Cavad Zərifin qalmaqallı səsyazısında Süleymaniyə ağır ittiham

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin daha əvvəl ictimailəşməmiş müsahibəsinin səsyazısının yayılması dünya mediasında gündəm olub.

İran mətbuatında yayılan müsahibənin səsyazısında İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Qərblə nüvə danışıqları prosesində Rusiyanın danışıqları pozmaq və bu prosesdə ötən ilin əvvəli qətlə yetirilən general Qasım Süleymanidən istifadə etmək cəhdlərindən söz açıb.

Cavad Zərif müsahibədə Suleymaninin Qərblə danışıqlar prosesini sabotaj etmək üçün Rusiya ilə əməkdaşlıq etdiyini, həmçinin Suriyada davam edən vətəndaş müharibəsində Tehranın maraqlarını zədələyən siyasət apardığını, bununla da İranın diplomatik nüfuzuna xələl gətirdiyini bildirib.

O həmçinin qeyd edib ki, Rusiya İranın Qərblə nüvə razılaşmaları imzalamasından 10 gün sonra Tehran və Vaşinqton arasındakı müqaviləni pozmaq üçün İran generalı Qasım Süleymani ilə Moskvada danışıqlar aparıb.

Müsahibədən birbaşa sitatları yayımlayan “Guardian” nəşrinin yazdığına görə, Zərif İran daxilindəki qüvvələrin Səudiyyə Ərəbistanı səfirliyinə hücum da daxil olmaqla, bir sıra üsullarla 2015-ci il nüvə razılaşmasının baş tutmasının qarşısını almağa çalışdığını bildirib.

O, Rusiyanın razılaşmanın uğurlu olmasını istəmədiyini, bunun Tehranın Qərblə münasibətləri normallaşdırması ilə nəticələnəcəyini və bu səbəbdən Moskvanın bütün gücü ilə razılaşmaya əngəl yaratmağa çalışdığını əlavə edib.

Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun İranın xarici siyasətdəki təsirini “soyuq müharibəyə bənzər” olaraq xarakterizə edib, İran XİN rəhbəri olaraq vaxtının çox hissəsini bu təşkilatla anlaşılmazlıqlara sərf etdiyini bildirib.

Bundan əlavə C. Zərif qeyd edib ki, ötən il Ukrayna təyyarəsinin vurulmasından sonra SEPAH rəhbərləri ona hücum edərək İranın təyyarəni vurmağının doğru olmadığını açıqlamasını tələb edib.

Onun sözlərinə görə, təşkilatın nə baş verdiyini bilməsinə baxmayaraq, ondan təyyarənin vurulmasını inkar edən bir tvit paylaşılması tələb olunub.

Səsyazısında XİN rəhbəri Süleymanini Suriyanı bombalamaq üçün Rusiya təyyarələrinin İran üzərindən uçmasına icazə verdiyi üçün də tənqid edib.

O, İran siyasi arenasında hərbi-siyasi elitanın təsirlərinin daha böyük olduğunu və bir çox vəziyyətdə diplomatiyanın bu təsirlərlə məğlub olduğunu qeyd edib.

***

İran Prezidenti Həsən Ruhani kəşfiyyat orqanlarına ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin qalmaqallı səsyazısını yayan şəxsi tapmaq üçün təlimat verib.

“İRNA” xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii onlayn mətbuat konfransında açıqlama verib.

Rəbii, Zəriflə görüşün yazılı və vizual qeydlərinin hökumət idarəsində arxivləşdirildikdən sonra ictimaiyyət üçün yayımlanmasının planlaşdırıldığını, ancaq səsyazısının oğurlandığını qeyd edib.

Hökumət sözçüsü bu hərəkəti İran xalqına qarşı “sui-qəsd” olaraq dəyərləndirib.

Onun sözlərinə görə, nazirlə geniş müsahibədən yalnız kiçik bir hissə çap olunub.

“Prezident bu sui-qəsdin günahkarını müəyyənləşdirmək üçün Kəşfiyyat Nazirliyinə təlimat verib”,- deyə Rəbii bildirib.

Bununla yanaşı, İran hökuməti XİN rəhbərinin İraq səfərindən qayıtdıqdan sonra “anlaşılmazlıq” barədə lazımi açıqlamalar verəcəyini gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir