Nə üçün “Covid-19 elektron pasportları” verilmir? Osman Gündüz yazır.
Vaksinasiyanın uçotu və qeydiyyatı prosesi ölkəmizdə necə qurulub, rəqəmsal Vaksin Sertifikatı kimlərə verilir? Xeyli müddətdir ki, ölkəmzidə də vaksinasiya prosesi gedir. Vətəndaşlar könüllü olaraq bu məqsədlə yaradılan resursda qeydiyyatdan keçməklə bəlli günlərdə iki mərhələli vaksinasiya prosesində iştirak edirlər.
Araşdırmalarımız və müşahidələr göstərir ki, ölkəmizdə vaksinasiyadan keçənlərə ilk növbədə sadəcə vaksinin nömrəsi qeyd olunan məlumat xarakterli bir bildiriş verirlər.Belə bir sənədi möhürlü əldə etmək istəyənlər isə əlavə müraciət etməklə bu imkanı əldə edə bilirlər.
Təqdirəlayiq bir haldır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vaksinasiyadan keçənlər üçün əhəmiyyətli bir “Covid-19 vaksin sertifikatı” elektron xidmətini də yaradıb.Belə ki, its.gov.az resursunda qeydiyyatdan keçib öz şəxsi kabinetinə daxil olan, vaksinasiyadan keçmiş hər bir şəxs bu Sertifikatı aktivləşdirə bilirlər. Sertifikatda vaksinasiyadan keçən mərhələlər, tarix, vaksinin növü və s. məlumatlar yer alır. Saxtalaşdırmanın qarşısnı almaq üçün Sertifikat xüsusi QR –kod ilə də təmin edilib. Agentlik bu Sertifikatı Azərbaycan və İngilis dillərində təqdim edir.Bununla bağlı mobil tətbiq hələlik hazırlanmayıb. Bəs görəsən vaksinasiyadan keçənlər bununla bağlı ölkədə və bütün dünyada tanınan elektron pasport əldə edə bilirlərmi? “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda ölkəmizdə Covid -19 elektron pasportu hazırlanması nəzərdə tutulsa da hələlik Agentlik bunu reallaşdırmayıb.
Dünya ölkələrinin bir çoxu da rəqəmsal COVID-19 vaksinasiya sertifikatı ilə daxili gediş-gəlişi, daxili problemlərini həll edə biliblər. Lakin qlobalda hələlik bu istiqamətdə ciddi fikri ayrılıqları müşahidə olunur. Burada əsas problem müxtəlif ölkələr və qurumlar tərəfindən insan hüquqları baxımından vaksin olunanlar və olunmayanlara qarşıı ayrı- seçkilik siyasətinin aparıla biləcəyidir. Bu baxımdan hələlik dünya üzrə vahid elektron Covid pasportu məsələsi də öz həllini tapa biməyib. Ümumiyyətlə, hazırda Avropa ölkələrində koronavirus testindən imtina edilməsi və onun əvəzinə vaksinasiyanın elektron pasportuna üstünlük verilməsi üzərində çalışmalar aparılır. Testin nəticəsinin daha riskli və qısa müddətli olması səbəbindən vahid standartlar əsasında vaksinasiya üzrə “Covid pasport”un hazırlanması daha məqbul hesab edilir. Avropa ölkələri hazırda yeni turizm mövsümü başlanmazdan öncə “Covid pasport” sisteminin yaradılması üzərində ciddi olaraq çalışırlar. Düşünürəm ki, Agentlik “Covid-19 Sertifikat sistemini” nəzarət və monitorinq baxımından da təkmilləşdirməli, mobil versiya hazırlanmalı və VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi ilə birlikdə beynəlxalq sistemlərə, xüsusilə də hava uçuşları ilə bağlı beynəlxalq qurumaların sistemlərinə inteqrasiya istiqamətində işlər aparılmalıdır. Güman ki, dünya ölkələri də Covid-lə bağli yekunda beynəlxalq gediş-gıliş məqsədilə vahid bir standarta keçəcəklər. Bu baxımdan Agentliyin və TƏBİB-in də zamanında adı çəkilən Strategiyaya uyğun olaraq Covid elektron pasportunun hazırlanmasına start verməsi, myGov-a inteqrasiya olunması daha ağlabatan addım olardı. Covid19-a qarşı ölkəmizdə rəqəmsal mübarizənin gücləndirilməsi qarşıdakı dövrlərdə turizm ilə bağlı məsələləri də daha operativ həll etməyə imkan verərdi.

