Xalqa və elmə həsr olunmuş 85 illik mənalı ömürdən səhifələr: Professor Əsədulla Qrbanov…

Bioqrafik, sənədli oçerk

Professor və düşüncə adamı Əsədulla Qurbanov 1936-cı ilin 28 aprelində Baş Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Azərbaycan Respublikasının ən dilbər güşələrinin birində – Balakən rayonunun Katex kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.

Katex kəndi “enli kürəklərini” və “dik başını” şimaldan Baş Qafqaz sıra dağlarına söykənmiş, “sağ əini” kəndin Balakən rayonu ilə sərhəddəki daim şır-şır axan “Beş Bulağa”, “sol əlini” bol sulu dağ çayı olan Katex çaya, “ayaqlarını” kəndin cənub hissəsində yerləşən sıx ormanlı meşələrə uzatmışdır. əsasən oğuz türlkərinə məxsus olan bu qədim kəndinəhalisinin böyük əksəriyyətinin oğuz türləri olan azərbaycanlılar, yerdə qalan hissəsini isə vaxtı ilə Dağıstandan buraya köçmüş azsaylı xalqların – avarların, ləzgilərin, saxurların təmsil edənlər idi. Indi də belədir.  

Əsədulla Qurbanovun uçaqlıq illəri çox keşmə-keşli olmuşdur. Belə ki, o, çox erkən iki aylıq çağa ikən atasını, özündən yaşlı iki qardaşını Böyük Vətən Müharibəsində, əziz anasını isə gəncliyində itirmişdir.

Əsədulla Qurbanov kiçik yaşlı simasına baxmayaraq böyük qardaşı Əlihacı Qurbanovun 1939-cu ilin qışında əsgərliyə yola salarkən dediyi aşağıdakı poetik fikirlər indidə onun yaddaşından, hafizəsindən silinməmişdir.

Qar yağır qalın-qalın,

Altınıza keçə salın.

Biz əsgər gedəsi olduq,

Siz isə salamat qalın”.

Əsədulla Qurbanov 1944-cü ildə doğma kəndindəki orta məktəbin birinci sinfinə daxil olmuşdur. O, yazda, yayda bəzən ayaqyalın, payızda, qışda isə çarıqlı-patavalı məktəbə gedərək yaxşı oxumuşdur. Məktəbdə dərs əlaçısı, ictimai, mədəni-kütləvi işlərdə fəallığı ilə seçilən bir oğlan illər keçdikcə pedoqoji kollektivin, sinif-şagird yoldaşlarının sevimlisinə çevrilir. O, məktəbdə ictimai, mədəni-kütləvi işlərdə, tədbirlərdə öz fəallığı ilə yoldaşlarından fərqlənir, seçilirdi.

Oçerkimizin qəhrəmanı məktəbin ictimai həyatında təkamül yolunu seçmişdir. Başqa sözlə desək, o, məktəbdə əvvəlcə oktyabrant, pioner və komsomol olmuşdur. O, onuncu sinifdə oxuyarkən məktəbin rəhbərliyi, pedoqoji kollektivi onu komsomol komitəsinin katibi seçilmişdir. 

O, yay aylarında kənddəki “Qızıl Bayraq” adlı kolxozda çalışan anasına təsərrüfat işlərində kömək edirdi.

Əsədulla Qurbanov 1954-cü ildə Katex kənd orta məktəbinin 10-cu sinfini müvəffəqiyyətlə bitirir və lazım olan əşyalarını toplayıb, ali təhsil almaq üçün Bakıya yola düşür. O, sənədlərini o zaman V.İ.Lenin adını daşıyan Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verir. Sual oluna bilər. Bəs nə üçün məhz filologiya fakültəsinə? Cavab: Onda hələ uşaqlıqdan, eləcə də orta məktəbdə oxuyarkən, müəllimi və qonşusu olan şair suraqat Qurbanov Ədəbiyyata böyük həvəs oyanmışdır.

Əsədulla Qurbanov indi də yaxşı xatırlayır. O, pedaqoji institutda qəbul imtahanı zamanı birinci olaraq ədəbiyyat yazıdan imtahan vermişdir. Inşa mövzusu belə idi “Cəfər Cabbarlı yaradıcılığında sosialist realizmin inikası”. Əsədulla Qurbanov inşa yazısını yüksək səviyyədə yerinə yetirmişdir.

Lakin buna baxmayaraq, yazı imtahanı onun özünə məlum olmayan səbəblər üzündən qeyri-kafi qiymətləndirilmişdir.

Belə olan halda əli boş kəndə qayıtmaq istəməyən Əsədulla Qurbanov xeyli müddət keçdikdən sonra sənədlərini 2 №-li Bakı Peşə Texniki məktəbə verir. Çünki başqa ali məktəblərə tələbə qəbulu qurtarmışdır.

Əsədulla Qurbanov Bakı 2 №-li Peşə Texniki məktəbin kompressor-nasos ixtisadı üzrə peşə yiyələnməyi qərara alır. Orada yataqxana müftə, geyim paltarı və yemək pulsuz idi. O, həmin məktəbi bitirib, kompressor-nasos ixtisası üzrə diplom alır. Təyinatı zamanı Bakıda yenicə istifadəyə verilmiş V.İ.Lenin adına Bakı Yeni Neftayırma zavoduna ixtisaslı fəhlə peşəsinə təyin olunur. O, bir müddət burada işləyir. Bununla belə ali humanitar təhsil almaq arzusu hələki bir an belə onu tərk etmir. 1956-cı ildə Əsədulla Qurbanov sənədlərini o zaman S.M.Kirovun adını daşıyan Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə verir. O zaman qəbul imtahanı 6-7 fənn üzrə aparılırdı. Əsədulla Qurbanov 6 fənnən ən yüksək qiymət alsa da rus dilindən kəsilir. Belə olan halda, o, qəbul komissiyasının məsul katibinə müraciət edir.

– Xahiş edirəm ki, mənə kömək edin əliboş kəndə gedə bilmərəm.

– Bu, məndən asılı deyil, qəbul komissiyasının sədri akademik Yusif Məmmədəliyevdir. Yalnız o, sizə kömək edə bilər.

– Nə olar? Xahiş edirəm, yalvarıram ona vəziyyətimi deyin.

– Baş üstə deyərək, məsul katib Əsədulla Qurbanovun sənədləri barədə akademikə müraciət edir.

Çox keçmədən məsul katib, Əsədulla Qurbanova yaxınlaşıb deyir.

– Gəlin gedək, rektor sizi gözləyir. Getdik. Akademik məni çox gülərüz qarşıladıqdan, hal-əhval tutduqdan sonra məsul katibə üzünü tutub dedi.

– İstisna hal kimi, rus dili müəllimlərini mənim adımdan dəvət elə, bu uşaqdan yenidən imtahan götürsünlər. Sən özündə iştirak elə ki, bu oğlan müsbət qiymət alsın.

Beləliklə, Əsədulla Qurbanov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin “Kitabxanaçılıq və biblioqrafiya” şöbəsinə qəbul olunur.

Əsədulla Qurbanov universitetdə yaxşı oxumaqla yanaşı, Azərbaycan ali təhsil ocaqlarının flaqmanı olan bu tədris müəssisəsinin ictimai, mədəni və mənəvi həyatda çox fəal iştirak edir. Bakı Dövlət Universitetində çıxan çoxtırajlı “Lenin tərbiyəsi uğrunda” adlı qəzetin fəal müxbirlərindən biri kimi də xüsusi fəallıq göstərir.

Əsədulla Qurbanov fakultə komsomol katibi vəzifəsində də çalışır. O, 1961-ci ildə Universitetin Şərqşünaslıq fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra təyinat üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzi Aparatında fəaliyyətə başlayır. O, burada uzun illər müxtəlif vəzifələrdə çalışır. Əsədulla Qurbanov Mədəniyyət Nazirliyində işləyərkən, 1967-ci ildə “SSRİ-nin Əməkdar Mədəniyyət xadimi” adına layiq görülür.

Əsədulla Qurbanov 1967-ci ildən 1973-cü ilə qədər nazirliyin tabeliyində olan Din Tarixi Dövlət Muzeyində direktor, eyni zamanda nazirliyin nəzdində fəaliyyət göstərən Mədəni-Maarif İşçilərinin İxtisasartırma Kursunda baş müəllim vəzifəsində çalışır. Buna baxmayaraq Əsədulla Qurbanovda elmi-pedaqoji işə olan hədsis maraq və istək onu məzunu olduğu Bakı Dövlət Universitetinə gətirir. O, burada əvvəlcə dissertant, sonra isə qiyabi aspirant olur. Saat hesabı dərs deməklə yanaşı, elmi-tədqiqat işi ilə də ciddi məşğul olur.

Əsədulla Qurbanov aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə “Kənd əhalisinin şüurunda sekulyarlaşmanın – dünyəviləşmənin xarakterik xüsusiyyətləri” (Azərbaycan Respublikasının Şəki-Zaqatala bölgəsinin materialları əsasında elmi-fəlsəfi, sosioloji təhlil) mövzusunda fəlsəfə elmləri namizədi dissertasiya işini müvəffəqiyyətlə başa çatdırarkən onu müdafiə edir.

Əsədulla Qurbanov eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, hüquq və Sosiologiya Tədqiqat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olur.

Əsədulla Qurbanov 1978-ci ildə universitetdə onun estetika elmi üzrə müəllimi olmuş, tanınmış şair, fəlsəfə elmləri doktoru, akademik Aslan Aslanov rektoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dosent vəzifəsinə dəvət edir. O, burada Mədəniyyət Nazirliyində işlədiyi müddət ərzində əldə etdiyi zəngin təcrübəni, dərs dediyi tələbələrə mükəmməl olaraq öyrədir.

Əsədulla Qurbanov bu universitetdə dərs deməklə yanaşı, bu təhsil ocağında təşkilati, ideya, siyasi, ideoloji işlərlə də çox ciddi məşğul olur. Universitetin partiya bürosunun üzvü, partiya-nəzarət komitəsinin sədri, ideoloji işlər üzrə prorektor kimi məsul vəzifələri də icra edir.

Əsədulla Qurbanov 1984-cü ilin may ayında Azərbaycan Respublikasının Təhsil Naziri Qurban Həsən oğlu Əliyevin xüsusi əmri ilə Bakı Dövlət Universitetinə “Dinşünaslıq” kafedrasına dosent vəzifəsinə köçürülür. O, burada ixtisasına uyğun olaraq dərs deməklə yanaşı “Milli və millətlərarası münasibətlər konteksində sekulyarlaşmanın  – dünyaviləşmənin xarakterik xüsusiyyətləri” (Azərbaycan Respublikasının materialları əsasında fəlsəfi-sosioloji təhlili) mövzusunda doktorluq dissertasiyası üzərində gecəli-gündüzlü çox ciddi çalışır.

O, 1990-cı ilin 21 dekabrında Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun doktorluq üzrə Elmi Şurasında elmi işini müvəffəqiyyətlə müdafiə edərək, fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Əsədulla Qurbanovun doktorluq dissertasiyasına fəlsəfə elmləri doktoru, akademik Firudin Köçərli, akademiyanın müxbir üzvü fəlsəfə elmləri doktoru Məqsəd Səttarov, moskvalı alimlərdən dünya şöhrətli şərqşünas-islamşünas azərbaycanlı Qasım Məmməd oğlu Kərimov, fəlsəfə elmləri doktoru professor İqor Yakovyeviç Kanterov, Mövlütov Rəşid Raxmatullayeviç və başqaları çox yüksək qiymət vermişlər.

 Təsadüfi deyildir ki, Əsədulla Qurbanov çox qısa bir müddət ərzində Moskvadakı SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komitəsindən fəlsəfə elmləri doktoru diplomunu alır.

Bir müddət keçdikdən sonra Əsədulla Qurbanov Azərbaycan Respublikası yanında fəaliyyət göstərən Ali Attestasiya Komitəsindən fəlsəfə elmləri üzrə professor diplomu alır.

Əsədulla Qurbanov çox ciddi şəkildə elmi-pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda müntəzəm olaraq respublikamızda və onun hüdudlarından kənarda nəşr olunan qəzetlərdə, jurnallarda, dərgilərdə, toplularda elmi, bədii-publisistik məqalələrlə çıxışlar edir, radio və televizorlarda müxtəlif maraqlı və aktual mövzularda öz sözünü deyir.

Əsədulla Qurbanov yüksək işçi mədəniyyətinə malik mütəxəssisdir. Onun mühazirəçilik və natiqlik fəaliyyəti dinləyicilər tərəfindən daim yüksək maraqla qarşılanır. O, elmi-fəlsəfi, siyasi biliklərin fəal təbliğinə görə 1994-cü ildə Azərbaycan “Bilik və Maarifçilik” cəmiyyətinin İdarə Heyyətinin qərarı ilə akademik Yusif Məmmədəliyev adına medal və mükafata layiq görülür. Burada, yeri gəlmişkən, aşağıda akademik Yusif Məmmədəliyevin çox qiymətli bir fikrini xatırlamaq və yada salmaq istərdik. O, demişdir: “Xalq arasında elmi bilikləri yaymaq, ürəklərdə maarif ziyalı yandırmaq hər birimizin müqəddəs borcudur”.

Təsadüfi deyildir ki, Əsədulla Qurbanov elmi bilikləri respublikamızda və onun hüdudlarından çox-çox uzaqlarda da geniş xalq kütlələri arasında fəal sürətdə yaydığına və təbliğ etdiyinə görə “Vətən”, “Əqidə”, “Qızıl Qələm”, “Xalqın nüfuzlu Ziyalısı” diplomlarına layiq görülmüşdür.

Əsədulla Qurbanov 1986-cı ildə “Avropa Nəşr Evinin” ən yaxşı tədqiqatçı alim kimi “Qızıl Medala” layiq görülmüşdür.

Əsədulla Qurbanov 2010-cu və 2011-ci illərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilmiş “İslam və Quran terrorsuz dünya uğrunda” mövzusunda Beynəlxalq simpoziumundakı maraqlı çıxışına görə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuş, eyni zamanda qeyd olunan beynəlxalq tədbirdə Əsədulla Qurbanov 2012-ci ildə “İslam və Müqəddəs Quran terrora yox deyir” mövzusunda maraqlı məruzəsinə görə İran İslam Respublikasının Prezidenti BMT-yə müraciəti ilə əlaqədar olaraq həmin ildə BMT-nin “Sülh səfiri” diplomuna layiq görülmüşdür.

Professor Əsədulla Qurbanov 8 may 1913-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq Misir Ərəb Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi tərəfindən “Təşəkkürnamə” ilə, 2010-cu ildə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının “Fəxri Diplom”una layiq görülmüşdür.

Əsədulla Qurbanov 2015-ci ildə Ankara Beynəlxalq “Söz” Akademiyasının üzvü seçilmişdir. O, həmçinin 2006-cı ildə “Hüquq və iqdisadiyyat” adlı ictimai-siyasi hüquq qəzetinin gənc nəslin təlim-tərbiyəsində, milli-mənəvi, dini dəyərlərin qorunmasında və təbliğindəki görkəmli xidmətlərinə görə “Əgidə” diplomuna layiq görülmüşdür.

Professor Əsədulla Qurbanov 1998-ci ildə islamın tarixi vətəni olan Səudiyyə Ərəbistanın Kralı Fəhd Əbdüləziz əl-Səudun şəxsi dəvəti ilə müqəddəs Məkkə və Mədinəyə həcc ziyarətinə dəvət olunmuşdur. Buna görə də o, 1999-cu ildə Azərbaycan Hacılar Xeyriyyə Cəmiyyətinin qərarı ilə rəsmi “Hacı” olmuşdur, vəsiqə №271.

Professor Əsədulla Qurbanov dünya dini olan islam dininin ümumbəşəri mənəvi dəyərlərinin tədqiqi və təbliği xidmətlərinə görə “Fəzilət” fəxri diplomuna layiq görülmüşdür.

İslamşünas – filosof alim 6 aprel 2016-cı ildə anadan olmasının 80 illiyi münasibəti ilə “Gənc nəslin formalaşmasında və layiqli vətəndaştəki yetişdirilməsindikə xidmətlərinə, Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə görə “Bakı Dövlət Universitetinin Fəxri Fərmanın”a layiq görülmüşdür.

Professor Əsədulla Qurbanov həmin ildə Azərbaycanda elmin və təhsilin, intellektual və etik-əxlaqi mədəniyyətin, yüksək səviyyəli insan cəmiyyətinin formalaşması və inkişafındakı xidmətlərinə görə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradıcı-innovativ fikrinin fəal iştirakına görə və Assosiasiyasının 25 illik yubileyi münasibəti ilə “Fəxri Fərman”la təltif olunmuşdur.

Görkəmli islamşünas-filosof –alim olan Əsədulla Qurbanov 2016-cı ildə “Azərbaycanda mədəniyyətlərarası dialoqun inkişafı sahəsindəki fəal iştiraki, dünyada sevgi toxumlarını əkərək, ideal dünya barışına fəal surətdə qatıldığına görə “Uluslararası Barış Elçisi” fəxri adına layiq görülmüşdür.

Tanınmış islamşünas alim olan Əsədulla Qurbanov eyni zamanda həmin ildə ölkədə elmin inkişafında, yüksək ixtisaslı milli-mütəxəssis islamşünas kadrların hazırlanmasındakı uzun müddətli xidmətlərinə və anadan olmasının 80 illik yubileyi münasibətilə respublika Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur.

Fəal ictimai xadim olan Əsədulla Qurbanov 2013-cü ildə “Ağa Musa Hacıyev Zirvəsi” diplomları ilə təltif olunmuşdur. Bundan əvvəlki illərdə professor Əsədulla Qurbanov səmərəli publisistik fəaliyyətinə görə “Qızıl Qələm” və “Xalqın nüfuzlu Ziyalısı” fəxri fərmanları və mükafatlarına layiq görülmüşdür.

Eyni zamanda professor Əsədulla Qurbanov yenə həmin ildə “Ümumbəşəri sülhün təbliği sahəsindəki səmərəli xidmətlərinə görə “İdeal Sülh Fondu” tərəfindən “Qalib sülhsevər” diplomu” ilə təltif olunmuşdur.

Professor Əsədulla Qurbanov 2016 –cı ildə vətən qarşısındakı səmərəli və fəal xidmətlərinə görə “Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının sədri yazıçı Salam Qədirzadə tərəfindən “Vətənə Xidmət” medal və mükafat”ına layiq görülmüşdür.

Azərbaycan Respublikasının tanınmış ictimai-siyasi xadimi 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin xüsusi sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. (Vəsiqə №000024).

Ən nəhayət Əsədulla Qurbanov 25 noyabr 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Fəxri Diplom”una layiq görülmüşdür.

Tanınmış islamşünas alim-filosof olan Əsədulla Qurbanov keçmiş SSRİ-nin və Azərbaycan SSRİ-nin “Bilik” və “Maarifçilik”, habelə “Fəlsəfə” cəmiyyətlərinin fəal üzvü kimi də elmi-fəlsəfi, ictimai-siyasi, bədii-publisistik biliklərin öncül təbliğatçılarından sayılır.

Görkəmli, tanınmış ictimai-siyasi xadim olan Əsədulla Qurbanov 1992-ci ildə YAP-ın Naxçıvanda keçirilən ilk təsis konfransında məşhur “91”lərdən biridir. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev məşhur “91”lər haqqında demişdir: “ “91”lər Yeni Azərbaycan Partiyasının Qızıl Fondudur. Onlar çox cəsur, qorxmaz, cəsarətli, vətənpərvər insanlardır. Bütün qapılar onların üzünə açıq olmalıdır”. 

…65 illik bir zaman kəsiyində onun elmi, pedaqoji, siyasi, ictimai fəaliyyəti rəhbəri olduğu Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin rəhbəri, səmərəli, faydalı və önəmli fəaliyyəti, ölkənin əlaqədar, müvafiq rəhbər orqanları tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikası özünün ikinci dəfə milli müstəqilliyini bərpa etdikdən sonra professor Əsədulla Qurbanov özünün ictimai-siyasi fəaliyyətinə xüsusi önəm verir. O, Yeni Azərbaycan Partiyasının fəal qurucularından və təşkilatlarından biri olur. Ulu Öndər Heydər Əliyev qatı ermənipərəst olan Sovet İKP MK-nın Baş katibi M.S.Qorbaçov tərəfindən Moskvadakı bütün nüfuzlu siyasi vəzifələrindən uzaqlaşdırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisininsədri işləyən Heydər Əliyevin YAP-ın sədri, lideri olmasına dəvət edənməşhur “91”lərdən biri olmuşdur.

…Budur, quş qanadlı illər bir-birini əvəz edir. Fəal ictimai-siyasi xadim olan Əsədulla Qurbanov 4 iyun 1993-cü il məlum 4 iyun Gəncə, 4-5 oktyabr Bakı və 1995-ci il mart hadisələri ilə bilavasitə bağlı bəzi daxili və xarici qara məkrli qüvvələrin dövlət çevrilişlərinin göstərdikləri cəhdlərin qarşısının alınmasında şəxsən fəal iştirak etmişdir. Yeri gəlmişkən, burada, diqqəti çox maraqlı bir fakta cəlb etmək istərdik.

Əsədulla Qurbanov məşhur “91”lərdən biri kimi, Ulu Öndər Heydər Əliyevin şəxsi göstərişinə əsasən 1993-cü ildə məlum 4 iyun Gəncə qiyamının qarşısını alınmasına göndərilir. Gəncəyə gedən dövlət komissiyasının tərkibinə Əsədulla Qurbanovun fəal iştirakı və köməkliyi ilə akademik İmam Mustafayev də cəlb olunur. Komissiya 1993-cü ilin Gəncə üsyanının qarşısını aldıqdan sonra Bakıya qayıdır. Nəticədə o zamankı prezident Əbülfəz Elçibəyin yanında müzakirə olunur. Müzakirənin sonunda prezident Əbülfəz Elçibəy üzünü Əsədulla Qurbanova tutaraq deyir:

– Qoy komissiya üzvləri gedib, Milli Məclisə də hesabat versin, siz mənim yanımda qalın.

– Bəlkə, məni onlardan ayırmayasınız, – deyə Əsədulla Qurbanov prezident Əbülfəz Əliyevə müraciət edir.

Prezident Əbülfəz Əliyev deyir:

– Mənim sizə təklikdə deyəcəyim iki xahişim var.

– Eşidirəm sizi, cənab prezident, – deyə Əsədulla Qurbanov ölkə başçısına deyir.

– Mən başımı itirmişəm. Sürət Hüseynov işləmək üçün mane olur. Sizdən məsləhət umuram.

– Düz deyirsiniz?

– Bəli.

– Elə isə, yeganə düz yol Naxçıvandır, Heydər Əliyevi Bakıya dəvət etməkdir, başqa yol yoxdur.

– Bəs, mən nə və necə etməliyəm, – deyə Əbülfəz Əliyev dillənir.

– Heydər Əliyevə telefon açın, onu Bakıya dəvət edin.

– O, haqlı olaraq məndən inciyib, buna görə də nə özü mənə zəng edir, nə də mənim zəngimə cavab vermir.

– İndi verər.

Hökümət xətti ilə Heydər Əliyevə zəng olur.

Əbülfəz Əliyev üzünü mənə tutur deyir:

– Heydər bəyə nə deyim?

– De ki, sizi Bakıya ən ali vəzifəyə dəvət edirəm. O, bu sözü dedi. Telefonda o tərəfdən səsləndi.

– Əbülfəz, sən əvvəllər belə danışmırdın. Görəsən yanında kim vardır?

– Bəli, vardır.

– Kimdir?

– Məşhur “91”lərdən biri Əsədulla Qurbanovdur.

– Ver dəstəyi ona, -deyə Heydər Əliyev deyir.

Əbülfəz Əliyev telefonun dəstəyini Əsədulla Qurbanova verir.

– Əsədulla, deyin görüm, Gəncədə nə iş gördünüz?

– Lazım olan işləri gördük, – deyə Əsədulla Qurbanov Heydər Əliyevə məruzə edir.

– Əsədulla, ona, yəni Əbülfəz Əliyevə inanmaq olarmı?

– Bəli, olar, o, bütün səhvlərini başa düşüb.

– Ver dəstəyi ona.

Bu hadisə 8 iyun 1993-cü ildə olub.

– Cənab Əbülfəz bəy, sabah, yəni 9 iyunda Bakıya gəlirəm, daha dəbbələməyəcəksən ki?

– Əsla, yox, – deyə prezident Əbülfəz Əliyev Heydər Əliyevə bildirir.

Bəli, Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya qayıdır, 13 iyunda o, özü Gəncəyə gedir, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Məclisinin sədri, sonra da ölkənin prezidenti seçilir.

Beləliklə, müstəqil Azərbaycanda əsl xilaskarlıq, quruculuq işləri başlayır.

…Deyirlər ki, ailə kiçik bir dövlətdir. Kəlam xarakterli bu mahiyyətli, qiymətli fikirlərdə çox böyük həqiqət vardır. Əsədulla Qurbanov nümunəvi ailə başçısıdır. O, dörd övlad atasıdır, 8 nəvə babasıdır. Professorun övladlarının ikisi M.V.Lomonosov adına Moskva Dövlət Universitetini, ikisi Bakı Dövlət Universitetini bitirmişdir. Nəvələrindən ikisi Amerikada, üçü Londonda və biri Danimarkada ali təhsil almışlar. Həyat yoldaşı Fatima Qurbanova Bakıda 238 nömrəli orta məktəbdə sinif müəlliməsi işləyibdir. O, hazırda təqaüddədir.

Əsədulla Qurbanov 85 illik mənalı ömrünün 65 ilini Bakı Dövlət Universitetdə keçiribdir.

Hörmətli professorumuz Əsədulla Qurbanov mənalı ömrünün zirvəsinə uğurla ucala bilmişdir. Bu zirvəyə ucalmaq özü  də, alnı açıq, üzü ağ ucalmaq hər adama nəsib olmur. Bu günlərdə anadan olmasının 85 illik yubileyini qeyd etdiyimiz professorun, islamşünas-filosof alimin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin 65 illiyi tamam olur.

Heç şübhəsiz ki, professor Əsədulla Qurbanovun mənalı ömrünün müdrik, elmi yaradıcılığının isə daha məhsuldar çağıdır.

Mənalı ömür yollarını ilahi, uca Allah tərəfindən də daim nur çilənən, görkəmli ictimai-siyasi xadim, uzaqgörən filosof, gözəl insan olan Əsədulla Qurbanov, yalnız öz ömrünü deyil, erməni faşizm üzərində tarixi qələbə çalan mərd, igid, müzəffər, qədirbilən xalqına da minnətdardır.

Bununla da sənədli, bədii oçerkimizə nöqtə qoyur, ona daha uzun mənalı ömür və elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq.

Yenimedia.net

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir