Sülhməramlıların xərcini Azərbaycan ödəyir?! Şok iddia, yoxsa…

Tofiq Zülfüqarov: “ASAN Xidmət xətti ilə əmlak alqı-satqısı təşkil etmək lazımdır ki, ermənilər rahat şəkildə evlərini sata bilsinlər”
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK), 2021-ci il yanvarın 26-da Ermənistandan Qarabağa, Rusiya Müdafiə Nazirliyinin açıqladığından iki dəfə az qaçqının qayıtdığı haqda statistik məlumatlarını açıqladı. Beləliklə, beynəlxalq təşkilatın separatçılardan aldığı məlumata görə, 24993 qaçqın İrəvandan avtobuslarla Azərbaycana – Xankəndiyə gəlib. Amma Rusiya tərəfi 50 mindən çox erməninin ora qayıtdığını iddia edir.
Belə bir vəziyyətdə, yəni Rusiya Müdafiə Nazirliyinin statistikası və ümumiyyətlə, beynəlxalq vasitəçilər tərəfindən qaldırılan statusla bağlı danışıqların məqsədəuyğunluğu ilə əlaqəli bir sıra suallar ortaya çıxır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu mövzuda sualları cavablandırıb.
– Gördüyümüz kimi, Rusiya tərəfinin rəsmi statistikasına inanmaq olmaz. Niyə özümüz müxtəlif rəsmi strukturların və ya müstəqil beynəlxalq QHT-lərin köməyi ilə bu ərazilərdə sayma aparmırıq?
– Sadəcə, Laçın dəhlizinə sülhməramlılarla birlikdə xidmət edəcək sərhədçilər yerləşdirməliyik. O zaman Qarabağdakı əhalinin sayı haqqında tam məlumata sahib olacağıq. Əvvəlcə nəzarət nöqtəsində nəzarəti təmin etməli və sonra bunun əsasında nəticə çıxarmalısınız. İnanıram ki, Azərbaycanın əsas vəzifəsi Laçın dəhlizindən gələn-gedən insanlara nəzarət etməkdir. Dediyiniz kimi, bir çox məsələlərə cavablar nəzarət qurulduqdan sonra mümkün olacaq.
Qarabağdakı ermənilərin əhalisinə gəldikdə, özlərini qalib hesab etdikləri 80-ci illərin sonlarından başlayaraq, İkinci Qarabağ müharibəsinin əvvəlinə qədər sayları yarıbayarı azaldı. Azərbaycan Prezidenti 60-65 min nəfərlik rəqəm söyləyir və bur rəqəmə Ermənistan Respublikası işğal korpusunun 15-20 min əsgəri də daxildir. Buna əsaslanaraq başa düşürük ki, ermənilər bu zonaya bütün nəzarəti ələ alanda da Qarabağdakı əhali sayı 60 min nəfəri keçməyib. Müharibədən sonra bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyənlərin normal yaşamaq üçün heç bir perspektivləri olmayacağını başa düşdülər və bu səbəbdən də indi bir çoxu əbədi olaraq Qarabağdan ayrılmaq üçün əşyalarının dalınca geri qayıdırlar.
Buna görə də indi “ASAN Xidmət” xətti ilə orada fəaliyyətimizi təşkil etməliyik ki, ermənilər evlərini sərbəst və sakit bir şəkildə sata bilsinlər, bəlkə kimsə alacaq. Azərbaycanda yaşamaq istəyənlər pasport ala və yaşaya biləcək, istəməyənlər əmlaklarını satıb gedəcəklər. Fikrimcə, bu proses orada təşkil olunarsa, bütün suallar ortadan qalxacaq və sülhməramlılara sadəcə ehtiyac qalmayacaq. Qarabağ ermənilərinin, nəhayət özlərinin qərar verməsi lazımdır: Azərbaycan pasportu ilə yaşamaq və ya Qarabağdan əbədi olaraq ayrılmaq.
– Köçəryan belə bir “haqsız nəticənin müharibənin yenidən alovlanmasına səbəb ola biləcəyini” söyləyir…
– Köçəryan nə istəsə, deyə bilər. Onun bütün sözlərini və əməllərini xatırlasaq, bu gün yaşadığımız vəziyyətin olmayacağını iddia etmək olar. Köçəryan hələ anlamayıb ki, erməni xalqı fərqli bir seçim edib və heç kim erməni xalqına kənardan atılan ölü doğulmuş “miatsum” layihəsinin reanimasiyasında iştirak etməyəcək. Sözlərimi İrəvanın mərkəzi meydanında baş verən hadisələr təsdiqləyir. Buna görə Köçəryan bir-iki ay danışacaq və sonra vəziyyətin bütün ümidsizliyini görərək milyonlarına, milyardlarına geri dönəcək. Və ya, bəlkə də çox sevdiyi ova – Afrikaya gedəcək.
– Rusiya sülhməramlı missiyası niyə Qarabağın erməni əhalisini sayını ikiqat artıraraq hamını aldadır?
– Çünki Ermənistanla Azərbaycan arasındakı münaqişə hər zaman Moskvanın bölgəyə təsir göstərməsi və idarə etməsi üçün bir vasitə olub. Azərbaycan Ordusunun qalibiyyətindən sonra bu mexanizm məhv edildi və indi Rusiyadakı bəzi qüvvələr vasitəni süni şəkildə yenidən yaratmağa çalışırlar. Buna görə manipulyasiya üçün yeni bir obyekt “tapılmalı” idilər və Qarabağdakı erməni əhalisini bu rola təyin etdilər. Bu səbəbdən də sülhməramlılar bu qədər kobud şəkildə yeni rəqəmlər açıqlayırlar.
Əslində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qeyd etdiyiniz statistik məlumatları yayaraq, paylaşdıqları dəqiq məlumatlara malik olduqlarını deyir. Müharibədən sonra, ən yaxşı halda qaçan ermənilərin yarısı ora qayıdıb, qalanları Qarabağa qayıtmayacaq. Bu, Ermənistan Respublikasının reallaşdırdığı təcavüzkar siyasətin nəticəsidir. Burada biz günahkar deyilik.
– Ancaq bir məsələ daha – BMT–nin Qaçqınlar üzrə Ali Komissarlığının yerliəhalinin bu ərazilərə qaytarılması prosesinin həyata keçirilməsinə nəzarət etməsinə dair 10 anlaşması var. Bu vəziyyətdə nə edək?
– Heç nə. Biz onlara etibar edirik və bugünkü statistikaya baxırıq. Heç kim zorla Qarabağa qaytarıla bilməz. Ermənilər və ya azərbaycanlılar Qarabağa gedib orada yalnız könüllü olaraq yaşaya bilərlər. Kim geri dönmək istəyirsə, dönəcək, kimisə hərbi müşayiət altında Qarabağa qaytarmaq mümkün deyil. Buna görə inanıram ki, ermənilər yalnız mülklərini satmaq üçün Qarabağa qayıdacaqlar. Və orada yaşamaq istəyənlər çoxluq təşkil etməyəcək. Bu, dəqiqdir. Artıq dediyim kimi, “ASAN Xidmət” vasitəsi ilə orada əmlak alqı-satqısı başlayacaq bir situasiya yaratmaq lazımdır, düşünürəm ki, ermənilər yalnız bunu gözləyirlər.
– Bəs, Qarabağdakı sülhməramlıların və Monitorinq Mərkəzinin xərclərini kim ödəyir?
– Maraqlı sualdır. Erməni əhalisinin Azərbaycana reinteqrasiyasına kömək etmək üçün Rusiya və Türkiyəni dəvət etdiyini nəzərə alsaq, mənə elə gəlir ki, bu missiyanın xərclərini Azərbaycan ödəyir. Sülhməramlı qüvvələrin xarakterinə baxın. Ərazimizdə beynəlxalq missiyalar üçün ixtisaslaşmış Ulyanovsk sülhməramlı briqadası var. Rusiya Silahlı Qüvvələrinin standart bir briqadası deyil, xüsusi funksiyaları olan bir briqadadır. Məntiqi olaraq, onların da xərclərini yəqin ki, Azərbaycan ödəyir.
“Bu şərtlər altında Xankəndi və Xocalını da götürərdik, ancaq…”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İkinci Qarabağ müharibəsinin razılaşdırılmış olması ilə bağlı iddiaları şərh edib.
Siyasətşünas və keçmiş XİN rəhbəri bu barədə öz feysbuk hesabında yazıb.
“Beləliklə, başlıca sual baş verənlərin hamısının razılaşma olub-olmamasıdır. Açığını deyim ki, belə bir ssenarinin əlamətləri var, ancaq elə hadisələr də var ki, onları planlaşdırmaq və həyata keçirmək sadəcə mümkün deyil. Məsələn, hər kəs üçün gözlənilməz olan Azərbaycanın xüsusi əməliyyat qoşunlarının qəhrəmanlığı və taktiki yenilikləri, ya da PUA-ların istifadəsinin dağıdıcı effekti və ya Ali Baş Komandanın ayrı-ayrı hərbi birləşmələrin hərəkətlərinə birbaşa nəzarət etməsinin əhəmiyyəti, düşmənin müdafiə sisteminin gözlənilmədən sürətli bir şəkildə çökməsi və hərbçilər arasında kütləvi panika və fərarilik hallarıdır (rəsmi mənbələrə görə 10.000-ə yaxın). Hadisələrin ikinci şərhinin lehinə olan bu cür nümunələr çoxdur və bunlar geniş yayılıb. Lakin bu nümunələrin heç biri Ermənistan və Azərbaycandakı çoxsaylı “sui-qəsd nəzəriyyələri” tərəfdarlarının fikirlərinə heç bir şəkildə təsir göstərmir.
Həqiqət haradadır? Həmişə olduğu yerdə, ortada.
Əlbəttə ki, döyüş əməliyyatları başlamazdan əvvəl Ermənistan və Azərbaycan rəhbərliyi bir sıra tərəfdaşları ilə çoxsaylı məsləhətləşmələr aparıb, nəticədə keçmək tövsiyə olunmayan özünəməxsus sərhədlər və ya “qırmızı xət”lər təyin olunmuşdu. Məsələn, Ermənistana açıq-aşkar düşmənin əhəmiyyətli infrastruktur obyektlərinə, mülki insanların məskunlaşdığı yerlərə, xarici şirkətlərin iştirakı ilə tikilən əhəmiyyətli obyektlərə zərbələr endirməmək, Azərbaycana isə yuxarıda sadalananlarla yanaşı, erməni əhalisinin ənənəvi kompakt yaşadığı yerlər və Ermənistan Respublikası ərazilərində hərbi əməliyyatlar aparmaqdan çəkinmək tövsiyə olunmuşdu. Göründüyü kimi, buna görə də Şuşa bölgəsindəki və Şuşa şəhərindəki vəziyyəti şərh edərkən Vladimir Putin Rusiyanın 12 oktyabr təklifini qəbul etməyən Paşinyanın mövqeyinə təəccüblənməsindən danışır.
Bu gün aydındır ki, Xankəndinin Azərbaycan qoşunları tərəfindən azad olunması əvvəllər razılaşdırılmış “qırmızı xət”lərin açıq şəkildə pozulması olardı.
Üstəlik, Şuşanın ermənilər tərəfindən itirilməsində günahkarlıq Paşinyanın inadkarlığı və dözümsüzlüyünün nəticəsi kimi görüldüyü halda, Xankəndidə hərbi əməliyyatların davam etməsi Azərbaycan Prezidentinin razılaşmalar çərçivəsindən kənara çıxması demək olacaqdı. Bu vəziyyətdə Ermənistan tərəfindən “İskəndər”lər vasitəsilə PUA idarə nöqtələrinə, hava limanlarına və qoşunların toplandığı yerlərə və onların idarəetmə məntəqələrinə zərbələr endiriləcəkdi. Sursat almağı unutduqları “Su-30” qırıcıları bir anda sursatlarla təchiz olunacaqdı.
Bu şərtlər altında, ehtimal ki, Xankəndini və bəlkə də Xocalını götürərdik, ancaq “Rusiyanın bitərəfliyi” olmadığı halda Ağdam, Laçın və Kəlbəcərin azadlığı üçün uzun və qanlı döyüşlər aparmalı idik.
Beləliklə, – “böyük oyunçular”, – mən burda yalnız Rusiya və Türkiyəni nəzərdə tutmuram, Azərbaycanın müharibədən əvvəl azərbaycanlı əhalinin yaşadığı işğal olunmuş ərazilərinin öz nəzarəti altına qaytarılmasına hazır idilər. Ancaq bizə ermənilərin etnik təmizləmə təcrübəsini özlərinə qarşı təkrarlamağa icazə verilməzdi. Bu, reallıqdır və buna necə yanaşmağımızdan asılı olmayaraq belədir.
Yuxarıda bu gün nəzarətimizdə olanları azad etmə fürsətinin veriləcəyinə dair şübhələrimi bildirdim. Aydındır ki, yeni və çox əhəmiyyətli itkilər olacaqdı. Ancaq bu, əsas məsələ deyil, əgər bu “qırmızı xətt”i keçsəydik, onda əsas üstünlüyümüzü – mənəvi düzgünlüyümüzü və Qarabağa olan suveren hüquqlarımızın hüquqi əsaslarını itirərdik.
Yazacağım uğursuz və uduzan ssenari qətiliklə Azərbaycanın maraqlarına uyğun gəlməzdi.
Ancaq ortaya sual çıxır, niyə qələbəmizi tənqid edənlər sakitləşmir? Bəlkə bütün bunları anlamırlar? Yoxsa bəlkə Qarabağla deyil, hakimiyyətlə maraqlanırlar?”

