etmişdir. Məzarı Lənkəranda Böyük Bazar qəbiristanlığındadır.
Böyüklərin dediyinə görə qorxmaz, xeyirxah, sözündən dönməyən, əqidəli, kasıb təbəqənin nümayəndələrinə kömək edən bir ziyalı olmuşdur.
Allah rəhmət etsin!
Mənbə:
M.Talışlı, E.Əhədov “Lənkəran:ensiklopedik məlumat”, ll.
Ceyran Həsənova

