Prezident gündəliyi: İlham Əliyev Qarabağda görülən işlərlə maraqlandı. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası. Azad edilmiş ərazilərin su ehtiyatları ilə bağlı sərəncam
Prezident Qarabağda görülən işlərlə maraqlandı
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
Dövlət başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevdən Qarabağda görülən yenidənqurma işləri ilə bağlı vəziyyəti soruşub:
Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?
Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.
Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.
Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.
Prezident İlham Əliyev: Bəs, ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?
Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.
Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?
Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.
Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.
Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.
Prezident İlham Əliyev: Bəs, orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?
Baba Rzayev: Hər yerə verilib.
Prezident İlham Əliyev: Şuşada da heç bir problem yoxdur.
Azad edilmiş ərazilərin su ehtiyatları ilə bağlı sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
sərəncamda deyilir:
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 942) 3.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
“3.3. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin etsin.”.
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq – Sərəncam
Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.
Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
İşçi qrupun üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən:
2.1. aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etsin;
2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.
Prezident fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1459, № 11, maddə 2254; 2020, № 12 (I kitab), maddə 1475) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.5-ci bəndə “adı” sözündən sonra “və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;
1.2. 4.6-cı bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Şuranın sədri və onun müavini (müavinləri) təsisçinin müəyyən etdiyi qaydada və müddətdə vəzifəyə təyin və vəzifədən azad olunurlar.”;
1.3. aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:
“4.6-1. Şura sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;
1.4. 4.11-ci bənddə “iclasın” sözü “, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;
1.5. 4.14-3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.14-3.2. bu Nizamnamənin 4.11-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;”;
1.6. 4.15.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və Qurumun icra orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;
1.7. aşağıdakı məzmunda 4.15-1-ci bənd əlavə edilsin:
“4.15-1. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini (müavinlərindən biri), Şura sədrinin müavini olmadıqda isə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.”;
1.8. 4.18-ci və 4.19-cu bəndlərin ikinci cümlələrinə “sədr” sözündən sonra “və onun müavini (müavinləri)” sözləri əlavə edilsin;
1.9. 4.21-ci bəndə “İdarə Heyəti” sözlərindən sonra “sədrinin müavini (müavinlərindən biri), İdarə Heyətinin müavini olmadıqda isə İdarə Heyəti” sözləri və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İdarə Heyəti sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;
1.10. 4.24-cü bənd üzrə:
1.10.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“İdarə Heyətinin sədri Qurumun Nizamnaməsində müəyyən olunmuş müddətdə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.”;
1.10.2. altıncı cümlədə “İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;
1.11. 4.25.7-ci yarımbənddə “Qurumun” sözü “Özünün və Qurumun struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;
1.12. 4.30-cu bənddə “onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz” sözləri “onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini (müavinlərindən biri) icra” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.