VCA – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov: kulturoloji xəzinəmiz Şuşa…

Xarıbülbül” 32 il sonra Şuşada: “Heydər Əliyev Fondu Azərbaycanı kulturoloji məkan olaraq dünyaya təqdim edir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Cebhe.info-ya açıqlamasında bu festivalın çox böyük əhəmiyyət daşıdığını bildirib

Mədəniyyət paytaxtımız olan Şuşada “Xarıbülbül” festivalı keçiriləcək. 32 ildən sonra keçiriləcək festival Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı, “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Bu festival Azərbaycanın mədəniyyət paytaxtının yenidən dünyaya açılması, bütün dünyanın Şuşanı əzəli Azərbaycan topağı kimi bir daha tanımasına səbəb olacaq. Bu tədbirlərlə Şuşanın Azərbaycan üçün hansı dəyərə malik olması bir daha nümayiş olunacaq. İllər uzunu işğala susan, erməni vandallığına həm də bu susqunluqla haqq qazandıran dünyanın, onun ikili siyasətinin ən yaxşı cavabını Azərbaycan dövləti məhz Şuşada verəcək.

Ölkə başçısı tərəfindən Şuşa şəhəri Azərbaycanın “Mədəniyyət paytaxtı” elan edildi. Prezidentin tapşırığı ilə “Xarıbülbül”musiqi festivalının keçirilməsi növbəti dəfə beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin çatdırılmas və Qarabağın Azərbaycan torpağı olması baxımından çox maraqlı bir layihədir. Heydər Əliyev Fondu bu istiqamətdə artıq müəyyən işlər görüb. Şuşanın sürətlə dirçəldilməsi prosesi gedir, təmir işləri başlayıb. Füzulidən Şuşaya yeni yol çəkilir. Şuşada “Xarıbülbül” festivalı 1989-cu ildə Cıdır düzündə keçirilib. İlk dəfə keçiriləndə də möhtəşəm av-hava vardı. Qarabağın mərkəzi olan Şuşada Azərbaycan musiqisi ilə dünyaya mesaj oxunurdu ki, Qarabağ ən qədim sivilizasiya mərkəzlərindən biridir. 32 ildən sonra Cıdır düzündə yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi ilə Heydər Əliyev Fondu Azərbaycanı dünyaya kulturoloji məkan olaraq təqdim edir. Bununla da Qarabağın məhz əzəli bir Azərbaycan torpağı olması sübut olunur. Çünki musiqi sivilizasiya və bəşər tarixində ən üzdə olan kulturoloji şifrəni özündə gəzdirir. Musiqi incəsənətin elə bir sahəsidir ki, gözəl musiqi əsərləri yaradan xalqlar bununla da özünün estetik, kulturoloji səviyyəsini nümayiş etdirir. Bu baxımdan, “Xarıbülbül” festivalı bizə imkan yaradır ki, həm Qarabağ, həm də Azərbaycan həqiqətlərini dünyaya çatdıraq.

Kulturoloq deyir ki, “Xarıbülbül” müxtəlif xalqların musiqi yaradıcılığı baxımdan da maraqlıdır:

“Çünki Azərbaycanda 60-dan çox xalq var. Bu da multikulturalizmdə çox böyük bir nümunədir. Biz dünyaya çatdıra bilərik ki, bir tərəfdə Xınalıq kimi bir kənddə bir millət, onun dili, mədəniyyəti var, Kiş kimi bir kənddə xristianlığın ayrıca bir qolu durur, Bakıda və Şuşada kilsələr var, digər tərəfdə isə Ağdamda, Füzulidə, Şusada ermənilərin dağıtdığı məscidlər, sinaqoqolar, alban kilsələri var, onları da təmir edəcəyik. Eyni zamanda, burada alban xristian musiqisi, Azərbaycan muğamları var”.

Kulturoloqun sözlərinə görə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında Azərbaycan mədəniyyəti və incəsənəti dünyaya bənzərsiz nümunə kimi təqdim olunur:

“Kəlağayıdan başlamış, Qız qalası, İçəri şəhər, Qobustan abidələri, Novruz bayramı, milli xörəklərimiz məhz Heydər Əliyev Fondunun xətti ilə YUNESKO-da siyahıya daxil edilib. “Xarıbülbül” gülünü, həm də Şuşa və Ağdam, Qarabağ muğam məktəbini növbəti sərvətimiz olaraq YUNESKO-nun xətti ilə bəşəriyyətin qeyri-maddi sərvətləri siyahısına daxil edə bilərik. Bu da festivalın imkanlarından yararlanaraq musiqi dili ilə Azərbaycan, Qarabağ həqiqətlərini dünyaya çatdırmağa imkan verəcək”.

Nigar
Cebhe.info
https://m.cebhe.info/ldquoxari-bulbulrdquo-32-il-sonra-susada-ldquoheyder-eliyev-fondu-azerbaycani-kulturoloji-mekan-olaraq-dunyaya-teqdim-edirrdquo–282395

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir