Azıx – sivilizasiya tariximizin beşiyi: ermənilər saxta elm “dəlilləri” ilə tariximizi necə oğurlamaq istədilər?!
Bəşəriyyətin qədim insan yaşayış məskənlərindən biri kimi dünya tarixinə düşən Azıx paleolit düşərgəsi Azərbaycan mədəniyyətinin, tarixinin şah əsərlərindəndir.
Uzun illər Ermənistanın terrorçu-separatçı silahlı birləşmələrinin tapdağı altında olan Azıx mağarasının “erməniləşdirilməsi” istiqamətində ermənilər dünyada analoqu olmayan saxtalaşdırma cinayətləri həyata keçirdilər. İşğal dövründə bütün saxtakarlıq metodlarını, üsullarını işə salan erməni alimləri Azıxı Azərbaycandan, Azərbaycan tarixindən, mədəniyyətindən ayırmaq üçün gecə-gündüz çalışdılar. Onlar Azıxda qanunsuz arxeoloji qazıntılar aparmaq cinayətlərindən tutmuş, abidə haqqında impakt faktorlu jurnallara məqalələr verməyə, xaricdə kitablar çap etməyə qədər ağılagəlməz saxta, mifik yollar keçiblər. Bu cinayətlər barədə növbəti yazımızda ətraflı yazacağıq. Amma təkcə onu qeyd etmək istəyirik ki, işğalda olduğu 28-30 ildə Azıxı saxtalaşdırmaq, onu “erməniləşdirmək” heç cür mümkün olmayıb.
- Bəşəriyyətin qədim insan sivilizasiyalarından biri…
Dünya əhəmiyyətli ibtidai insan məskəni olan Azıx özü bəşər tarixindən ayrıca qədim bir sivilizasiya kimi keçir. Bu təbii mağarada Azərbaycan xalqının əcdadları böyük mədəniyyət yaradıblar.
2020-ci ilin 9 noyabr tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi kəndlər arasında Xocavənd rayonunun Azıx kəndi və Azıx mağarası da olub. Bu gün Azıx mağarası düşmən işğalından azaddır.
Quruçayın sol sahilindən bir qədər aralıda, dağ ətəyində yerləşən Azıx kəndi öz adını Azıx mağarasından götürüb. Qarabağın ən mənzərəli və səfalı guşəsində yerləşən Azıx mağarası özündə çox qədim və zəngin insan, mədəniyyət, tarix sivilizasiyasını yaşadır.
- “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində Azıx mağarasında olub və qədim mağara düşərgəsinin, qədim insan yaşayış məskəninin hazırkı vəziyyəti ilə tanış olub və Azıxla bağlı diqqətçəkən fikirlər qeyd edib: “Ermənistan Azıx mağarasında qanunsuz işlər aparıb, onlar bu ziyanın hamısını ödəyəcəklər”. Dövlət başçısı bildirib: “Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.
Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvətilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.
Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.
- Azıxdan dünyaya verilən mesaj…
Prezidentin Azıx mağarasına getməsi və bu qədim paleoloit düşərgəsinin, bəşər əhəmiyyətli arxeoloji-tarixi abidənin Azərbaycana məxsus abidə olduğunu bir daha bütün dünyaya bəyan etməsi çox mühüm məsələlərdən biri oldu. Prezidentin Azıxın tarixi, burada professor Məmmədəli Hüseynovun rəhbərliyilə ilk dəfə arxeoloji qazıntıların aparıldığı, əldə olunan böyük elmi nailiyyətlərin dəyəri haqda fikirləri, o cümlədən də işğal dövründə ermənilərin abidəni saxtalaşdırmaqla bağlı həyata keçirdikləri cinayətlərlə əlaqədar söylədiyi faktlar, əslində, beynəlxalq aləmə bir mesaj idi ki, biz öz torpaqlarımıza, abidələrimizə yenidən qovuşduq və sizin havadarlığınızla ermənilərin yeritdiyi saxtalaşdırma siyasətini öz gücümüzə iflasa uğratdıq.
Tarixçi-arxeoloqlar hesab edirlər ki, ölkə başçısının Azıxa səfəri və bu tarixi məkandan verdiyi bəyanatlar bütün dünyaya bir mesajdır. Ekspertlər hesab edirlər ki, Azıx mağarası qədim insan yaşayış məskəni kimi keçmiş Sovetlər Birliyi dövründə geniş şəkildə öyrənilib və həmin dövrdə erməni alimləri də Azıxı tədqiq etməyə can atıblar, lakin buna nail ola bilməyiblər. Eksperlər deyirlər ki, ermənilərin həmin vaxt Azıxda tədqiqat aparmağa cəhd etməklərində məqsəd abidəni “erməni abidəsi” kimi qələmə vermək olub, lakin onların bu cəhdləri alınmayıb.
- Qədim insan yaşayış məskəni Azıx necə kəşf olunub?
Arxeoloq ekspertlərin verdiyi məlumata görə, Azıx mağarası Daş dövrü insanlarının yaşayış məskəni olaraq bütün dünyada məşhurdur. Mağara 1960-cı ildə professor M.Hüseynovun başçılığı ilə “Paleolit arxeoloji ekspedisiyası” tərəfindən aşkarlanıb və Azıx mağarasında qazıntılara başlanıb. Aparılan tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanıb. Alimlər bildirirlər ki, arxeoloji tədqiqatlar zamanı mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirilib. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960-1973-cü illəri əhatə edib. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınıb.
- 350-400 min il yaşlı “Azıxantrop”
1968-ci ildə M.Hüseynovun rəhbərliyi altında paleololit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkarlayıb. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılıb. 1968-ci ilin iyun ayında M.Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar edib. Çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa, alətlər, fauna və ocaq qalıqları aşkar olunub. Tədqiqatlar göstərib ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət idi.
- Azıx mağarasının tədqiqatçıları və təbliğatçıları…
Azıx mağarası keçmiş SSRİ miqyasında Daş dövrünə aid olan unikal mədəniyyət-arxeoloji abidələrdən, insan yaşayış məskənlərindən biri kimi həmişə tədqiqatçıların diqqətini çəkib. Məlumatlara görə, Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər. Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılması gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar. Azıxda elmi tədqiqatlar aparan M.Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, N.Şirinov, Ə.Cəfərov, A. Veliçko, S.Əliyev, M.Süleymanov və başqa alimlərin adlarını qeyd edə bilərik. Əsası M.Hüseynov tərəfindən qoyulan bu arxeoloji tədqiqatı davam etdirən tədqiqatçıların səyi nəticəsində saysız elmi yenilik üzə çıxarılıb. Bu alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilib.
Məlum olduğu kimi, çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1974-1985-ci illərdə M.Hüseynovun rəhbərliyi altında kompleks şəkildə II mərhələdə arxeoloji qazıntı işləri aparılıb və düşərgədə II mərhələdə aparılan arxeoloji tədqiqat işlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqat işləri VI təbəqədən aşağıda yerləşən çöküntülərdə aparılmış və 4 yeni arxeoloji təbəqə qeydə alınıb.
1974-1975-ci illərdə Azıx düşərgəsində yeni müəyyən olunmuş VII-VIII-IX və X təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri tapılıb. Maddi mədəniyyət qalıqları arasında əsas yeri çay daşlarından hazırlanmış kobud çapma alətləri tutur. Daş məmulatı ilə birlikdə daşlaşmış heyvan sümükləri də qeydə alınıb. Aparılan kompleks elmi tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin VII–X təbəqəsindən tapılmış daş məmulatının dünya arxeologiyasında oxşarı olmadığı və bunların tamamilə yeni bir arxeoloji mədəniyyətə, alimlərin Quruçay mədəniyyəti adı verdiyi mədəniyyətə məxsus olması müəyyən edilib.
- Azıxda aşkarlanan maddi mədəniyyət nümunələri…
Azıx paleolit düşərgəsinin VII–X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 212 ədəd daş məmulatı tapılıb. Daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinin elmi tədqiqi zamanı Quruçay arxeoloji mədəniyyətinin bir neçə inkişaf mərhələsi olması müəyyən edilib.
Davamı olacaq…
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

