Hansı geyimlər sonsuzluq və xərçəng yaradır? Şok faktlar, qorxulu hallar…
Müasir geyimlərin milli genefondun sağlamlığına hansı təsirləri ola bilər?
Hər birimizin geyim dolabında heç olmasa bir dənə də olsa dar geyimimiz var. Ya şalvar, ya ətək, ya da dar köynək. Bəzilərimizin isə dolabı sadəcə dar geyimlərlə doludur, biz buna bəzən dəb, bəzən stil, bəzən də imic deyirik. Maraqlıdır, geyimlərimizin sağlamlığımızda etdiyi mənfi dəyişikliklər barədə bir şey bilirikmi? Bilənlərlə işimiz yoxdur, bilməyənlər üçün bu yazımızın maraqlı olacağını düşünürük.
Müasir geyimlər xərçəng, sonsuzluq və mədə xorası yaradır
İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini müəyyənləşdirmişlər. Bristol Fizioterapiya Klinikasının rəhbəri Riçard Briknellın sözlərinə görə, cins və dar şalvarlar qarının aşağı nahiyəsini sıxır, nəticədə mədə turşusu həzm borusuna qalxır və mədə qıcqırması baş verir. Bu isə sonsuzluq, mədə xorası və xərçəngə gətirib çıxara bilər.
Süni yolla qarını yığan korsetlər isə nəfəs alarkən diafraqmanın tam olaraq aşağı düşməsinə mane olur. Bu isə stress və əsəb gərginliyi yaradır. Bundan başqa sinirlərin sıxılması nəticəsində çanaq və beldə ağrılar və keyimə baş verir.
Mütəxəssislərin açıqlamalarına görə, düymə ilə bağlanan dar yaxalı köynəklər də sağlamlığa zərər verir. Çox sıx bağlanmış yaxa göz xəstəliklərinə gətirib çıxarır. Boyunda olan damarın daim sıxılması nəticəsində göz təzyiqi artır və bu da qlaukomaya səbəb olur.
Kanadada aparılan bir araşdırma zamanı məlum olub ki, yeni evlənən gənclərin 15-20 faizində aşkar olunan sonsuzluq faktları məhz müasir geyimlərin təsiri nəticəsində yaranır. Sonsuzluğun 40 faizinin kişi, 40 fazinin qadın və 20 fazinin hər ikisinin səbəb olduğu aşkarlanıb.
Lakin problem qadınların şalvar geyməsində deyil, son dövrdə hər 2 cinsin dar şalvar geyinməyə üstünlük verməsi və bunun sağlamlığa təsirləri barədədir. Belə ki, son elmi tədqiqatlar dar paltarların qadınlarda sonsuzluqdan tutmuş bir sıra təhlükəli xəstəlikləri yaratdığını təsdiq edib.
Müasir qadın geyimləri nəyə səbəb olur?
Həkim-terapevt Sahilə Hüseynova deyir ki, bel onurğamızdan çıxan 2 sinir var, əgər bunlar təzyiq altında qalsa, istiqamət aldığı ayağımızda ağrıların meydana gəlməsinə səbəb olur: “Nisbətən çəkisi çox olan insanlarda, hamilə qadınlarda və şəkər xəstələrində bu cür problem daha çox qabarır. Məhz buna görədir ki, belə insanlara dar geyimlərdən uzaq olmağı məsləhət görürük. Xüsusilə də, hamiləlik dövründə qadınlara boş alt paltarından, rahat donlardan istifadə etmək məsləhət görülür. Hamiləliyin 7-ci ayından sonra, ən əsası son aylarda körpənin başının aşağıya doğru çevrilməsi ilə əlaqədar olaraq qadınlara qarın və bel nayihəsini sıxacaq paltarlar geyinmək məsləhət görülmür. Çünki, bu halda həm ananın, həm də bətndə olan körpənin sağlamlığ üçün ciddi problemlər yaranır”.
Həkim deyir ki, qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına səbəb olur: “Rəhndə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilər. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər”.
Paltarların materialı da sağlamlığa ciddi təsir edir
Əsasən qış aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də sağlamlıq baxımından təhlükəli olduğu bildirilir. Tül corablar, günlük həyatımızda istifadə etdiyimiz kapron corablar da bu qəbildən olanlardır. Həkim deyir ki, xüsusən də revmatizm- yel xəstəliyindən şikayəti olanlar bu cür geyimlərlə öz xəstəliklərini daha da qüvvətləndirirlər. Eyni zamanda dar geyimlərin digər bir zərəri də qan dövranına maneə törətməsidir. Bu geyimə görə bədənin bəzi bölgələrinə gec çatan qan insanın üşüməsinə səbəb olur. Qadınların ayaq hissədən daha çox üşüməsi və soyuqlaması bir çox xəstəliyə səbəb olur”.
Mütəxəssis bildirir ki, xüsusilə gənc qızlar buna diqqət etməlidirlər: “Amma gözəl olmaq, incə və zərif görünmək məqsədi əsas planda olduğundan paltarlar seçilərkən onun təbilliyi və sağlamlığa təsiri nəzərə alınmır. Gənc qızların istifadə etdiyi dar paltarların parçaları bədənə yapışdığı üçün soyuq hava birbaşa bədənə təsir edir. Halbuki gen-bol bir şalvar arada hava boşluğu yaradır və çöldəki soyuq hava birbaşa bədənə təsir etmir. Tez-tez sidiyə gedən, qarın boşluğunda sancılar olan və cinsi orqanından maye gələn qadınlar bu xəstəlikləri məhz dar geyimin sayəsində qazanırlar”.
Dar şalvarlar kişilərə hansı problemlər yarada bilər?
Həkim deyir ki, kişilərin dar şalvar geyməsi isə kişi yumurtalıqlarının bədənə daha yaxın yerdə dayanmasına səbəb olur: “Yumurtaların bədəndən daha az temperaturda olması lazımdır, amma dar geyim onları bədənə sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bu vəziyyətin də sperma hüceyrələrinin hərəkətliliyinə və sayına mənfi təsir göstərdiyi sübut edilib. Sonsuzluğun başlıca səbəblərindən biri məhz budur”.
Mütəxəssis kişilərə dar şalvar geyməmələrini bir də ona görə tövsiyyə edir ki, dar şalvar və dar alt paltar geymək sperma yollarının tıxanmasına yol aça bilir: “Qeyd etdiyimiz kimi, bunun sonu da sonsuzluqla nəticələnir. Dar geyim geyinən kişilərin sonsuzluğunun eyni zamanda bir səbəbi də o geyimlə saatlarla oturaraq işləməsidir. Uzun yol sürücüləri, kompüter arxasında uzunmüddətli işi olanlar da bu qəbildən olanlardır. Dar geyimlər hüceyrələri korlaşdırır, zəiflədir. Bu cür geyimlərin qan dövranına maneə törətdiyi və bunun da toxumaların və hüceyrələrin korlaşmasına səbəb olduğu məlumdur”.
Dikdaban, darpəncəli ayaqqabılardan uzaq olun
Hər birimiz həyatımızda bir dəfə də olsa küçədə gedərkən bir qadının dikdaban ayaqqabıda ayağının büdrəməsini və topuğunu burxutmasının şahidi olmuşuq.
Araşdırmalar zamanı məlum olub ki, qadınlar qıçlarının daha uzun görünməsi, boyunun olduğundan hündür görünməsi və dəblə ayaqlaşmaq üçün dikdaban ayaqqabı geyirlər. Hətta 25-30 sm-lik dikdabanda gəzə bilən qadınlar da var.
Ortopediya mütəxəssisi Sahib Həsənovun sözlərinə görə qadın elə ayaqqabı geyməlidir ki, bir-iki saatdan sonra günün bitməsini və evə gedib ayaqqabıları çıxarmağı arzulamamalıdırlar: “Bu cür burxulmalar topuq nahiyəsinə su yığılması və sümük boşluğuna da səbəb ola bilər. Qadınlar mümkün qədər az hündürlüklü- ən çox 5 sm dabanı olan ayaqqabı geyməlidirlər. Dabanın hündürlüyü artdıqca pəncənin narahatlığı da bir o qədər artır. Nəticədə pəncəyə və barmaqlara daha çox yük düşür və barmaq əyrisi kimi problemlər yaranır. Bir qədər əvvəl Rusiyada 1900 adam arasında aparılan bir araşdırma zamanı məlum oldu ki, onların 29 fazində gənc yaşda dikdaban ayaqqabı çox geydiyi üçün ayaq və sinir problemləri yaranıb”.
Dikdaban sevənlər üçün bəzi xırda detallar
Məlumat üçün qeyd edim ki, dikdaban ayaqabı geymək istəyən, amma bunu bacarmayan qadınlar üçün Koreyada xüsusi kurslar açılıb. Biz dikdaban ayaqqabını necə geymək lazım gəldiyini öyrətmək fikrində deyilik, çünki bunun zəririni bilirik. Amma dikdabanlardan vaz keçə bilmədiyiniz halda sizə yararlı olacaq bəzi məsləhətlərimiz var. Bu ortepediya həkimi ilə müəyyənləşdirilmiş kiçik bir siyahıdır.
1. Əgər hündürdaban ayaqqabıdan əl çəkə bilmirsinizsə o zaman seçim çox olan mağazaya gedin, sizə ən uyğun olan ayaqqabını seçməkdə tənbəllik etməyin.
2. Ayaqqabının içinə silikon doşəməlik yerləşdirin, bu sizi yıxılma və topuq burxulmalarından qoruyacaq.
3. Qalın dabanlı dikdabanlar seçin, ayaqqabının dabanı nə qədər qalın olsa üzərində daşıdığı ağırlığı da bir o qədər rahatlıqla bərabər yayar.
4. Ayağınız ağrımağa başlarsa, mütləq həkimə müraciət edin.
İnsan Tanrının yaratdığı ən gözəl canlıdır. Yaradan insanın istifadə etməsi və sağlam yaşaması üçün üçün hər cür təbii nemətlər və vasitələr yaradıb. Ona görə də, geyim seçərkən onun təbii materiallardan olması, bədənin formasına uyğun olması və normal hərəkət üçün maneə yaratmamasına diqqət verməliyik. Süni vasitələrlə, əcaib geyimlərlə, qeyri-normal ayaqqabılarla bu gözəlliyə xələl gətirməklə yanaşı, həm də fiziki sağlamlığımıza ciddi zərbə vurmuş oluruq. Sağlamlıq isə bizə bəxş edilmiş ən böyük nemətdir. Süni gözəllik üçün sağlamlığımızı qurban verməyə dəyməz.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

