Filoloji elmimizdə yenilikləri ilə tanınan professor, görkəmli alim İslam Vəliyev

Həm Azərbaycanın, həm də cənub bölgəsinn say-seçmə ziyalılarından olan , sevimli müəllimimiz, hörmətli İslam Vəliyev haqqında yazı yazmaq qürurvericidir.
İslam Dini oğlu Vəliyev 10 aprel 1937-ci ildə Lənkəran rayonunun Veravul kəndində doğulmuşdur. 1951-ci ildə Veravul kəndindəki yeddiillik məktəbi, 1955-ci ildə isə Lənkəran pedaqoji texnikumunu bitirmişdir.
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə qurtarmışdır. 1963-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun aspirantı olmuşdur. 1969-cu ildə “XİV-XİX əsrlər Azərbaycan dili yazılı abidələrində keçmiş zaman formaları“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1955-1958-ci illərdə Lerik rayonunda müəllim, 1967-1974-cü illərdə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi əməkdaş kimi çalışmışdır.
1974-cü ildən BDU-da Türkologiya kafedrasında baş müəllim və dosent vəzifələrində çalışır.
Azərbaycan dilinin tarixi qrammatikası, əski Azərbaycan yazısı, Azərbaycan ədəbi dili tarixi, türk dillərinin müqayisəli qrammatikası, Azərbaycan dialektologiyasından mühazirələr deyir.
75 məqalə, Azərbaycan dilinin tarixi morfologiyası, əski Azərbaycan yazısı, Azərbaycan dilinin tarixi qrammatikası adlı 3 metodik vəsait, bakalavr təhsili üzrə: “Kitabi-Dədə Qorqud“un morfologiyası, türk dillərinin müqayisəli qrammatikası; magistr təhsili üzrə: Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili; türk dillərinin müqayisəli qrammatikası proqramlarının müəllifidir.
Azərbaycan dilinin tarixi qrammatikası, Azərbaycan ədəbi dili tarixi, Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili, Əski Azərbaycan yazısı, Azərbaycan dialektologiyası, Türk dillərinin müqayisəli qrammatikası onun əsas elmi-tədqiqat obyektidir.
Bakı, Moskva, Nalçik şəhərlərində keçirilən beynəlxalq konfranslarda məruzə ilə çıxış edmişdir.


SEÇİLMİŞ ƏSƏRLƏRİ


1.„Kitabi-Dədə Qorqud“un dilində köməkçi nitq hissələri (I və II məqalə )
2.„Mehr və Vəfa“ poemasının leksik-semantik xüsusiyyətləri (I və II məqalə )
3.„Qisseyi-Yusif…“ poemasını səciyyələndirən morfoloji xüsusiyyətlər
4.„Kitabi-Dədə Qorqud“un dilində ədat
5.X.Təbrizinin „Yusif və Züleyxa“ poemasının dili
6.Azərbaycan dilinin tarixi qrammatikası məsələləri
7.„Hekayəti-padişahi-Nizam“ poemasının dili
8.Əski Azərbaycan yazısı
9.Azərbaycan dilinin tarixi qrammatikası
10.Bir daha yarımçıq fellər haqqında
11.Orta əsrlər Azərbaycan yazılı abidələrinin dilində feli sifət.


İslam müəllim LDU-da müəllimim olmuş, AMEA-nın Dilçilik İnstitutunun aspirantı olarkən, öz dəyərli məsləhətləri ilə mənə daim kömək olmuşdur.
Bu gün görkəmli ziyalımızın doğum günüdür. Biz ziyalılar olaraq İslam müəllimi təbrik edir, ona sağlam və bərəkətli ömür arzu edirik.

Ceyran Həsənova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir