“Russkiy yazık”, “Literatura” və “Fizika” dərsliklərində rəsmən ciddi nöqsanlar tapıldı

Kamran Əsədov: “Son illər tenderə daxil olan dərsliklərin məzmun və keyfiyyət baxımından çox kasad olduğunu görürük”

Azərbaycanda hələ də dərslik məsələsində ciddi nöqsanlar, çatışmazlıqlar müşahidə edilir. Baxmayaraq ki, bu məsələ hər zaman müzakirə edilib və əlaqədar qurumlar tərəfindən onun aradan qaldırılması üçün tədbir görüləcəyi vəd olunub, amma hələ də bu sahədə ayrı-ayrı dərsliklərin timsalında problem özünü göstərməkdədir.

Orta məktəb dərslikləri hazırlanarkən süzgəcdən keçirilməli, nəşrə qədər bütün problemlər, uyğunsuzluqlar aradan qaldırılmalıdır ki, dərslik nəşr edilərək şagirdlərin ixtiyarına verilsin. Dərsliklər sahəsində ciddi problemlərin davam etməsi təəssüf doğurur.

“Bakupost.az”ın yaydığı məlumata görə, Dövlət İmtahan Mərkəzində respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif “Russkiy yazık”, “Literatura” və “Fizika” dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb və qüsurlar aşkarlanıb.

DİM-dən bildirilib ki, fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib. Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib.

Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

Adları qeyd edilən dərsliklər də qeyd edilməklə, ümumiyyətlə, orta məktəb dərsliklərinin çoxunda ciddi qüsurlar diqqəti cəlb edir.

Müşahidə edildiyi kimi, dərsliklərimizdəki problemlər bitib tükənmək bilmir. Bu məsələni ictimailəşdirərkən heç də dövlətin dərslik siyasətini qaralamaq niyyəti güdmürük, sadəcə, dövlət vəsaiti ilə hazırlanıb çap olunan dərsliklərin oraya şikəst vəziyyətdə çıxarılması və bu şəkildə də şagirdlərə təqdim edilməsi təəssüf doğurur.

Ekspertlər deyirlər ki, çox zaman dərslik hazırlayan şəxslər onların ərsəyə gətirdiyi dərsliklərdə müşahidə edilən qüsurların qeyd edilməsini özlərinə qarşı qərəz hesab edirlər, halbuki, bunun onların diqqətinə çatdırılması işin xeyrinədir.

  • burada problem ciddidir”

Tanınmış təhsil eksperti Kamran Əsədov hesab edir ki, bütün dərsliklərə Təhsil Nazirliyinin aidiyyəti şöbəsi nəzarət etməlidir. “İlk növbədə qeyd edim ki, dərsliklər təhsil siyasətinin əsaslarını təşkil edir. Çox təəssüflər olsun ki, bu sahədə Təhsil Nazirliyinin müvafiq şöbəsi tələb olunan öhdəliyi yerinə yetirə bilmir. Bu da çox ciddi bir qüsurdur. Yəni orta ümumtəhsil məktəblərində yararsız dərsliklər istifadəyə verilir. Bunun əsas səbəbkarı, birmənalı olaraq, Təhsil Nazirliyidir, çünki onlar sahəsinə mütəxəssisləri cəlb etmirlər və yekunda, nəticədə yarasız dərsliklər bizim orta ümumtəhsil məktəblərimizə daxil olur. Hesab edirəm ki, burada mütləq şəkildə vahid bir prinsip yaradılmalıdır.

Qeyd olunan dərsliklərin hər biri yalnız rus bölmələri üçün nəzərdə tutulur, digər dərsliklərdə ona görə o qədər ciddi problemlər olmur ki, onların orijinal variantı və versiyası Azərbaycan dilindədir və onlar rus bölmələri üçün tərcümə olunur. Amma xüsusi olaraq “Russkiy əzık”, “Literatura” və “Fizika” konkret rus bölməsi üçün yazıldığına görə, əlbəttə burada problem ciddidir. Nəzərə alaq ki, bu dərslikləri oxuyan şagirdlər sabah əmək bazarına daxil olacaqlar və biz onları çox ciddi informasiyadan məhrum etmiş oluruq. Hesab edirəm ki, dərslik siyasəti mütləq olaraq dəyişməlidir və qüsurlar dərslikləri yoxlayan ekspertlərin, eləcə də müəlliflərin kurikulum standartlarından xəbərsiz olduğunu və o cümlədən də dərslik strategiyasından anlayışlarının olmadığının göstəricisidir. Əlbəttə, bu problem həll oluna biləcək bir məsələdir, həlli çətin deyil. Çox təəssüflər olsun ki, son illər tenderə daxil olan dərsliklərin məzmun və keyfiyyət baxımından çox kasad olduğunu görürük”.

K.Əsədov hesab edir ki, problemdən çıxış üçün biz dünya təcrübəsindən istifadə etməliyik və müxtəlif fənlər üzrə mütəxəssislər dərslik mərkəzlərinə cəlb edilməlidirlər. “Bu gün dərsliklər nəşriyyatlarda yazılır və tenderə qoşulur. Bu zaman, təbii ki, tenderə qoşulan dərsliklərin sayının azlığı hətta keyfiyyətsiz olsa belə, onlardan birini seçərək orta məktəblərə göndərilməsi təcrübəsindən istifadə edilir. Fikrimcə, bu təcrübə yanlışdır. Biz yalnız tələb olunan standartlara cavab verən dərslikləri orta məktəblərə buraxmalıyıq. Bu gün hətta yararsız dərsliklərin belə orta ümumtəhsil məktəblərində istifadə imkanı var və bu da çox təhlükəli bir tendensiyadır. Yenə də demək istəyirəm ki, təhsil siyasətinə baxış mütləq dəyişməlidir. Biz görürük ki, qəbul və buraxılış imtahanlarında şagirdlər dərsliklərdən çox hansısa müəlliflərin vəsaitlərindən istifadə edirlər, çünki orada daha çox izahat, vəsaitin dili də daha anlayışlı olur. Amma orta məktəb dərsliklərinin dili ağırdır, akademik çəkisi yüksəkdir” – deyə K.Əsədov qeyd etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir