Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir. Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman 12 ayın sultanı Ramazan ayına başlamış olur. 

Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət belə edilir: “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə əsasən,  Əhya gecələri 1 may, 3 may, 5 may və 9 may tarixlərinə təsadüf edir.

Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır.

Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?

Oruc tutan şəxslərin imsak etməsi və imsakdan yarım saat əvvəl 4-5 stəkan su içməsi lazımdır.

Bunu açıqlamasında həkim-dietoloq Leyla Zülfüqarova deyib.

O bildirib ki, doğru qidanlanmazlarsa, oruc tutanların səhhətində problemlər yarana bilər:

“Ramazan ayında oruc tutanların orqanizminin təmizlənməsi prosesi baş verir. Lakin düzgün qidanlanmasalar, onun ziyanları ortaya çıxa bilər. Orqanizmdə fəsadlar yaranmamasın deyə imsakda doymamış yağ turşularının qəbul edilməsi vacibdir. Bunun üçün günaşırı olaraq qoz, fındıq, badam kimi çərəzlər və 1-2 dilim çovdar çörəyi ilə 20 qram kərə yağı qəbul edilə bilər.

Xurma isə əslində iftar zamanı deyil, imsakda qəbul edilməlidir. Çünki o, orqanizmin ehtiyac duyduğu şəkərin 80 faizini ödəyir. Buna görə səhərlər xurmadan istifadə edənlərin iftarda onu yeməsinə ehtiyac yoxdur.

Həmçinin onu da qeyd edim ki, imsakdan dərhal sonra yatmaq insan səhhətinə ziyandır. Yaxşı olar ki, imsaka duranlar yemək yedikdən yarım saat sonra yatsınlar.

İftarda isə ərik, gavalı və alma qurusu mütləq istifadə edilməlidir. Bu, həm oruc tutanları tox tutacaq, həm də orqanizmin vacib maddələrə olan ehtiyacını ödəyəcək”.

L. Zülfüqarova onu da bildirib ki, oruc tutanlar doğru qidalanmasalar, bu, onların koronavirusa yoluxma ehtimalına təsir edə bilər:

“Oruc tutanların doğru, yəni imsak və iftarda düzgün qidalanması onların immun sisteminin güclü olması üçün kifayətdir. İmmun sistemi üçün vacib olan vitamin D-ni günəş və qidalarla ala bilərik. Qidalarda bu vitamini dəniz məhsulları, yumurta, kərə yağı və süd məhsulları vasitəsi ilə almaq mümkündür. Həmçinin sink və vitamin C çərəzlər, dəniz məhsulları vasitəsi ilə alına bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir