“Tenderdə məbləğ 2 milyard yox, 20 milyondur” – Rəsmi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən gün işğaldan azad edilən rayonlarda tikintilərin bərpası ilə bağlı layihələrin hazırlanması, eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında, Gəncə şəhərində, Tərtər rayonunda, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında, Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı tenderin nəticələrini elan edib.

Tenderin nəticələri sosial şəbəkədə müzakirələrə səbəb olub. Bildirilir ki, böyük həcmdə layihə üçün tender müddəti təkliflər sorğusu əsasında həyata keçirilib və ona tez zamanda yekun vurulub. Daha bir tənqid edilən məqam isə nəzərdə tutulan layihələr üçün 2 milyarda yaxın vəsaitin sərf edilməsiylə bağlıdır. Eyni zamanda, iddiaya görə, tenderi udan şirkətlərdən üçünün vergi borcu da var.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu sorğumuza cavab olaraq bildirib ki, Baş Nazirin 14 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin 27.09.2020-ci il tarixindən başlayaraq Azərbaycana təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib: “Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qısa bir zamanda aradan qaldırılması üçün “Dövlət satınalmaları haqqında” Qanunun 18.2.1-ci maddəsinə uyğun olaraq təkliflər sorğusu keçirilib. Qanuna əsasən dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilə bilər. Belə ki, təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda həmin təşkilatın qeyd olunan metoddan istifadə etmək hüququ vardır.  

Ötən gün sosial şəbəkələrdə düşmən təcavüzü nəticəsində 11 şəhər və rayonda dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi işlərinin 5 lot üzrə təkliflər sorğusu üsulu ilə satın alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilmiş satınalma müsabiqəsi ilə bağlı yanlış xəbərlər paylaşılıb.

Bu xəbərlərə münasibət olaraq bildirmək istərdik ki, Komitə tərəfindən elan edilən satınalma müsabiqəsində müəyyən olunmuş müddət potensial podratçıların təklif təqdim etməsi üçün kifayət edib və 15 podratçı tərəfindən fərqli lotlar üzrə 18 təklif təqdim edilib. Satınalma müsabiqəsində iştirak üçün hər bir şirkət tərəfindən vergi öhdəliklərinin və vəzifələrinin yerinə yetirilməsi ilə bağlı təqdim edilmiş arayışlarda vergi borcunun olmaması qeyd edilib.

Bununla yanaşı, tenderdə qalib seçilən təşkilatların satınalma ilə bağlı müqavilələrinin ümumi məbləği xəbər saytlarının əməkdaşları tərəfindən yanlış hesablanaraq 2 milyard manat həcmində göstərilib. Lakin bu məbləğ 5 müqavilə üzrə 20 648 409 manat təşkil edir”.

Qeyd edək ki, tenderdə qalib gələn şirkətlər “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (1 162 min manat), “Rabitəinşaat” ASC (4 579 min manat), “Conco” QSC (4 895 min manat,), “Real-İnşaat” (5 671 min manat), “Az Graft Construction” (3 388 min manat) və “Parlaq-N” MMC-dir (2 116 min manat).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir