Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri – Tamada, zootexnik, ofisiant. İcra başçısı Bakıya gətirildi. İH inistitutu kökündən ləğv edilməlidir
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri – Tamada, zootexnik, ofisiant…
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən həbs edilən sabiq icra başçılarının əvvəllər hansı peşə ilə məşğul olduqları araşdırılıb.
Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov bu vəzifəyə təyin olunana qədər tamada kimi fəaliyyət göstərib.
Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil» restoranında ofisiant işləyib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev “Qara bazarda” dollar alış-verişi ilə məşğul olub.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib.
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib.
Həbs olunan Yevlax rayon icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib.
İcra başçısı Bakıya gətirildi: DTX tərəfindən SAXLANILIB
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.
Qeyd edək ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Həbslər heç nəyi dəyişmir: İH inistitutu kökündən ləğv edilməlidir
“İcra hakimiyyəti bir inistitut və idarəetmə forması olaraq artıq özünü bitirib. Yəni, bu icra hakimiyyətləri institutu tamamilə kökündən ləvğ edilməlidir”.
Bunuaçıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, Azərbaycanın ərazi quruluşu dəyişdirilməlidir:
“80-ə yaxın rayonun olmasına ehtyac yoxdur. Hər birinin icra başçısı, məmur sinfi var. Məmur sinfi həm büdcəyə yük olur, həm də əlavə olaraq vətəndaşların fəaliyyətinə kömək deyil, maneçilik törədirlər. Artıq illərdir ki, bununla bağlı təklif verib, çıxışlar edirik. Ölkənin böyük 14-15 rayona bölünməsi və orada prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi, yerdə qalan məsələlərin bələdiyyələrə dövr edilməsi, yerli özünüidarəetməni gücləndirilməsi və s. bütün bunlar artıq aktualdır. Zaman itiririk. İdarəetmənin forması və fəlsəfəsi dəyişməlidir”.
Natiq Cəfərli bildirib ki, kimin hansı rayona icra başçısı təyin edilməsindən asılı olmayaraq, bir müddətdın sonra korrupsiya faktları üzə çıxır:
“Söhbət şəxslərdə deyil, sistemin özündən gedir. Sistemin özü artıq özünü bitirib. Səhv etmirəmsə, bu, 10-cu əməliyyatdır. İcra hakimiyyətlərində keçirilən əməliyyatlar davam edir. Bəziləri işdən çıxarılır, bəziləri korrupsiya əməllərində ifşa olunaraq həbs olunur. Onların bu günə kimi topladığı qeyri-leqal varidatı üzə çıxır. Son iki ildə biz dəfələrlə bunun şahidi olmuşuq. Bu bir daha sübut edir ki, artıq söhbət şəxslərdən getmir”.

