Planeti necə xilas edək?Su çatışmazlığını yaşamamaq üçün nələrə diqqət etməliyik?
Martın 22-si Ümumdünya Su və ya Su Resursları Günüdür.
Resurs Səmərəli və Təmiz İstehsalatının (RSTİ) fəaliyyəti üzrə koordinator Yaşar Kərimovun müəllif yazısını təqdim edirik.
1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən keçirilən Ətraf Mühit və İnkişafa dair Konfrans zamanı içməli suyun bəşəriyyət üçün əhəmiyyətini vurğulamaq məqsədilə ilk dəfə olaraq müəyyən bir günün Ümumdünya Su Günü kimi qeyd olunması təklif edilib. Bu təklif əsasında BMT-nin Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan edib və həmin ildən etibarən hər il 22 mart tarixi Ümumdünya Su Günü kimi qeyd olunur.
www.lexus.azDaha ətraflı
Ümumdünya Su Günü qlobal su böhranı barədə məlumatlılığı artırmaq və bununla da 2030-cu ilədək 6-cı Davamlı İnkişaf Məqsədinə (hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək) nail olunmasına dəstək olmaq məqsədini daşıyır.
Cari ildə Ümumdünya Su Gününün mövzusu suyun qiymətləndirilməsinə həsr edilib. Suyun dəyəri faktiki qiymətindən qat-qat çoxdur. Belə ki, suyun məişət, ərzaq, səhiyyə, iqtisadiyyat və təbii mühitimizin bütövlüyü üçün böyük və kompleks dəyəri var. Suyun həqiqi dəyərini başa düşmək, bu tükənən resursu bəşəriyyət naminə qorumaq və səmərəli istifadə etmək lazımdır.

Ölkəmizdə şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.
Ölkə ərazisində mövcud olan su çatışmazlığı nəzərə alınaraq, su ehtiyatlarının artırılması, istehlakçıların su ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib və müvafiq fəaliyyətlərin həyata keçirilməsinə başlanılıb.
Statistik göstəricilərə əsasən ölkəmizdə suyun təqribən 15%-i sənaye müəssisələri tərəfindən istehlak edilir. Bu göstərici müəssisələrdə sudan qənaətlə və səmərəli şəkildə, itkiləri minimallaşdıraraq istifadə edilməsinin vacibliyini bir daha vurğulayır.
Müəssisələrdə sudan səmərəli istifadə üzrə tipik həllər mövcuddur. Məsələn, ümumi istifadə üçün nəzərdə tutulan su axınlarında təzyiqlərin azaldılması üçün klapanların və ya məhdudlaşdırıcı kranların tətbiqi, kran və duşlara aerotorların quraşdırılması, avtomatik işləyən su qurğularının quraşdırılması , yuyucu, quruducu və su ilə işləyən digər avadanlıqların yüklənməsinin idarə olunması ümumi məqsədlər üçün istifadə olunan suyun səmərəliliyinin artırılması üzrə tipik həllər hesab olunur.
Təmizlik məqsədləri üçün istifadə olunan suyun səmərəliliyinin artırılması üçün dəqiq proseduraların müəyyən olunması, mümkün qədər quru təmizlənmənin prioritetləşdirilməsi, avtomatik işləyən səmərəli forsunkalardan istifadə, təmizləmə məqsədilə istifadə edilən suyun təmizlənərək mümkün sahələr üzrə təkrar istifadəsi tövsiyə edilir. İsitmə və buxar üçün istifadə olunan suyun səmərəliliyinin artırılması məqsədilə suyun və su sisteminin keyfiyyətinin monitorinqi və bu sahədə mümkün avtomatlaşdırma, qayıdan kondensatın realizasiyası, su verilişində daxili və xarici təchizat sistemlərinin yaxşılaşdırılması, buxar sistemlərinin fəaliyyətinin rasional təşkili kimi məqamlara diqqət yetirilməlidir. Soyutma məqsədləri üçün istifadə olunan suyun səmərəliliyinin artırılması üçün isə su soyutma sistemlərini hava soyutma sistemləri ilə əvəz edilməsi, soyutma məqsədləri üçün istifadə olunan suyun təkrar istifadəsi, soyuducu qurğularda temperatur rejimin optimallaşdırılması və sızmaların azaldılması tipik həll yollarıdır.
.jpg)
Müəssisələrdə sudan səmərəli istifadənin tipik həll yollarının təşviqi və praktikada tətbiq edilməsinə dəstək BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən ötən əsrin ortalarından etibarən tətbiqinə başlanılan Resurs Səmərəli və Təmiz İstehsalat (RSTİ) yanaşmasının bir hissəsisidr.
Praktik baxımdan, RSTİ, səmərəliliyin artırılması, insanlar və ətraf mühit üçün risklərin azaldılması üçün proseslərə, məhsullara və xidmətlərə davamlı olaraq ekoloji həll yollarının tətbiq edilməsini nəzərdə tutur.
RSTİ-nin başlıca 3 hədəfi vardır: Resurslardan məhsuldar istifadə vasitəsilə yüksək iqtisadi göstəricilərə nail olmaq; Sənayenin təbii mühitə təsirini minimuma endirməklə ətraf mühitin qorunmasına töhfə vermək; İş yerlərini təmin etmək və maddi rifahı yaxşılaşdırmaq yolu ilə sosial inkişafı dəstəkləmək.
Qeyd edilməlidir ki, UNIDO-nun dəstəyi ilə ölkəmizdə də bu sahədə müvafiq fəaliyyətlər həyata keçirilməkdədir. Belə ki, 2013-2017-ci illərdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın ekolojiləşdirilməsi” proqramı (EaP GREEN) çərçivəsində Azərbaycanda iqtisadiyyatın “yaşıl” formasına keçid prosesini sürətləndirməyə dəstək göstərilib, fəaliyyətin davamlılığı məqsədilə 2019-2022-ci illəri əhatə edəcək EU4Environment proqramına start verilib. Proqram Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda təbii kapitalın qorunması və daha yaxşı istifadəsi, insanların ekoloji rifahının artırılması və iqtisadi artımı stimullaşdırmaq məqsədini daşıyır.
EU4Environment proqramının “Dairəvi İqtisadiyyat və Yeni İnkişaf İmkanları” komponenti çərçivəsində UNIDO Azərbaycanda müəssisələr arasında RSTİ miqyasını genişləndirərək eko-innovasiya yanaşmalarından istifadə potensialının artırılması üzrə işləməyi nəzərdə tutur. RSTİ metodologiyasının tətbiqi məhsuldarlığı, məhsul keyfiyyətini və müəssisələrin rəqabət qabiliyyətini artırmağa kömək edəcək. Bu kontekstdə RSTİ klublarının dəstəklənməsi, dairəvi iqtisadiyyatın tətbiqi, yerli ekspertlərin təlimi, müəssisələrdə RSTİ qiymətləndirilməsi, məlumatlılığın artırılması, bilik mübadiləsi və s. kimi fəaliyyətlərin icrası planlaşdırılır.