Beynəlxalq reytinq mərkəzləri növbəti dəfə Azərbaycanda iqtisadi islahatların nəticələrini yüksək qiymətləndirir
Azərbaycanda son 17 ildə iqtisadi sahədə mühüm layihələr icra olunub, bunun nəticəsində böyük uğurlar əldə edilib. Ötən müddətdə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı işlər görülüb, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində respublika ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun tərəqqisində əhəmiyyətli rol oynamaqla bərabər, ölkəmizin tranzit potensialını daha da gücləndirib.
Azərbaycanın bütün bu və digər uğurları, sistemli iqtisadi siyasəti, reallaşdırdığı islahatlar dünyanın aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bu məslə ilə bağlı deyib: “Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik…”.
Dövlətimizin başçısı daha sonra ABŞ-ın nüfuzlu Peterson İnstitutunun (PIIE) mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlilinin aparıldığını və Azərbaycan Dövlət Neft Fondunun bütün parametrlər üzrə beşinci yerdə qərarlaşdığını, Davos İqtisadi Forumunun hesabatında isə respublikamızın iqtisadi inkişaf, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqladığını vurğulayıb.
Beynəlxalq reytinq mərkəzləri tərəfindən Azərbaycanla bağlı təqdim olunan digər göstəricilər də sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar haqqında aydın təsəvvür yaradır.
Bununla əlaqədar bəzi faktlara diqqət yetirək. Məsələn, ötən ilin dekabr ayında Dünya Bankının Daxili Audit strukturları tərəfindən aparılan müfəssəl diaqnostika nəticəsində Azərbaycanın “Doing Business: 2020” hesabatındakı mövqeyi daha da yaxşılaşıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.
Xatırladaq ki, ilkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.
Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni – Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.
Dünya Bankının hazırladığı “İqtisadi inklüzivliyin vəziyyəti: 2021” hesabatında isə Azərbaycan həyata keçirdiyi inklüzivlik proqramları ilə digər ölkələrə nümunə kimi göstərilib.
“Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı nikbin kredit reytinqi müəyyənləşdirilib və bu, investorlarda inamı daha da gücləndirib.
“S&P Global Ratings” reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1 faiz, Dünya Bankı 1,9 faiz, Birləşmiş Millətlər Təşkilatı isə 2 faiz artacağını proqnozlaşdırıb.
“Moody’s Investors Service” şirkəti 2021-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırıb. Ekspertlər tərəfindən bu proqnozun əsas beynəlxalq təşkilatlarının (BMT, Dünya Bankı) və beynəlxalq kredit agentliklərinin (“Standard and Poor’s” və “Fitch Ratings”) gözləntilərindən daha yüksək olduğu vurğulanıb.
Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən ABŞ-ın nüfuzlu Peterson İnstitutunun (PIIE) tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan “Suveren fondların şəffaflıq və hesabatlılıq üzrə qiymətləndirilməsi: 2019” cədvəlində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb. Bu, o deməkdir ki, neft və qaz gəlirlərinin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədilə yaradılan ARDNF fəaliyyətə başladığı müddətdən bəri ölkəmizin sosial-iqtisadi həyatında önəmli rol oynamaqla bərabər, vəsaitlərin idarə edilməsi, idarəçilik, institusional quruculuq, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq səviyyədə örnək qurum kimi tanınaraq ən ali mükafatlara layiq görülüb və Azərbaycanın nüfuzunun yüksək səviyyədə qorunub saxlanılmasına əhəmiyyətli töhfə verib.
Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu İRS Fondu (Heritage Foundation) tərəfindən “İqtisadi Azadlıq İndeksi–2021” hesabatında da respublikamızın iqtisadi sahədə əldə etdiyi müsbət nəticələr öz ifadəsini tapıb.
Adı çəkilən fondunun hesabatında Azərbaycanın həm mövqeyində, həm də topladığı balla ciddi irəlilləyişlər qeydə alınıb. Qiymətləndirməyə görə, Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.
Hesabatda iqtisadi azadlıq indeksinə görə, Azərbaycandan bir pillə öndə Belçika, bir pillə sonra isə İspaniya yer alıb. Bununla da respublikamız Avropada bir sıra ölkələrdən daha yaxşı mövqeyə sahib olub. Belə ki, Polşa 41-ci, Rumuniya 43-cü, Sloveniya 48-ci, Portuqaliya 52-ci, Macarıstan 55-ci, Slovakiya Respublikası 61-ci yerdə qərarlaşdığı halda, Azərbaycan 40-cı sırada yer alıb.
Yeri gəlmişkən, İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi–2020” hesabatında isə Azərbaycan “İqtisadi Azadlıq İndeksi” “Qanunun aliliyi”, “İdarəetmənin səmərəliliyi”, “Dövlətin ölçüsü”, “Bazarın əlçatanlığı” kimi əsas indikatorlar və onların alt-indikatorları daxil olmaqla ümumilikdə 12 göstərici əsasında 180 ölkə arasında 44-cü yerdə qərarlaşmışdı. Bununla da respublikamız Asiya-Sakit Okean regionu ölkələri sırasından çıxarılaraq Avropa regionuna daxil edilmişdi.
Beləliklə, yuxarıda nəzərdən keçirdiyimiz 2020- 2021-ci illər üzrə hesabatlarda ölkəmizin mövqeyinin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, kompleks və köklü iqtisadi islahatlara verilən beynəlxalq qiymətdir.

