Aydın Xan Əbilov: “Kitab nəşri, yayımı, satışı və oxunuşu: kəskin problem get-gedə daha da dərinləşəcək”

Cəmi 100-150 tirajla kitab müəllifi olanlar – nəşriyyatların da öz maraqları var…

Aydın Xan Əbilov: “Problem get-gedə daha da dərinləşəcək”

img

Kitab nəşri sahəsində mövcud olan ciddi problemlərin həlli istiqamətində naşirlər, nəşriyyat rəhbərləri müvafiq addımlar atmalı olduqları halda, çox zaman bunu etmirlər.

Bu sahədə olan problemlərdən biri bəzi nəşriyyatlar tərəfindən kitabların çox az tirajla, məsələn, 100-150 ədəd çap olunması və müəlliflərlə müqavilə baglanmamasıdır. Məsələn, elə nəşriyyatlar var ki, 100-150 ədəd kitab buraxmağa razı olur, təki müəllifin ödəyəcəyi pul əlindən çıxmasın. Bütün hallarda, bu, qayda və normalara ziddir. 100-150 ədəd kitab kimə və nəyə lazımdır? Bu say heç kitabxanalara catmır, nəinki oxucuya.

  • “…müəlliflərlə müqavilə bağlanıb onlara qonorar ödənilməsi…”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da kağız yayımda mətnlərin insanlar arasında paylanması get-gedə tarixin arxivinə gedir. “Qəzet, jurnal, toplu, kitablar formasında istər bədii, istərsə də sahəvi ədəbiyyatın yayılması get-gedə zəifləyir. Azərbaycanda bu proses artıq 20 ilə yaxındır ki, gedir. Bizdə onsuz da mütaliə mədəniyyəti zəif idi, insanlarımız oxumağa o qədər də meyl göstərmirdilər. Müasir texnologiyalar, sosial şəbəkələr, elektron mütaliə vərdişləri oturuşduqca, kitab çapının da iflasa uğraması, böhran keçirməsi normal qarşılanmalıdır. Dünyanın hər bir yerində kağız kitablarla paralel olaraq, elektron kitablar da hazırlanıb yayımlanır. Eyni zamanda, həm onların satışı təşkil olunur, həm də müəlliflər bu yöndə həvəsləndirilir. Bəli, bu, bir geçəklikdir ki, Azərbaycanda kitabların tirajı 50-100, bəzən 500, uzaqbaşı isə 1000 nüsxə olur. Dövlətin, Mədəniyyət Nazirliyinin dəstəyi olarsa, müəlliflərin kitabları istisna hallarda 2 min tirajla çap olunur və yayılır. Kitabların çox məhdud sayda tirajlanması onu göstərir ki, bu kitablar nəinki 55 milyonluq dünya azərbaycanlılarına çatmır, heç Azərbaycan vətəndaşlarının 99, 9 faizini təmin edə bilmir. Əvvəllər bu sahəyə kitab yayımı ilə bağlı həm yayım şirkətlərinin, həm nəşriyyatların, həm özəl şirkətlərin, həm dövlətin Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən kitab kollektorunun, həm də kitabxanaların marağı vardı. Mədəniyyət Nazirliyi, kitab kollektoru, kitabxanalar nəşriyyatlara sifarişlər verirdilər və kitablara ya abunə olurdular, ya da onları satın alırdılar. İndi təəssüflər olsun ki, bu yoxdur. Ona görə də Azərbaycanda müəlliflərin özləri nəşriyyatlarla, mətbəələrlə ya yazılı müqavilə bağlayırlar, ya şifahi razılaşırlar və buna əsasən az tirajla da olsa, onların kitabları çap olunur, satışa buraxılır, yaxud müəlliflərin özlərinə verilir, onlar da öz dost-tanışlarına paylayırlar. Əlbəttə, bu, absurd bir məsələdir, amma bu məsələni ya dövlətin, ya mətbəələrin, ya da yayım firmalarının boynuna atsaq, problem get-gedə daha da dərinləşəcək”.

Ekspert problemdən çıxış yolunu həmin kitabların elektron variantlarının hazırlanıb, internetdə müxtəlif platformalar yaradıb, onların elektron satışının təşkil edilməsində görür. O hesab edir ki, vətəndaşlar müəyyən portallarda filmlərə, seriallara tamaşa etmək üçün vəsait ödəyə bilirsə, kitab üçün də o vəsaiti ödəyə bilər. “Hesab edirəm ki, nəşriyyatlar, mətbəələr kitabların elektron variantlarını hazırlamağa və onların internet platformalarda satışını təşkil etməyə çalışmalıdırlar. Bu platformalar yaradılmalı və dövlətin aidiyyəti qurumları, müxtəlif fondlar, Milli Elmlər Akademiyası, ali məktəblər və sair tərəfindən hərtərəfli dəstəklənməlidir. Bu qurumlar nəşriyyatlarla müqavilə bağlayıb, kitabların çapı və onların əldə edilməsi, satılması ilə bağlı müəyyən proqramlar işləməlidirlər. Eyni zamanda, müəlliflərlə müqavilə bağlanıb onlara qonorar ödənilməsi ilə bağlı, həmçinin də nəşriyyatların özləri üçün də maraqlı olacaq bir dövlət proqramı olmalıdır. Təəssüflər olsun ki, hələ də Azərbaycanda nəşriyyat, kitab işindən, satışından 18 faiz vergi tutulur. Bildiyim qədər, mətbəə, kağız, avadanlıqlarla əlaqədar yüksək faizlə gömrük rüsumu alınır. Bunun qarşısı alınmalı və kitab çapı qaydasına düşməlidir” – deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA, Bakı Xəbər saytı/qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir