Şou müğənnilər karantin qaydaları üzərində dövlətə qarşı çıxdılar – intiharların səbəbi qapanmaqdır?..
VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov: “…antikarantin mövqeyi göstərməklə düzgün taktika seçməyiblər, bu zərərlidir”
Son günlər ölkəmizdə virusa yoluxanların sayının kəskin sürətdə artması, hətta min nəfərə yaxınlaşması dövlətin yeni sərtləşdirici addımlar atmasını, karantin qaydalarının daha da sərtləşdirilməsini zəruri edib.
Bütün vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara anlayışla yanaşmalı və karantin qaydalarına riayət etməli olduğu halda, yenə də şou müğənniləri özbaşnalıqlarını davam etdirirlər.
Sosial şəbəkələrdə yenə də şou müğənniləri karantin əleyhinə təbliğata başlayıblar və həmişəki kimi, özlərinə əl qatıblar ki, karantinin davam etməsi zərərlidir, karantin olmasın, kafe-restoran, əyləncə yerləri açılsın, şou-proqramlar bərpa olunsun, müğənnilər pul qazansın, gəlir əldə etsinlər.
Hətta müğənni Nura Suri sosial şəbəkədəki hesabında yazıb ki, karantin uzanacaqsa, o, intihara əl atacaq.
“Bakupost.az” xəbər verir ki, sosial şəbəkələrdə Operativ Qərargahın qərarlarını ən çox tənqid edən müğənni Nura Suri karantin uzanacağı halda intihar edəcəyini qeyd edib. “Bundan sonra sosial şəbəkə istifadəçiləri “Facebook”da “#karantin bir az da uzansa intihar edəcəm”, “#karantin intihara sürükləyir” kimi həştəqlər yazaraq, öz etirazlarını bildiriblər. Onlar bunu pandemiya dövründə maddi vəziyyətlərinin aşağı səviyyəyə düşməsi ilə əlaqələndiriblər.
Şəbəkə istifadəçiləri qeyd edirlər ki, karantin səbəbilə böyük əksəriyyəti işsiz qalıb. Xüsusilə kafe və restoranlarda ofisiant, xadimə, aşpaz kimi fəaliyyət göstərənlər 1 ildir gəlir yerlərinin olmadığını bildirirlər. Bu da o deməkdir ki, işsiz, gəlir mənbəyi olmayan vətəndaşlar çıxış yolunu intiharda görürlər.
Qeyd edək ki, karantin rejimi dövründə Azərbaycanda xeyli sayda intihar hadisəsi qeydə alınıb. Tibb mütəxəssisləri bunu pandemiya vəziyyətində tətbiq olunan karantin tədbirləri ilə əlaqələndirirlər. Hətta karantin müddətində intihar tendensiyasında artım olacağı da ehtimal olunur” – deyə sayt yazır.
Hətta şou-biznesçilər və onların ətrafı, izləyiciləri iddia edirlər ki, son dövrlər baş verən intiharlar da karantin ucbatından baş verir. Şou-biznesçilər öz zərərli kampaniyaları ilə cəmiyyətdə, sosial şəbəkələrdə belə rəy yaradırlar ki, intihara səbəb karantin rejimidir. Halbuki, hələ heç bir sərtləşmə yoxdur.
Bu şou müğənniləri hər zaman milli maraqlarımıza zidd addım atır, koronavirusa qarşı əhalini mübariz olmaga çağırmaq əvəzinə, antikarantin təbliğatı aparırlar. Ekspertlər deyirlər ki, hətta bəziləri intihar söhbətini ortaya atmaqla şantaja da yol açmaq istəyirlər ki, guya buna görə qərar verilməsin.
- “Demək olmaz ki, son zamanlar baş verən intiharların səbəbi karantindir, qapanmadır”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, sərt karantin qaydaları hələ tətbiq edilməyib, tətbiq edilərsə belə, onun tələblərini bütün vətəndaşlar yerinə yetirməlidirlər. “Qaydalar bütün vətəndaşlara aiddir. Bu qaydalar bir qrup vətəndaşa aid deyil ki, o kimlər üçünsə sərtləşdirilsin, kimlər üçün isə yumşaldılsın. Kimlərə qanunun sərt üzü, kimlərəsə qanunun yumşaq üzü, yaxud qanunların kimlər üçünsə işləməməsi nə bizim ölkədə, nə də dünyanın başqa ölkəsində yoxdur. İstər müğənni, istər məmur, istər varlı, istərsə də sıravi vətəndaş olsun, hər kəs Azərbaycan Respublikasının qanunlarına mütləq surətdə riayət etməlidir.
Bilrsiniz ki, koronavirusla əlaqədar olaraq dünyanın hər yerində iqtisadi eniş var, amma iqtisadiyyatın dirçəlməsi, inkişafı və sair insanların sağlamlığı, yaxud onların ölümü bahasına olmamalıdır. Biz bilirik ki, restoranlar, əyləncə yerləri Azərbaycana 1 milyona yaxın iş yeri deməkdir. Restoranlarda toy, şənlik məclisləri, şou-proqramlar keçirilmirsə, o deməkdir ki, bu 1 milyonun heç olmasa yarısı işsizdir. Amma məsələyə digər tərəfdən baxaq, biz toyları, əyləncə proqramlarını bərpa edib və o bir milyonu işə cəlb etsək, görün, nə qədər ağır faciə ilə üzləşərik. Bir milyonun arasında yoluxma artacaq, ölüm faktları olacaq və bu, dövlətin xəstəxanalarına, tibb sisteminə yük olacaq. Bu, iqtisadi inkişafdan daha çox mənfi fəsadlar törədəcək. Müğənnilər və sənət adamları hər zaman dövlət tərəfindən qayğı ilə əhatələnib, fəxri adlar, mükafatlar, təqaüdlər dediklərimizi bir daha təsdiqləyir. Bir il müddətində qadağalara dözə bilməyən müğənnilər 44 günlük Vətən müharibəsində şəhid olan insanlara baxıb utanmırlarmı? Qarın-yağışın, çovğunun, boranın-tufanın içində Vətən torpaqlarımızı müdafiə edən oğullarımız öz var-dövlətlərini, varidatlarını fikirləşmədilər, şəhid oldular. Şou müğənniləri, əlbəttə ki, antikarantin mövqeyi göstərməklə düzgün taktika seçməyiblər, bu zərərlidir. “COVID-19”la bağlı karantin rejiminin sərtləşdirilməsi vacibdir. Kimsə düşünürsə bu vacib deyil, çıxıb gedib daha münasib bildiyi başqa ölkədə yaşaya bilər. Amma bu dövlətin qayda-qanunlarına mütləq riayət edilməlidir. Özünüz də bilirsiniz ki, son vaxtlar “COVID-19”-un müxtəlif ştammları meydana çıxıb. Daha ölümcül və sürətlə yayılan, insanların sağlamlığına ağır zərbə vuran Britaniya ştammı artıq Azərbaycanda da yayılmağa başlayıb. Üzdə olan, tanınmış şəxslər karantin qaydalarının sərtləşdirilməsinə dəstək verməli və dövlətin, cəmiyyətin yanında olmalıdırlar. Bizim gənclər müğənniləri sevib onların mahnılarını dinləyirsə, onların fikri də hər halda böyük bir qrup yeniyetmə və gəncə təsir edə bilər. Ona görə də müğənnilər öz mövqelərində, fikirlərində və çıxışlarında çox diqqətli olmalıdırlar, yoxsa, onlara verilən cəza ikiqat çox olar. Əlbəttə, biz İqtisadiyyat Nazirliyinə təklif edə bilərik ki, müğənnilər toylar olduğu vaxt aktiv vergi ödəyicisi kimi özlərini göstəriblərsə, onlara maddi dəstək, yardım göstərilsin. Çünki onların çoxu da kredit, lizinq formatında işləyirlər, pulu götürürdülər, ondan istifadə edirdilər, mahnı yazdırırdılar, klip çəkdirirdilər və digər xərclərini ödəyirdilər, sonra isə toylardan bu pulları qazanırdılar. Toylar yoxdur, onlar həqiqətən də iqtisadi çətinliklər yaşayırlar. Bu baxımdan onlara dəstək göstərilməlidir”.
Müğənnilərə cəmiyyətin mənəvi, dövlətin isə maddi yardım göstərməli olduğunu deyən A.X.Əbilov hesab edir ki, biz həm də həmrəyliklə bu virusa qalib gələ bilərik.
A.X.Əbilov hesab edir ki, koronavirus qadağaları insanlara hərtərəfli mənfi təsir etsə də, onun kütləvi intiharlara yol açması iddiası doğru deyil. “İntiharlar həmişə olur və demək olmaz ki, son zamanlar baş verən intiharların səbəbi karantindir, qapanmadır. Dediyimiz kimi, hələ qapanma da yoxdur” – deyə ekspert qeyd etdi.
İradə SARIYEVA