Nazirlikdə Gənclərlə iş üzrə İctimai Şura yenidən formalaşdırılacaq
Gənclərlə iş üzrə İctimai Şura yenidən formalaşdırılacaq
Bu barədə qərar Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclasında verilib.
İclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev, İctimai Şuranın sədri Nurəddin Mehdiyev və 80-dən çox gənclər təşkilatlarının sədrləri iştirak edib.
İclasda ötən dövr ərzində İctimai Şuranın fəaliyyəti barədə danışıldı və “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə əsasən onun yenidən formalaşdırılmasının zəruriliyi diqqətə çatdırıldı.
Gənclər təşkilatları haqqında danışılarkən bildirildi ki, bəzilərinin fəaliyyəti bir o qədər də qənaətbəxs deyil. Dövlət dəstəyi almaq arzusunda olan hər bir təşkilatın müasir zamanəmizin tələblərinə cavab vermələrinin, daha fəal işləmələrinin önəmi diqqətə çatdırıldı.
Bu məqsədlə gənclər təşkilatları arasında keçirilən sorğu barədə məlumat verildi, bu mövzu ətrafında fikir mübadiləsi aparıldı.
Yeni Yazarları və Sənətçilər İctimai Birliyinin sədri, İŞ internet komissiyasinin sədri Aydın Xan Əbilov iclasda çıxış edərək təkliflərini səsləndirib.
Qeyd edək ki, ictimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir.

